Ömürboyu yığdığı 1 milyon dolları uşaqlara vəsiyyət etdi


ABŞ-ın  Dyumont (Nyu-Cersi ştatı) şəhərinin dövlət  məktəbləri idarəsindən bildirilib ki, Jenevyeva Via Kava adlı müəllim ali təhsil almaq arzusunda olan, lakin psixofiziki inkişaf xüsusiyyətləri buna imkan verməyən uşaqlara yardım göstərilməsi  üçün xeyriyyə  fondunun yaradılması məqsədilə 1 milyon dollar həcmində miras qoyub. 

 

Pedaqoq yeddi il əvvəl 89  yaşında vəfat edib, onun vəsiyyətinin məzmunu haqqında isə yalnız indi - xeyriyyə  fondu yaradıldıqdan sonra məlum olub. Müəllimin qoyduğu bir milyonluq əmanətdən  əldə olunan faizlər hesabına  hər il ən azı bir tələbə ali məktəbdə təhsil haqqı ödənişi üçün 25 min dollar  qrant alacaq. "New York Times"in məlumatına əsasən,  pulun ödənməsinə 2019/2020-ci tədris ilindən  başlanacaq.

 

1945-ci ildən başlayaraq Via Kava Nyu-Cersidə bir neçə  on il ərzində inkişaf xüsusiyyətləri ilə seçilən uşaqlar üçün məktəbdə müəllimlik edib. Qadının yaxın dostlarından birinin sözlərinə görə, o, bütün həyatı boyu  pul yığıb və özünə heç bir artıq xərci rəva görməyib. Bu isə ona maaşının o qədər də çox olmamasına baxmayaraq, belə böyük məbləği yığmağa kömək edib. Çox sadə həyat sürən müəllim hətta eşitmə aparatı və məzuniyyətlərdən də imtina edib.

 

Oruc MUSTAFAYEV