Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Cavid Mustafazadə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) keçirdiyi müsabiqədə ölkə üzrə birinci yerə layiq görülüb. 

 

O, Avropa İttifaqı və ÜST-ün ortaq “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb fakültələri və tibb kollecləri tələbələri arasında keçirilən müsabiqənin qalibi seçilib.
Layihə çərçivəsində, ümumilikdə 19 tibb fakültəsi və kollecində təhsil alan 1418 tələbə təlimdə iştirak edərək post-testdən keçib. Onlardan cəmi 212 nəfəri müsabiqə çərçivəsində video təqdim edib. ÜST ekspertlərindən ibarət münsiflər heyəti təqdim edilən videolar arasından 21-ni ölkə və təhsil müəssisəsi üzrə fərqləndirib. Beləliklə, ATU-nun təmsilçisi C.Mustafazadə Azərbaycan üzrə birinci yerə layiq görülüb.  

 

Bundan əlavə, ATU-nun daha üç tələbəsi Aytən Əlihüseynli, Qüdrət Məmmədov və Ədalət Gəncəli fakültələr üzrə qiymətləndirmədə birincilik əldə ediblər.

 

Qaliblərə sertifikat və diplomlarla yanaşı, dəyərli hədiyyələr təqdim ediləcək.