Noyabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “ZəfərFest – 2” yaradıcılıq sərgi-festivalı keçirilib. 

 

Festivalda tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivi, rəsmi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Tədbirin sərgi hissəsində nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri yetirmələrinin Zəfər Günü ilə bağlı hazırladıqları 75 rəsm və əl işlərinə baxış keçirilib.

 

Bədii hissədə uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin kollektivi olmaqla ümumilikdə 300-dən çox məktəblinin iştirakı ilə böyük səhnədə Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.

 

Qeyd edək ki, sərgi-festivalın məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsindən ibarət olub.