Azərbaycan Milli Elmlər Akademiyasının  Polimer Materialları İnstitutunda (PMİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə institutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor  Bəxtiyar Məmmədov, baş mühəndis, dosent Tahir Alxazov, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov və UFAZ-ın Tədqiqat şöbəsinin müdiri Filip Türek, Kimya mühəndisliyi üzrə diplom meneceri Christophe Serra, Təhsil şöbəsinin rəhbəri Lətifə Nəsibova və baş katib Elizaveta Bydanova iştirak ediblər.     

        

Görüşdə UFAZ-ın Kimya mühəndisliyi magistratura proqramında təhsil alan tələbələrinin PMİ-də təcrübə imkanları müzakirə olunub.

 

Bəxtiyar Məmmədov rəhbərlik etdiyi institutun ali məktəblərlə, o cümlədən UFAZ-la əməkdaşlığının möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb, institutda tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri üçün hər cür şəraitin olduğunu bildirib.

 

UFAZ-ın əməkdaşları da öz növbələrində PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları, onlarda praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən danışıblar.