Bakı Dövlət Universitetində (BDU) Koreyanın Pusan Milli Universitetinin tədqiqatçı-professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Beynəlxalq Proteomiks” laboratoriyasının müdiri İsmayıl Zülfüqarov BDU-nun tələbələri üçün “COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçib.

 

Universitetdən bildirilib ki, videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev pandemiya ilə mübarizədə atılan effektiv və məqsədyönlü addımlar barədə ətraflı məlumat verib.

 

“COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda ustad dərsi verən professor İsmayıl Zülfüqarov koronaviruslar  və onların təkamül dinamikası, COVİD-19 pandemiyasının diaqnostika və müalicə üsulları, pandemiyalar, mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin gələcək inkişaf perspektivləri, yeni koronavirusların yaranması barəsində təqdimatla çıxış edib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan dərsi 100-ə yaxın iştirakçı dinləyib.

 

Qarşılıqlı diskussiya şəraitində keçən ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.