Azərbaycan Dillər Universitetinin (ADU) Rektoryanı Şurasının növbəti iclası keçirilib.

 

İclasda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik Arye Quta Azərbaycan Dillər Universitetinin “Fəxri professoru” diplomu təqdim olunub.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Arye Qut beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının, İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədbirlərində, ustad dərslərində, dəyirmi masa və görüşlərdə yaxından iştirak edir. Onun Qarabağ münaqişəsi, Xocalı faciəsi, Ermənistan-Azərbaycan münasibətlərinə aid yazılmış 700-dən artıq məqaləsi müəllimlər və tələbələr tərəfindən araşdırılır, öyrənilir. Bütün bunları nəzərə alaraq, universitet Elmi Şurasının iyunun 3-də keçirilən iclasında Arye Quta “Fəxri professor” adının verilməsi haqqında qərar qəbul edilib.

 

Arye Qut bu yüksək ada görə ADU-nun rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan dövlətinin şanlı qələbəsindən və diplomatiya sahəsində qazandığı böyük uğurlarından danışıb.

 

Daha sonra professor Qorxmaz Quliyevin 80 illik yubileyi qeyd olunub. Akademik Kamal Abdulla Q.Quliyevin elmi-pedoqoji fəaliyyətini yüksək qiymətləndirib, onun insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. Q.Quliyevin Azərbaycanda və dünyada tanınan ziyalı olduğunu diqqətə çatdıran rektor əlavə edib ki, o, müqavilə əsasında Azərbaycan Dillər Universitetinin magistr və doktorantlarının yetişməsinə öz töhfəsini verəcək, yüksək elmi potensialını onlarla bölüşəcək.

 

Q.Quliyev diqqətə görə K.Abdullaya və universitet kollektivinə təşəkkürünü bildirib: “Sizin hər birinizi çox sevirəm. 1961-ci ildən bu günə qədər bu universitetə bağlıyam. Fəxr edirəm ki, məhz bu universitetdə oxumuşam, işləmişəm. Burada  tələbələrim, dostlarım, qardaşlarım var. Kamal müəllimlə bir-birimizi gənclik illərindən tanıyırıq. Bir yerdə çalışmışıq, bir-birimizə həmişə qarşılıqlı rəğbətimiz, hörmətimiz olub. Bir daha mənə olan münasibətinizə görə sizə minnətdaram”.