Təlimin məzmununu, strategiyalarını, qiymətləndirmə mexanizmlərini birləşdirən konseptual sənəd


“İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın”. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi bu fikirlər kurikulum təhsil proqramının həyata keçirilməsində nəinki öz əksini müvəffəqiyyətlə tapıb, həmçinin Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kurikulum islahatını zəruri edən amilə çevirib. Dünya təhsil sisteminə inteqrasiya etdiyimiz bir vaxtda təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması zərurətini yaradıb. Kurikulum təhsilin son məqsədini, məqsədlərə çatmaq üçün yolları, bu yolların effektivliyini yoxlamaq üsullarını özündə birləşdirən, təhsil prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli və məqsədyönlü təşkilinə hərtərəfli imkan yaradan konseptual sənəddir.

 

Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir, insanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycanda təhsil sahəsində islahatlar məhz bu məntiqə uyğun olaraq pillə-pillə aparılır.

 

Bu gün dünyanın mütərəqqi təhsil modeli kimi kurikulum ölkəmizdə də uğurla tətbiq edilir. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılırsa, bizim ölkəmizdə də kurikulum artıq milli təhsilimizin fundamentinə çevrilib. Texnoloji nailiyyətlərə söykənən çağdaş dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin hədəfləri sürətlə dəyişir. Belə ki, intellektin, məntiqin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında bilik və bacarıqlarla bərabər dəyərlər bugünkü təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir.

 

Hazırda ölkəmizin təhsil sistemində kurikulum islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir. Bu modelin özəlliyi ondadır ki, o, təlimin məzmununu, strategiyalarını, qiymətləndirmə mexanizmlərini və s. birləşdirməklə konseptual xarakter daşıyır. Bütün resursların yaradılmasında, təlim prosesinin təşkili və aparılmasında baza rolunu oynayır və dərslikləri tərtib edənlərdən başlayaraq təlim prosesində qiymətləndirmə ilə məşğul olan bütün mütəxəssislərə qədər insanların fəaliyyətini istiqamətləndirir. Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir ki, bu da müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Kurikulum əslində müəllimin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçündür. 

 

Xarakterinə görə iki yerə ayrılan təhsil kurikulumlarından birincisi fənyönümlü kurikulumdur. Fənyönümlü kurikulum məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Fənyönümlü kurikulum praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlılıq səviyyəsi çoxalır.

 

Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu modelə görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir. Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutulur. Bu təlim inteqrativ məzmunu ilə seçilir. Oradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin formalaşması üçün əhəmiyyət kəsb edən və bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür.

 

Çağdaş məktəbin müəllimi ümumtəhsil məktəblərində artıq 2008-ci ildən reallaşdırılmağa başlanılan kurikulum standartlarının tələblərinə uyğun bir səviyyədə peşəkar əmək fəaliyyətinə qoşulub. Odur ki, peşəkar kadr hazırlığının müasir tələbləri olan şəxsiyyətyönümlü və nəticəyönümlü təhsilin tələblərinə cavab verə biləcək, müasir bilik və bacarıqlara, yeni texnologiyalara mükəmməl yiyələnmiş ixtisaslı təhsilverənlərin hazırlığı fəaliyyətimizdə prioritet sahədir.

 

Milli təhsilimizin dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə inteqrasiyası günümüzün reallığıdır. Bu, təhsil işçilərini “Təhsil strategiyası”nın uğurla həyata keçirilməsi sahəsində məsuliyyətimizin daha da artırılmasına və əməli fəaliyyətimizin gücləndirilməsinə daim tələbkar və prinsipial mövqedən yanaşmağa sövq edir.

 

Leyla RÜSTƏMOVA,

314 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi