Azərbaycan Texnologiya Universitetinin (UTECA) 2020/2021-ci tədris ilinin məzunlarına diplomlar təqdim edilib.

 

Tədbirdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Regional Kollecin müdiri Fəxrəddin Zeynalov, Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev, pandemiya qaydalarından irəli gələrək az sayda məzunlar və valideynlər iştirak edib.

 

UTECA-nın rektor əvəzi Yaşar Ömərov bildirib ki, Tovuz döyüşlərindən 1 il ötür: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi və dəmir yumruq sayəsində qazandığımız Zəfər iyul döyüşlərindən ilham almışdı. 12-16 iyul 2020-ci il tarixlərində Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alan zaman yüksək rütbəli zabitlərimiz şəhid olub. General Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin öz əsgərləri ilə çiyin-çiyinə vuruşaraq şəhid olmaları xalq birliyinin daha da möhkəmlənməsinə səbəb oldu. Düşmənin növbəti - 27 sentyabr təxribatından sonra Ali Baş Komandanın əks hücum əmrilə 30 ilə yaxın müddətdə işğalda qalan torpaqlarımız yağı düşməndən təmizləndi - düzgün siyasət və vətənpərvər nəsil sayəsində. Vətənpərvərlik təhsildən başlayır, döyüşlərdə UTECA-nın çox sayda tələbə və məzunları iştirak edib. 44 günlük müharibədə universitetimizin 6 tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Biz onlarla qürur duyuruq”.

 

Sonra məzunların çıxışları olub və onlara diplomlar təqdim edilib.

 

Sonda Ümumi Orta Müvəffəqiyyət Göstəricisi yüksək olan məzunlara hədiyyələr təqdim olunub.

 

Məlumat üçün bildirək ki, bu il UTECA-nı 470 bakalavr bitirib. Onlardan 13-ü qırmızı diplom alıb. Məzun olan 72 magistrdan 26 nəfəri isə fərqlənmə diplomu əldə edib.