İyulun 23-də “Rəqəmsal bacarıqlar" layihəsi üzrə 2020-2021-ci tədris ilinin yekunlarına dair onlayn hesabat tədbiri keçirilib. 

 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova, “Alqoritmika” şirkətinin nümayəndəsi Anna Burda, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər. 

 

Tədbirin keçirilməsində məqsəd il ərzində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında ictimaiyyətin məlumatlandırılması və layihənin növbəti tədris ilində genişləndirilməsi istiqamətində görüləcək işlərin təqdim edilməsi olub.

 

Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov layihənin əhəmiyyətindən danışıb və qeyd edib ki, layihənin əsas məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaratmaqdır. Belə ki, layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Onlar təkcə proqramlaşdırmanı deyil, biliyin təcrübədə tətbiqi bacarıqlarını da öyrənirlər.

 

Layihənin əhatə dairəsi barədə məlumat verən layihə rəhbəri Nilüfər Rəhimova bildirib ki, 2017-2018-ci tədris ilində start verilən “Rəqəmsal bacarıqlar” layihəsi ilkin olaraq  Bakı şəhərində 45 məktəbdə V siniflər üzrə 65 min şagirdi əhatə edib. Cari tədris ilində isə layihənin uğurlu tətbiqi nəticəsində ölkənin 9 şəhər və rayonu üzrə 222 məktəb və 120 minədək Azərbaycan və rus bölmələrinin şagirdləri əhatə olunub. 

 

Qeyd olunub ki, növbəti tədris ilində mövcud məktəblərdə siniflərin sayının artırılması, həmçinin, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması planlaşdırılır. Mövcud planlaşdırmaya əsasən, 2021-2022-ci tədris ilində layihə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran şəhər və rayonları üzrə 250 məktəbdə tədris alan 190 minədək şagirdi əhatə edəcək.

 

Daha sonra tədris ili ərzində layihə çərçivəsində görülən işlər barədə videoçarx izlənilib. Həmçinin, direktor, müəllim və şagirdlər öz təcrübələrini bölüşüblər.

 

Sonda layihə çərçivəsində səmərəli və uğurlu fəaliyyət göstərdiklərinə görə məktəb və müəllimlər sertifikatlarla təltif olunublar.