Qarşımda 523 səhifə həcmi olan sanballı bir kitab var. Bu pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları” (Bakı, 2021) adlı fundamental tədqiqat əsəridir. Biz bu mötəbər kitabı tam cəsarətlə bir əsrlik ömrü olan ADPU-nun Şərəfnaməsi, şan-şöhrət kitabı, müqəddəs tədris və elm məbədinin elitar ziyalı və intellekt sahibləri barədə salnamə hesab edə bilərik. Bu, ADPU-ya sözlə yaradılan möhtəşəm, əvəzolunmaz abidədir. Təhsil ocağının rektoru, professor Cəfər Cəfərovun doğru olaraq  ön sözdə qeyd etdiyi kimi, nüfuzlu bir elm və təhsil məbədinin “bir əsrlik tarixini onu yaradan, inkişaf etdirən və sabaha aparan alimlərin simasında təqdim edən bu kitab taleyini bu müqəddəs təhsil ocağı ilə bağlayan işıqlı zəka sahiblərinə ucaldılan mənəvi bir abidədir”. Bu həm də, həqiqətən, ciddi axtarışlar hesabına başa gələn bir tədqiqat əsəridir. Bəlli olduğu kimi, 2021-ci ildə ADPU-nun yaranmasının  100 illiyi tamam oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 aprel 2021-ci il tarixli sərəncamı ilə universitetin yubileyi həmin ilin 17 dekabrında təntənəli şəkildə qeyd edildi.  Ali məktəb üçün görülən gərəkli işlər sırasında onun barəsində yazılan kitablar xüsusi yer tutur. Bu kitablardan səkkizinin müəllifi F.Rüstəmovdur. Həmin kitablar bunlardır: 1)Ali Pedaqoji İnstitutun salnaməsi (2020); 2)Azərbaycan Ali Pedaqoji İnstitutu. Beş yıllıq (2020); 3)Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946) (2021); 4) Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi. I cild. (2021); 5) Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi. II cild. (2021); 6) Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları (2021); 7) Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları (2021); 8)Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin tarixi (2021).

 

Mətnşünas alim

 

Adını sadaladığımız bu kitablardan  1-cisi (“Azərbaycan Ali Pedaqoji İnstitutu salnaməsi”) 1924-cü ildə ali məktəbin ilk buraxılışı, 2-cisi isə (“Azərbaycan Ali Pedaqoji İnstitutu. Beş yıllıq”) 1926-cı ildə onun yaranmasının beş illiyi münasibəti ilə ərəb əlifbası ilə nəşr edilmişdir. Fərrux müəllim bir mətnşünas alim kimi həmin kitabları ərəb əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına çevirərək geniş şəkildə yazdığı “Ön söz”lə birlikdə yenidən çap etdirib pedaqoji  ictimaiyyətə təqdim etmişdir. Adıçəkilən digər kitablar isə ADPU ilə bağlı sırf  tədqiqat əsərləri kimi meydana çıxmışdır. Onu da əlavə edək ki, haqqında danışdığımız təhsil ocağının 100 illik yubileyi ərəfəsində onun barəsində gərəkli tədqiqat əsrlərinin, kitabların yaradılması ayrıca bir layihə kimi nəzərdə tutulmuşdur.

 

Uğurlu layihə

 

Layihənin müəllifi ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov olmuşdur. Layihə kifayət qədər uğurla həyata keçirilmiş, ali tədris və elm müəssisəsinin tarixinin əbədiləşdirilməsi yolunda faydalı işlər görülmüş, diqqətəlayiq tədbirlər həyata keçirilmişdir. Və bu faydalı işdə professor F.Rüstəmovun böyük əməyi olmuşdur. Bu sahədə o, gərgin əmək sərf etmiş, əzabkeş  alim və vətəndaş hünərvərliyi göstərmişdir. Fərrux müəllimin ərsəyə gələn kitablarının əksəriyyətinin elmi redaktoru olmaq cəfakeşliyinin şərəf yükünü ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov daşımışdır.

 

Fərrux müəllimin adını çəkdiyimiz kitablarının hər biri bizim gözlərimiz qarşısında ərsəyə gəlmişdir. Biz onun bu kitabların meydana gəlməsində çəkdiyi əziyyətin, həvəsin, məsuliyyətin, alim və vətəndaş yanğısının şahidi olmuşuq. Hər faktın, hər fikrin, hər cümlənin üzərində necə məsuliyyətlə, həssaslıqla, qayğıkeşliklə iş gördüyünü, necə əsdiyini əyani şəkildə müşahidə etmişik. Bu kitablar həm də ömrünün 40 ilə qədərini ADPU ilə bağlayan, ona müqəddəs bir məbədgah kimi baxan alim vətəndaşın təəssübkeşlik və ziyalılıq borcunun məhsullarıdır, qədirşünaslıq missiyasıdır. Həmin dəyərli məhsullar alimin fəaliyyət və tədqiqat sferasında ayrıca bir xətt, ayrıca bir mərhələdir.

 

Tam mübaliğəsiz deyə bilərik ki, Fərrux müəllim bu kitabları ilə ADPU-nun bir əsrlik tarixini sözlə əbədiləşdirmiş, onun şərəf yolunun mənzərəsini indiki və gələcək nəsillərə ərməğan etmişdir. Bu kitablar kompleks şəklində ADPU-nun həmişəyaşar salnamələridir. Hər kəs 1921-ci ildə cəmi 6 tələbə və 8 müəllimlə fəaliyyətə başlayan bu ali təhsil məbədinin xalqımıza nə verdiyini, onun elminin, təhsilinin, maarifinin, mədəniyyətinin çiçəklənməsi, tərəqqisi naminə nə iş gördüyünü, onu yaradanların və yaşadanların hansı cəfalara məruz qaldığını bu kitablardan öyrənə bilər. Kitabların ərsəyə gəlməsi üçün müəllif yüzlərlə mənbəni araşdırmalı, müxtəlif arxivlərdə yüzlərlə sənədin tozunu udmalı, çoxlu sayda insanlarla əlaqə saxlamalı, fakt toplamalı, bu faktları araşdırmalı və ümumiləşdirməli olmuşdur. Əslində bir neçə nəfərin bir neçə ilə görə biləcəyi işi professor F.Rüstəmov təkbaşına yerinə yetirmişdir.

 

Mənəvi  abidə

 

İndi isə gələk “Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları” kitabının məzmun və dəyərinə. Bəri başdan deyək ki, əsər kifayət qədər nizamlı, səliqə-səhmanlıdır, sturuktur baxımından ən münasib qaydada tərtib olunmuşdur. Kitab ADPU-nun rektoru, professor C.Cəfərovun  “ADPU-nun elmi-pedaqoji elitası” adlı əhatəli və dəyərli ön sözü ilə başlayır. Burada Cəfər müəllim xalqımızın təhsil tarixinin qısaca xronikasını verdikdən sonra Pedaqoji Universitetin yaranma zərurətinə toxunur, sonra isə ali məktəbin 100 ildə qazandığı nailiyyətlərin mənzərəsini ümumiləşdirir. Nəhayət, Fərrux müəllimin bu fundamental əsərinin ADPU-ya həsr olunmuş bir abidə kimi dəyərini, mahiyyətini, faydasını şərh edir. Cəfər müəllim çox doğru olaraq yazır: “Kitabda sələflərimizin və müasirlərimizin pedaqoji və elmi-pedaqoji kadr hazırlığındakı xidmətləri, fakültə, kafedra, laboratoriya, ən əsası isə elmi məktəb yaratmaları, milli dildə dərslik və dərs vəsaitləri hazırlamaları, elmin müxtəlif sahələrində fundamental araşdırmalar aparmaları, terminoloji lüğətlər tərtib etmələri minnətdarlıq hissi ilə yad edilir. Məhz onların fədakarlıqları nəticəsində ali pedaqoji təhsil ocağı respublikada elmin ayrı-ayrı sahələrinin (riyaziyyat, fizika, kimya, biologiya, tarix, dil-ədəbiyyat) inkişafına güclü təsir göstərməklə yanaşı pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası il bağlı elmi mərkəzə çevrilmişdir. Tədrisin milli dildə aparılması nəticəsində formalaşmaqda olan milli intellektual elita Pedaqoji İnstituta toplanmışdır”.

 

C.Cəfərov onu da çox gözəl vurğulayır ki, Pedaqoji Universitetin tarixi əslində bu universitetlə bağlı olan insanların tarixidir. Doğrudan da, bu insanların əməyi, işləri, fəaliyyəti yoxdursa, universitetin tarixi də yoxdur. Fərrux müəllim də mövcud kitabına məhz bu məntiqlə yanaşmış, bu prizmadan baxmışdır. Yəni fəaliyyətinin müəyyən bir qismi və ya əsas hissəsi, ömrünün müəyyən zaman kəsimi (az və ya çox) ADPU ilə bağlı olan elitar ziyalıları, onların həyat və fəaliyyətlərini kitabda işıqlandırmışdır. Bu zaman ali məktəbin bir əsrlik tarixindəki rektorların və professorların fəaliyyəti əsas götürülmüşdür. Çünki bu yüz ildə tədris ocağında minlərlə şəxs işləmişdir. Onların hamısının fəaliyyətini bir kitabda işıqlandırmaq mümkün deyil. Bu, praktiki cəhətdən də mümkünsüzdür. Ona görə də müəllif ali məktəbin seçmə elitasını, yəni  rektorları və professorları mövzu obyekti olaraq hədəf götürmüşdür. İkincisi isə, ədalət naminə deyə bilərik ki, professor elmi adı qazanmayan şəxslərin də universitetin yüksəlişində müəyyən xidmətləri olsa da, tərəqqi amilinin əsas “yük”ü, əsasən, professorların üzərinə düşmüşdür. Ümumiyyətlə, kitabda 31 rektor (bunlar 1921-2021-ci illərdə ADPU-ya rəhbərlik edən rektorların hamısıdır), 400-ə qədər elmlər doktoru elmi dərəcəsi və ya professor elmi adı almış şəxslər barədə oçerklər verilir. Lakin F.Rüstəmovun özünün də dediyi kimi, bunlar universitetdə fəaliyyət göstərən və ya onunla bu və ya digər dərəcədə bağlı olan professorların hamısı deyil. Belə ki, bəzi elmlər doktorları və professorlar barədə məlumat toplamaq mümkünsüz olduğundan, yəni material olmadığından onların barəsində yazmaq da mümkün olmamışdır. Ancaq 400 nəfər də az deyil və bunların fəaliyyəti tədris ocağının əsas elmi və elmi-pedaqoji simasını, mənzərəsini əks etdirən göstərici kimi böyük dəyərə malikdir. Bunların hamısı barədə faktları tapıb araya-ərsəyə gətirmək, oçerkləşdirmək isə bir başqa cəfakeşlikdən (tədqiqatçı cəfakeşliyindən) xəbər verir.

 

ADPU-nun intellekt və əməl fədailəri

 

Bəs ADPU-nun elmi-pedaqoji flaqmanı, intellekt və əməl fədailəri olan bu alimlər, onu yaradanlar, yüksəldənlər və yaşadanlar nə iş gördülər? Universitetə, xalqımıza, vətənimizə nə fayda verdilər? Millət naminə hansı əzablara dözdülər, hansı məşəqqətlərə qatlaşdılar? Kitabda bu suallara da dürüst cavab tapa bilərik. Müəllif kitaba yazdığı son sözdə bu fədailərin işgüzarlığını, milli təəssübkeşliyini, fədakarlığını böyük bir heyranlıqla, həm də çox yığcam, sərrast və dəqiq şəkildə belə ifadə edir: “Onlar ilk milli təhsil ocağının yaradılması uğrunda, sözün həqiqi mənasında böyük mücadilə apararaq bütün çətinliklərə və əziyyətlərə baxmayaraq möhtəşəm bir təhsil məbədi yaradıb, onu dövrün buz kimi soyuq ictimai-siyasi hadisələrindən, totalitar rejimin təzyiqlərindən qoruyub. Repressiya olunaraq Sibirin şaxtalı-qarlı çöllərində donsalar da, 15-20 dəqiqəlik dindirmələrdən sonra güllələnsələr də, bu müqəddəs ocağın alovunu sönməyə qoymayıblar. Estafeti ildən-ilə layiqli və ləyaqətli nəsillərə ötürüblər”.

 

Kitabın ilk və mühüm bir bölməsini ADPU-nun rektorları barədə verilən oçerklər təşkil edir. Doğrudur, professor F.Rüstəmov ADPU-nun rektorları ilə bağlı ayrıca, yetərincə dəyərli, fundamental bir kitab (əslində tədqiqat əsəri) da yazıb nəşr etdirmişdir. Biz onun adını yuxarıda göstərdik. Lakin bu maarif məbədinin professorları ilə əlaqədar kitabda da deyilən məsələyə, yəni rektorlar barədə məlumatların kitaba daxil edilməsinə zəruri ehtiyac var idi. Çünki rektorlar institutun lokomotivləri, kompasları, yönvericiləridir. Ali məktəbin fəaliyyət istiqamətini daha çox onlar müəyyənləşdirir. Ona görə də haqqında danışdığımız əsərdə onlar barədə verilən məlumatlar kitabın məzmun və dəyərinin tamlığına, ADPU-nun elmi və elmi-pedaqoji sahədə, təhsil və maarif müstəvisində gördüyü işlərin tam mənzərəsini anlamağa imkan verir. Onu da əlavə edək ki, “ADPU-nun rektorları” kitabında rektorlar barədə verilən oçerklər, avtobioqrafik bilgilər müfəssəl və əhatəli, “Professorlar” kitabında isə yığcam və konkretdir. Hər iki kitabda 100 ildə ADPU-ya rəhbərlik etmiş 31 rektorun (direktorun) hamısı barədə tarixi-xronoloji prinsip əsasında bilgi verilir. Fərrux müəllimin ali təhsil ocağımızla əlaqəli bütün kitablarında olduğu kimi, bu kitabın da hər bir sətrindən və səhifəsindən bir alim yanğısı, heyranlıq və təəssübkeşlik duyğusu boylanır.

 

Professorlar barədə verilən oçerklər doğru olaraq fakültələr üzrə müəyyənləşdirilir. Bu, kitabın sturukturunun müəyyənləşdirilməsində ən münasib və əlverişli prinsipdir. Lakin bundan əvvəl “ADPU-nun Fəxri doktorları və professorları”  bölməsi gəlir. Burada universitetin 5 nəfər fəxri doktoru və professoru barədə məlumat verilir.

 

Kitabın tərtibində fakültələrin ardıcıllığı, həmçinin hər fakültə üzrə barəsində məlumat yer alan professorların sayı aşağıdakı kimidir: 1.Filologiya fakültəsi-96 nəfər; 2.Tarix və coğrafiya fakültəsi-104 nəfər; 3.Riyaziyyat fakültəsi-42 nəfər; 4.Kimya və biologiya fakültəsi-52 nəfər; 5.Məktəbəqədər təhsil fakültəsi-12 nəfər; 6.Fizika fakültəsi-33 nəfər; 7.İncəsənət və fiziki tərbiyə fakültəsi-12 nəfər; 8.İbtidai təhsil fakültəsi-8 nəfər.

 

Müəllif ADPU-nun Şəki filialını da buraya əlavə etmişdir. Həmin filialda çalışan professorların sayı 3 nəfərdir.

 

Onu da əlavə edək ki, ömrünün və fəaliyyətinin müəyyən qismi ADPU ilə bağlı olan bu professorların bir çoxu akademik, akademiyanın müxbir üzvü, Əməkdar elm xadimi, Əməkdar müəllim və s. fəxri ünvan və yüksək titulların sahibi olmuşlar.

 

Fərrux müəllim kitaba “Son söz əvəzi” sərlövhəli yığcam və dəyərli bir son söz də yazmışdır. Kitabın sonunda yer alan “Ad göstəricisi” və “İstifadə olunmuş ədəbiyyat” bölmələri də əsərə bir tamlıq, bütövlük aşılayır. Həm də ona çəkilən əziyyətin miqyasını və çəkisini göstərir. Ədəbiyyat siyahısından bəlli olur ki, müəllif öz kitabını və həm də ADPU-nun şərəf kitabını arxiv materialları, konkret faktlar, əsaslı arqumentlər əsasında ərsəyə gətirmişdir. İstifadə edilmiş ədəbiyyat siyahısının kitaba əlavə edilməsi başqa bir məsələ üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu, həm də ADPU və onun müxtəlif fakültələri, ali məktəblə bağlı olan bəzi şəxsiyyətlər barədə gələcəkdə araşdırma aparmaq istəyən tədqiqatçıya yol, yön göstərir. Onu bir sıra lazımi qaynaqlarla tanış edir. Verilən ədəbiyyat siyahısı həm də professor F.Rüstəmovun axtarış sferasının genişliyinin, çəkdiyi cəfanın miqyasının, ölçüsünün bir göstəricisidir.

 

Sözlə yaradılan möhtəşəm abidə

 

Tam əminliklə deyə bilərik ki, nə qədər ki, Azərbaycan xalqı var, onun təhsilinə və təhsil tarixinə maraq var, ölkəmizin böyük elmi və elmi-pedaqoji kadrlarının həyatını, fəaliyyətini öyrənməyə ehtiyac var, nə qədər ki, gələcək nəsillərimiz öz keçmişini öyrənməyə həvəsli olacaqlar, təşnəlik hiss edəcəklər, bu cür kitablara ehtiyac duyulacaqdır. Və gələcək nəsillər bu cür kitabların dəyərini indikilərdən daha yaxşı dərk edəcək və qiymətləndirəcəklər.

 

Yaqub BABAYEV,

ADPU-nun professoru, filologiya elmləri doktoru, Əməkdar müəllim