ABŞ-ın Azərbaycandakı səfirliyi Lənkəran Dövlət Universiteti (LDU)  və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Anlaşma memorandumları  imzalayıb.

 

2021-2024-cü il tarixləri arasında  fəaliyyət göstərəcək “Amerika guşəsi”  kimi tanınan ictimai məlumat və maarifləndirici mərkəzin açılması ilə bağlı memorandumun imzalanma mərasimi Azərbaycan Dillər Universitetində (ADU) keçirilib. Universitetin rektoru, professor Kamal Abdulla “Amerika guşələri”nin açılmasını  təqdirəlayiq təşəbbüs adlandırıb, belə bir mərkəzin ADU-da da fəaliyyət göstərdiyini,  tələbə və müəllim heyəti üçün müasir təhsilin tələbləri baxımından faydalı olduğunu bildirib.

 

ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberq deyib ki, imzalanmış memoranduma əsasən, Lənkəran və Şəkidə iki “Amerika guşəsi” açılacaq: “Bu guşələr ABŞ haqqında öyrənmək, təhsil imkanları və s. baxımından önəmli rol oynayacaq, turizm sahəsində bacarıqların artırılmasına töhfə verəcək. Azərbaycanın ən dəyərli sərvəti Azərbaycan xalqıdır, onun insanlarıdır. Buna görə də biz öz səylərimizi Azərbaycan vətəndaşlarının bacarıq və qabiliyyətlərinin artırılması, yeni iş yerlərinin açılması istiqamətində dəstək verməyə yönəltmişik”.

 

Onun sözlərinə görə, bu mərkəzlər təhsili davam etdirmək, ABŞ haqqında daha çox məlumat toplamaq və ingilis dili səviyyəsini yaxşılaşdırmaq imkanı verəcək: “Bu mərkəzlərin açılış lentini kəsmək üçün Şəki və Lənkərana səfərləri səbirsizliklə gözləyirəm”.

 

LDU ilə Anlaşma memorandumunu səfir Örl Litzenberqlə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov imzalayıb. İmzalanma mərasimindən sonra rektor N.İbrahimov çıxış edərək sənədin LDU üçün faydalı olacağına əminliyini söyləyib. Bildirib ki, imzalanan sənəd universitetin elmi həyatına yeni rəng qatacaq, tələbə və müəllimlərin xarici dil bilgilərinin, praktik vərdişlərinin artmasına şərait yaradacaq, magistrant və doktorantların xaricdə təhsil alma imkanlarını artıracaq. Bu memorandum, həmçinin tələbə və magistrantlara   Amerika tərəfindən maliyyələşdirilən və dünyanın 155 ölkəsində fəaliyyət göstərən Fullbright, Hubert Humphrey Fellowship və s. təqaüd proqramlarından yararlanmaq imkanı verəcək.

 

Xatırladaq ki, Bakıdakı Amerika Mərkəzi 2007-ci ildə ABŞ səfirliyi və Azərbaycan Dillər Universiteti arasında imzalanmış xüsusi razılaşma əsasında fəaliyyət göstərir. 2017-ci ildə Bakı Amerika Mərkəzi Qızıl statusa layiq görülüb. Azərbaycanın Gəncə, Xaçmaz, Salyan və Kürdəmir kimi şəhərlərində də Amerika mərkəzləri var. Bu guşələr ingilis dili təlimi, təhsillə bağlı məsləhətlər, məişətlə bağlı təlimlər, mədəniyyət və informasiya sessiyaları da daxil olmaqla, bir neçə layihələrə dəstək verir.