Zəngilan rayon 26 nömrəli tam orta məktəbin akt zalında “Könlümü dindir”- bədii qiraət müsabiqəsi layihəsinin təqdimatı ilə bağlı tədbir keçirilib.

 

Təhsil şöbəsindən  verilən məlumata görə tədbirdə  rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Şənlik Əliyev, təhsil şöbəsinin məsləhətçisi Rüstəm Aslanov, məktəb direktorları və şagirdlər iştirak ediblər.

 

Layihənin müəllifi  rayonun 4 nömrəli ümumi orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günel Əliyeva tədbir iştirakçılarına layihə barədə ətraflı məlumat verib. O, mərhələli şəkildə təşkil olunacaq layihədə şagirdlərin bədii qiraət və rəsm bacarıqları, dünyagörüşləri və o cümlədən, Qəhrəman Azərbaycan Ordusunun Şəhidləri barədə esse-inşa yazıları ilə bağlı müsabiqələrin təşkil olunacağını qeyd edib.

 

Daha sonra çıxış edən qonaqlar qeyd olunan layihənin təhsilalanlar üçün əlverişli bir təhsil mühiti yaradılması və istedadlı uşaqların aşkara çıxarılması istiqamətində əhəmiyyətli rol oynacağını vurğulayıblar.

 

Sonda 33 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Sənan Hacızadə Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə həsr olunan şeir söyləyib.

 

Qeyd edək ki, “Könlümü dindir”- bədii qiraət müsabiqəsi layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olub.

 

Şakir CƏFƏROV