Fransa klinik sınaqların aparılması üçün startapa 15.7 milyon dollar vəsait ayırıb


Fransanın “Carmat” startapının yaratdığı yeni layihə ürək çatışmazlığı olan insanlara kömək edəcək.

 

Fransa istehsalı olan süni ürək həqiqi ürəyin funksiyalarını imitasiya edir və protezdən, batareyalardan və onu idarə edən pultdan ibarətdir. Protezin özündə qan axınını asanlaşdıran dörd bioloji klapan, iki mədəcik, iki mikronasos və yeridilmiş datçiklər vardır.

 

Şirkət bu cihazın uzunmüddətli dəstək verə və ürək nəqli əməliyyatından öncə istifadə edilə biləcəyini hesab edir. “Carmat”ın baş direktoru Stefan Pia Avropanın beş ölkəsində (Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya) ən azı 2 min xəstənin ürək transplantasiyası üçün gözləmə növbəsində olduğunu söyləyib. Şirkət ürək çatışmazlığı olduğu təqdirdə, sağ qalma ehtimalının bir il ərzində 50%-dən az olduğunu qeyd edir. Bütün dünyada 26 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir və ildə yalnız 5500 xəstəyə ürək transplantasiyası əməliyyatı keçirilir.

 

Yeni texnologiya ilk növbədə Almaniya və Fransa sakinləri üçün əlçatan olacaq. Cihaz “Aeson” ticarət markası altında satılacaq. Ürək çatışmazlığı xəstələrinin 55%-i bu ölkələrdə yaşayır.

 

Ürək çatışmazlığı sindromunun yayılması koronavirusun yeni növünün aşkar edilməsindən sonra daha da şiddətlənib. Məsələn, İtaliyada Covid-19 nəticəsində ölənlərin üçdə biri müxtəlif ürək xəstəliklərindən əziyyət çəkib.

 

2020-ci ilin martında “Carmat” süni ürək almış və iki il müddətində nəzarət altında olmuş xəstənin nəticələrini açıqlayıb və bu təcrübənin uğurlu olduğunu bildirib. Fransa 2021-ci ilin ikinci rübündə klinik sınaqların aparılması üçün startapa 15.7 milyon dollar vəsait ayırıb.

 

“Bloomberg” agentliyi qeyd edir ki, “Carmat” səhmləri cihazın satışa çıxarılmasından sonra təxminən 66%  artıb, kapitallaşması isə 496 milyon dollara çatıb.

 

Satışların 2021-ci ilin ikinci rübündə başlayacağı bildirilir.