Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda Kimya ixtisası üzrə magistrlik dissertasiyalarının müdafiəsinə dair  İxtisaslaşdırılmış Şuranın Zoom proqramı vasitəsilə onlayn iclası keçirilib.

 

İnstitutdan bildirilib ki, iclasda Neft-Kimya Prosesləri İnstitutunun 3, Aşqarlar Kimyası İnstitutunun 2, Radiasiya Problemləri İnstitutunun 1 magistrantı dissertasiya işlərini müdafiəyə təqdim ediblər.

 

“C4-C8 dialkilaminlərin üzvi və qeyri-üzvi komplekslərinin sintezi və tədqiqi”, “Reduksiya olunmuş qrafen oksidin katalitik iştirakı ilə neft karbohidrogenlərinin oksidləşməsi prosesinin tədqiqi”, “Termal suların ekoloji əlverişli istifadəsi üçün çoxfunksiyalı reagentlərin sintezi və tədqiqi”, “Rodanidlərin yeni törəmələrinin sintezi və tədqiqi”, “Asetofenonun tioqlikol turşusu və aminlərlə üçkomponentli reaksiya məhsullarının sintezi və aşqar kimi tədqiqi” və  “Triptofanın sink kompleksinin radioqoruyucu təsirinin öyrənilməsi” mövzularında dissertasiya işləri müdafiə olunub.  

 

Magistrantların təqdimatından sonra İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvləri tərəfindən magistrantlara suallar verilib. Suallar cavablandırıldıqdan sonra magistrantların dissertasiya işlərinin aktuallığı, praktiki əhəmiyyəti, elmi yeniliyi, tələbələrin təqdimat və tədqiqatçılıq bacarıqları müzakirə olunub. Magistrantların təqdimatları ətrafında müzakirələrdən sonra açıq səsvermə keçirilərək müdafiə olunan dissertasiya işləri qiymətləndirilib. Magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şura qiymətləndirmənin nəticələri əsasında magistrantların hər birinə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edib.

 

Qeyd edək ki, iclasda şura üzvləri ilə yanaşı, AMEA-nın akademik-katibi  Əminağa Sadıqov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi Fail Kazımov, idarənin Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev iştirak ediblər.