44 günlük Vətən müharibəsində işğal altında olan bütün torpaqlarını azad, sərhədlərini bərpa edən, Şanlı Qələbə qazanan Azərbaycan xalqı dövlətçilik tariximizə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Gününu bu il özünəməxsus təntənə ilə daha möhtəşəm, tam Qurtuluş bayramı kimi qeyd edir.

 

Azərbaycan xalqı müstəqil dövlət qurmağı özünə ən müqəddəs arzu, amal bilmiş və onun gerçəkləşməsi uğrunda əsrlərlə mətanətlə mübarizələr aparmış, milyonlarla vətənpərvər igidlərimiz bu sevdaya canlarını qurban vermişlər. Xalqımızın müstəqillik uğrunda apardığı bütün mübarizələrdə qazandığı ən böyük zəfəri, şərəfli anı, önəmli tariximiz - Milli Qurtuluş Günüdür.

 

Milli Qurtuluş Gününə qədər olan nə varsa yalnız xəyaldır. Möhtəşəmliyi, əzəməti ilə xalqımızın taleyində özünəməxsus yeri olan bu  gün, ictimai, siyasi və bir tarixi hadisədir.

 

Bu gün uzun illər zülmətə və ümidsizliyə qərq olmuş bir məmləkətə Günəşin doğduğu, onun övladlarının ayağa qalxıb inamla “Biz də varıq, bu, bizim Vətənimizdir” dediyi gündür.

 

Bu gün, müstəqillik xəyallarının yenidən gerçəkliyə qovuşduğu, “Azərbaycan, of sağalmaz yaram hoy...” deyən Almas İldırımların, Vətəndən didərgin düşən Cümhuriyyət qurucularımızın müqəddəs ruhlarının rahatlıq tapdığı bir gündür.

 

Bu gün xoşbəxt gələcəyimizin təməli və xeyir-duaçısı milli birliyimizin ünvanı olan Müstəqil Azərbaycan dövlətinin dünyaya yenidən gəldiyi gün, bütün şərəfli ömrünü Azərbaycan dövlətinin müstəqilliyinin inkişafına  həsr etmiş, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə tarixə çevrilən bir zamandır.

 

Sovetlər birliyi dağıldıqdan sonra, müttəfiq respublikaların hər biri müstəqillik qazandı. 1991-ci ilin oktyabrında Azərbaycan Sovet Sosialist Respublikası da müstəqil dövlətə-Azərbaycan Respublikasına çevrildi. Azərbaycan xalqı müstəqillik əldə etsə də, o dövrdə mövcud hakimiyyət buna lazımınca dəyər və qiymət verə bilmədi. O illərin acı xatirələri hələ də yaşlı nəslin yaddaşındadır. Onları əsla nə unutmaq, nə də yaddan çıxarmaq mümkündür. Ən yadda qalanlar isə xaos-dərəbəylik, “hüdudsuz demokratiya”, müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərclik, hakimiyyət uğrunda aparılan mübarizələr, vətəndaş müharibəsi təhlükəsi... Ümidsizlik və kimsəsizlik içində qalan xalq, itirilən torpaqlar, ölən cavanlar, axan göz yaşları, bir-birindən bəd gələn xəbərlər... Və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin itirilməsi təhlükəsi idi.

 

Belə bir vaxtda xalqımız bütün çətinliklərə baxmayaraq, öz azadlıq mübarizəsini daha əzmlə davam etdirirdi. Min bir çətinliklə Vətənə qayıdan Heydər Əliyev böyük xalq sevgisi ilə qarşılandı. Ulu Öndərin qayıtması ilə xalqımızda bir canlanma yarandı, gələcəyə inam baş qaldırdı. Bundan vahiməyə düşən mövcud hakimiyyət min bir yolla onun Bakıda qalmasını əngəllədi. O, məcburən Naxçıvana getməli oldu.

 

Heydər Əliyev tezliklə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçildi. Onun siyasi iradəsi nəticəsində üçrəngli bayrağımız ilk dəfə rəsmi olaraq Ali Məclisin binasında dalğalandı. Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bu, SSRİ miqyasında mövcud hakimiyyətə qarşı ən cəsarətli ilk addım idi.

 

Naxçıvanda müstəqillik uğrunda atılan bu cür qətiyyətli addımlar bütöv Azərbaycanı hərəkətə gətirdi, milyonlara qol-qanad, güc-qüvvə verdi. Görülən işlərin müjdəsi ellərə ildırım sürəti ilə yayılırdı. Hamı Naxçıvanda baş verənlərə, qazanılan böyük uğurla ilk başlanğıc, yeni ümid işığı kimi baxırdı.

 

1993-cü ilin çətin və ağır bir zamanında müdrik Azərbaycan xalqı, başda ziyalılar olmaqla, ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Xalqın təzyiq və təkidi ilə mövcud hakimiyyət hamının ümid və inam yeri olan, beynəlxalq aləmdə böyük nüfuz qazanmış, dünya şöhrətli siyasətçi  Heydər Əliyevə müraciət etdi. Bütün şərəfli ömrünü xalqının və Vətəninin inkişafına bəxş edən Heydər Əliyev xalqın səsinə səs verdi və öz xilaskarlıq missiyasını həyata keçirdi.

 

Məhz 15 iyun 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı dövlətimizi və xalqımızı bütün bəlalardan xilas etdi, yeni bir dövrün, inkişaf və tərəqqinin əsasını qoydu. Onun rəhbərliyi ilə geniş islahatlar vüsət aldı. Sovetlər Birliyinin dağılması ilə birgə dağılan iqtisadiyyatımızın, digər sahələr kimi təhsil sistemimizin də yenidən qurulmasına böyük ehtiyac var idi. Bütün dövrlərdə təhsilin inkişafına xüsusi dəyər verən dahi şəxsiyyətin diqqətindən bu önəmli məsələ yayına bilməzdi. Milli Qurtuluşun ilk günlərində Heydər Əliyev mövqeyini birmənalı olaraq bildirdi: “Müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin yaradılması üçün köklü islahatların həyata keçirilməsi zəruri və təxirəsalınmazdır”.

 

Heydər Əliyevə olan böyük el məhəbbəti hər bir kəsin ilham mənbəyinə çevrildi. Hər bir kəs böyük ruh və inamla Ulu Öndəri öz yanında, özünü isə onun yanında bildi. Ölkə iqtisadiyyatında bir canlanma başladı, kəndlər, şəhərlər dirçəldi, çiçəkləndi, uğurlar bir-birini əvəz etdi. Dünya ölkələri Azərbaycan Respublikasına müstəqil, demokratik və dünyəvi bir dövlət, layiqli tərəfdaş kimi inam və etibarla baxmağa başladılar. Qədim tarixə və mədəniyyətə malik olan bir xalqın dövlət müstəqilliyinin təməli bir sevgi-inam əminliyi ilə quruldu. Ulu Öndərin Vətən sevgisi, möhkəm iradəsi, dövlətimizin parlaq gələcəyinə olan böyük inamı ilə yoğrulan:”Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” deyə söylədiyi fəlsəfi fikirləri hər bir azərbaycanlı üçün əsas şüar, əsas meyar oldu.

 

Heydər Əliyev bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə-xalq sevgisi qazanaraq ümummilli liderə çevrildi. Onun ən böyük dahiyanə əsəri isə hər bir ölkə vətəndaşının, eləcə də dünyada yaşayan milyonlarla azərbaycanlının əsl Vətəni, “Müstəqil Azərbaycan dövləti” oldu.

 

Müdrik  dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin gələcəyi naminə özünün layiqli varisi-İlham Əliyevə olan böyük inamını ona əminliklə inanan xalqına bildirdi. Qədirbilən xalqımız belə bir tarixi məqamda İlham Əliyevin simasında  yeni lideri sevinclə, tam əminliklə qarşıladı. Çox keçmədi, gözləntilər özünü doğrultdu. Qazanılan uğurlar bir-birini əvəzlədi, sosial-iqtisadi inkişaf hər tərəfdə özünü göstərdi. Xalqımızın daha böyük arzularına, ən yaralı yerimiz olan Qarabağ probleminin həllinə də hər kəsin qəlbində bir inam işığı yandı.

 

2020-ci ilin sentyabr ayının 27-də erməni təxribatına cavab olaraq ordumuz həyəcan siqnalı ilə ayağa qalxdı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuzun-igidlərimizin uca zirvələrə sancdığı üçrəngli Qələbə bayrağı işğal olunmuş torpaqlarımızın hər bir yerində qürurla dalğalanaraq bu torpaqların kimə məxsus olduğunu düşmənlərimizə və dünyaya əminliklə bir daha bildirdi.

 

Bu möhtəşəm qələbə Vətənimizin hər bir övladına əbədi bir qurtuluş baharı, azərbaycanlı olmaq ucalığı və şərəfi bəxş etdi. Bütün uğurlarmızda olduğu kimi, bu qələbənin də təməlində xalq-dövlət birliyi, Ali Baş Komandana-İlham Əliyevə olan ümumxalq sevgisi və sonsuz inam dayandı. Bu ilahi sevgi və inam bizləri bir yumruq altında-döyüşən xalq kimi birləşdirdi. Biz bir ola bildik. Hər bir azərbaycanlı özünü bu gün əvvəlki illərdən çox xoşbəxt və bəxtəvər hesab edir, indi daha əminliklə və qürurla ucadan deyir: “...fəxr edirəm ki, mən azərbaycanlıyam”.

 

Qalib Azərbaycan Respublikası özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin: “Biz elə güclü iqtisadiyyat yaratmalıyıq ki, o iqtisadiyyat ölkəmizin uzunmüddətli inkişafını təmin etsin” çağırışı bütün fəaliyyətimizin əsas istiqamətidir. İndi cəbhənin ön xətti sərhədlərdən deyil, təhsildən keçir. Gəncliyimiz çiçəklənən Vətənimizin böyük uğurlarına imza atmaq üçün daha əzmlə çalışmalı, hünər göstərməlidir. Elə yaşayıb yaratmalıyıq ki, vətənimizin uğurları, sevinci bol, iqtisadi və hərbi gücü isə tükənməz olsun. Vətənə xidmət göstərmək kimi müqəddəs bir işdə xalqımızın sevimli oğlu, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu hər birimiz üçün Vətən ünvanlı və Vətən sevdalı bir məktəbdir.

 

İndi dünya Azərbaycanımıza heyranlıqla baxır. Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını xüsusilə vurğulaması qalib ölkənin iqtisadi qüdrəti ilə bağlı dünyaya növbəti bir mesaj oldu.

 

Bütün sahələrdə hər gün qazanılan uğurlarmız növbəti uğurlarımızın astanasıdır. Milli Qurtuluş Gününün təntənəsi ilə gündən-günə çiçəklənən qalib Vətənimizin - Müstəqil Azərbaycan dövlətinin ən böyük uğurları isə hələ qabaqdadır. Bu gün xalqımız Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əbədi, sarsılmaz, dönməz olmasına sonsuz əminliklə inanır.

 

Vidadi  ORUCOV,

pedaqogika üzrə elmlər doktoru