2022-2023-cü tədris ilinin yaz semestrində Bakı Mühəndislik Universitetinin (BMU) bakalavr buraxılış kurs tələbələrinin istehsalat və pedaqoji təcrübəyə göndərilməsi ilə bağlı aparılan işlər davam etdirilir. 

        

Belə ki, 16 fevral - 24 may 2023-cü il tarixlərini əhatə edəcək istehsalat təcrübəsinin təşkili ilə əlaqədar 80-ə yaxın müəssisəyə müraciət olunub. Hazırda həmin müəssisələrlə görüşlər təşkil olunur və müzakirələr aparılır.

 

Bundan başqa, pedaqoji təcrübənin təşkili istiqamətində Bakı və Sumqayıt şəhərində bir sıra özəl lisey və məktəblərlə aparılan danışıqların nəticəsi olaraq, təcrübələrin gerçəkləşəcəyi təhsil müəssisələri artıq müəyyənləşdirilib.

 

Cari tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 436 tələbə, Memarlıq və inşaat fakültəsi üzrə 276 tələbə, Mühəndislik fakültəsi üzrə 387 tələbə olmaqla, cəmi 1099  tələbənin istehsalat təcrübəsinə göndərilməsi planlaşdırılıb. Universitetin Riyaziyyat və informatika müəllimliyi, Fizika müəllimliyi, Kimya müəllimliyi, Riyaziyyat müəllimliyi, Biologiya müəllimliyi ixtisasları üzrə isə 235 tələbənin Pedaqoji təcrübəyə göndərilməsi nəzərdə tutulub.

 

14 həftəlik istehsalat təcrübəsinin təşkili ilə əlaqədar hər fakültədə tələbələrlə görüşlər keçirilib. Tədbirlərdə BMU-nun Təcrübə şöbəsinin əməkdaşları tərəfindən tələbələrə proseslə bağlı ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.