Hüseyn Abdullayev: "Buraxılış imtahanı mənim üçün daha həlledici və çətin mərhələ idi"


Mart ayından bütün dünyada tüğyan edən koronovirus pandemiyası təhsil prosesinə, eləcə də ümumtəhsil müəssələrinin məzunlarının buraxılış imtahanlarının gedişinə də təsirsiz ötüşməyib. Bununla belə, vaxtında görülmüş tədbirlər nəticəsində məsafədən təhsil texnologiyalarının tətbiqi həyata keçirilmiş və sonda zəruri sanitar-təcrid tədbirləri gözlənilməklə məzunların  buraxılış imtahanlarının birinci mərhələsini keçirmək mümkün olub.  Üstəlik, bu çətin şəraitdə yaxşı nəticə ortaya qoyanlar da var.   

 

Belə ki, Dövlət İmtahan Mərkəzinin XI sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrinə əsasən, Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin builki məzunu Hüseyn Abdullayev 300 bal toplayaraq maksimal nəticəyə nail olub…

 

Hüseyn Abdullayev Ağsu rayonunda anadan olub. Orta təhsilinə Xətai rayonu 264 nömrəli tam orta məktəbdə başlasa da, III sinifdən təhsilini Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə davam etdirib. Hüseyn “Əlaçı” televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, “Xəmsə” verilişinin isə iştirakçısı olub. Bundan başqa, bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıdır. İstedadlı yeniyetmə ilə qısa söhbətimiz də buraxılış imtahanlarında  göstərdiyi uğurlu nəticə ilə bağlı oldu.  

 

- Bu il  buraxılış imtahanları arzuolunmaz situasiyada keçirildi. Necə hazırlaşdın imtahanlara? Qarşıdakı imtahana necə gedirsən?

- Təəssüf ki, pandemiyaya görə dərslər mart ayından etibarən dayandırıldı və imtahanlar təxirə salındı. Təbii ki, bu, hər bir abituriyent üçün arzuolunmaz hal idi. İmtahana hazırlıq prosesində sistemli və nizamlı dərs oxuma vərdişlərimdən kənara çıxmadan yoluma davam etdim.

 

Bu pandemiyaya bir şans kimi baxdım, pozitiv düşündüm ki,daha da yaxşı hazırlaşa bilərəm və buna vaxtım artdı. Təbii ki, hədəfim 700 baldır. Buraxılış imtahanı mənim üçün daha həlledici və çətin mərhələ idi. 300 bal toplayandan sonra qarşıdakı imtahana daha özgüvənli, daha inamlı gedirəm, çünki çətin mərhələ uğurla başa çatdı.

 

-Necə düşünürsən, onlayn  tədris sənin imkanlarını məhdudlaşdırdı, yoxsa genişləndirdi? Təhsil Nazirliyinin Virtual məktəb və Virtual əlaçı kimi layihələrini necə qiymətləndirirsən?

- Onlayn dərslərlə bağlı  deyə bilərəm ki, ilk dəfə təcrübə olunurdu və buna görə də bəzi problemlər yaşadıq, bu da normal haldır. Bu təcrübənin gələcək illərdə daha uğurlu olacağına inanıram. Təhsil Nazirliyinin təqdirəlayiq layihələri şagirdlərin özünüinkişafı baxımından çox yaxşı təcrübədir.

 

- İmtahanlara hazırlıq mərhələsində məsləhət üçün kimə müraciət edirsən?

- Dərslərdə çətinlik çəkdiyimdə, təbii ki, müəllimlərimə müraciət etdim və hər zamankı kimi çox böyük dəstək oldular. Valideynlərimə isə daha böyük minnətdarlıq düşür,  çünki heç bir zaman psixoloji cəhətdən geriləməyimə  izn vermədilər.

 

- İmtahanlara hazırlaşan həmyaşıdlarına nə kimi tövsiyələrin var?

- Abituriyentlərə məsləhətim odur ki, onlar yəqin,  imtahana yetəri qədər hazırlaşıblar, bu baxımdan  tələb olunan, sadəcə imtahan günü pozitiv olmaqdır.  Çünki  hər hansı mənfi əhval-ruhiyyə  onlara imtahanda böyük problem yarada  bilər.

 

- Kitablara münasibətin…

- Kitablar,  sadəcə günlük həyatımın ayrılmaz hissəsidir.

 

- Gələcək hədəflərin barədə nə deyə bilərsən? Özünü harada və hansı elm sahəsində görürsən?

- Gələcək hədəfim Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olunmaqdır. Daha sonrakı hədəflərimə  BANM-in dəstəyi ilə təhsilimi xaricdə davam etdirmək daxildir. İxtisas isə çox güman ki, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və ya İnformasiya təhlükəsizliyi  olacaq.  Bunlara cavab ikinci imtahandan sonra dəqiqləşəcək.

 

Oruc MUSTAFAYEV