Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov və Bitki sistematikası şöbəsinin böyük elmi işçisi, dosent Həmidə Seyidovanın məqaləsi Türkiyənin Qafqaz Universitetinin Təbiət və Tətbiqi Elmlər İnstitutunun jurnalında dərc olunub.

 

“Naxçıvan Muxtar Respublikası florasında paxlakimilər fəsiləsinin məhvolma təhlükəsində olan növləri” adlı məqalədə göstərilir ki, paxlalılar fəsiləsi floramızda cins və növlərinin sayına görə ən böyük fəsilələrdən biri olmaqla yanaşı, faydalı növlərinin çoxluğu ilə də fərqlənir. Cinslərə daxil olan növlərin çoxu fitosenozların başlıca dominant və subdominant bitkilərindən biri kimi formalaşaraq qiymətli yem, eyni zamanda, nadir və endemik bitkilərdir.

 

Qeyd olunur ki, Naxçıvanda 2014-2018-ci illərdə aparılan araşdırmalar nəticəsində paxlalılar fəsiləsinin endemik növləri aşkar edilib. Ümumiyyətlə, muxtar respublika ərazisində bu fəsilənin 46 cinsə aid 258 növü yayılıb. Bunlardan 15 növü Naxçıvanın “Qırmızı Kitabı”na daxil edilib, 9 növ isə endemikdir.

 

Məqalədə paxlalılar fəsiləsinə daxil edilmiş nadir və məhvolma təhlükəsi altındakı növlərin yayılma zonaları, məhvolma səbəbləri verilib, xəritələri tərtib edilib, həmçinin mühafizə yolları göstərilib.