Elm və təhsil sahəsində öz töhfəsini verən, hər kəsin tanıdığı və sevdiyi qadınlar az deyil. Hətta, demək olar ki, bu sahədə daha çoxdur. Onlar, sadəcə ailəsində övlad deyil, cəmiyyətə insan, ölkəyə vətəndaş yetişdirirlər. Hər şagirdi, yetişdirdiyi hər insan onların imzasına çevrilir. Yetişdirdikləri insanların da gözündə ucaldıqca ucalır, fənn müəllimindən həyat müəlliminə yüksəlirlər.


“Şagirdimin sevgisi mənim üçün önəmlidir”

 

Vətanə Zeynalova da Bakının adlı-sanlı müəllimlərindəndir. Xüsusən, “Teledərs” layihəsində onu bütün Azərbaycan tanıdı. Özü Sahil qəsəbəsindəki 228 nömrəli tam orta məktəbdə oxuyub. ADPU-nun 2001-ci il məzunlarındandır. Təhsil aldığı məktəblər - orta məktəbdən ali məktəbə hər biri onu müəllimliyə hazırlayıb.

 

Belə ki, müəllimliyi seçməsində müəllimlərinin təsirini xüsusi qeyd edir: “Orta məktəb illərində özümü müəllim obrazında görürdüm. Müəllimlərimin də bunda çox böyük təsiri vardı. Onlardan  mütəmadi olaraq “səndən yaxşı müəllim olar” fikrini eşitmək məni bu peşəyə istiqamətləndirirdi. Müəllimliyə xüsusi sevgi lazımdır, səbir, şagirdlərlə işləmə bacarığı, həvəs olmalıdır. Universitetdə də müəllimlərimin yönləndirməsi davam etdi. Yaxşı müəllim olacağım fikrini onlardan eşidirdim. Müəllimlərimin fikri hər zaman mənim üçün önəmli olub və məhz onların yönləndirməsi ilə bu peşəni seçmək qərarı düşüncələrimdə möhkəmlənib. Seçimimdə səhvə yol verdiyimi düşünmürəm. Şagirdlərlə işləməyi çox sevirəm”.

 

Pedaqoji fəaliyyətdə ilk təcrübə meydanı Nərimanov rayonunda 177 nömrəli məktəb olub: “İstənilən sahədə insan uğur qazanmaq istəyirsə, peşəsinin vurğunu olmalıdır. Peşə sevgidir, məsuliyyətdir. Yaxşı görülən işə verilən qiymət isə insanı daha böyük uğurlara həvəsləndirir. Qiymətləndirmə uğur üçün motivasiya olur. Mən bu qiyməti gördüm, ən düzgün qiyməti şagirdlərimdən aldım. Onların qiyməti mənim üçün çox önəmlidir”.

 

Şagirdləri ilə işində milli-mənəvi dəyərlər ön planda olur: “Düşünürəm ki, həm mənim özümdən, həm də tədris etdiyim fəndən irəli gələn məsələdir. Sadəcə elmi bilik verməklə kifayətlənmirəm, həm də şagirdlərimə mənəvi dəstək olmağa çalışıram. Onların milli-mənəvi dəyərlərə hörmətlə yanaşmalarına, vətənpərvər olaraq yetişmələrinə, şəxsiyyət kimi formalaşmalarına yardımçı oluram. Özüm də vətənpərvərəm, milli-mənəvi dəyərlərə hörmətlə yanaşıram. Bu ruhda böyüdüklərindən şagirdlərim başqalarından seçilir. Artıq bir neçə - V sinifdən tədrisə başladığım 2 sinfim məzun olub. Bu il sinif rəhbəri olduğum sayca III sinfimi müstəqil həyata yola salacağam.  Düşünürəm ki, onların da həyatında, təhsilində yaxından iştirak eləmişəm”.

 

Vətanə müəllim tələbkar müəllimdir. Amma şagirdləri ilə isti münasibət qurmağı da yaxşı bacarır:  “Şagirdlərimə hörmətlə yanaşıram. Valideynləri ilə bölüşə bilmədiklərini mənimlə məsləhətləşmələrinə şərait yaradıram. Həm hədiyyə almağı, həm də verməyi xoşlayıram. Amma hədiyyənin təqdimatı, hədiyyə seçimi önəmlidir. Kiçik bir açıqcanı sevgi ilə təqdim etmək insanı xoşbəxt edə bilir. Xüsusən aşağı sinifdə oxuyan şagirdlərim çox gözəl açıqcalar hazırlayırlar. Onların təqdim etdiyi hədiyyələr məni çox xoşbəxt edir. Bəzən sinfə daxil oluram, lövhədə sevgilərini elə gözəl formada yazırlar... Bu tamamilə fərqli bir hissdir. Şagirdləri tərəfindən sevilmək başqa heç bir hisslə müqayisə oluna bilməz”.

 

Hədiyyənin nə olduğuna gəlincə, Vətanə müəllim deyir ki, hədiyyə seçərkən insanın xarakteri nəzərə alınmalıdır: “Şagirdlərim məni yaxşı tanıyırlar. Məni nəyin sevindirəcəyini, nədən xoşhal olacağımı bilirlər. Məsələn, çiçəkləri çox sevirəm və şagirdlərimdə bunu bilir. Hər hansı bayram olmadan da mövsümə uyğun çiçək alan şagirdlərim çoxdur. Onlar çiçəyi mənə çox böyük sevgi ilə verir və mən də onu çox böyük sevgi ilə qəbul edirəm. Çünki şagirdin hədiyyəsi yox, sevgisi mənim üçün daha önəmlidir”.  

 

2012-ci ildə “İlin ən yaxşı müəllimi”müsabiqəsinin qalibi, 2016-cı ildə BŞTİ tərəfindən “Fəxri fərman”la təltif olunan V.Zeynalova medallı müəllimlərdəndir: “2017-ci ildə “Tərəqqi” medalına layiq görüldüm. Bu, mənim müəllimliyimə verilən yaxşı qiymət idi”.

 

Müxtəlif illərdə Respublika Fənn Olimpiadalarında Komissiya üzvü olub. Dərslik eksperti, “Heydər Əliyev məktəblilərin gözü ilə”, “Zəfər yolu”, “Əziz Şuşa, sən azadsan” inşa müsabiqələrində ekspert kimi çıxış edən V.Zeynalova “Teledərs” layihəsində fəal iştirak edib və bütün ölkədə tanınıb. IX, X, XI siniflərdə Azərbaycan dilini bütün Azərbaycan məktəblilərinə video formatda tədris edərək onların da qəlbinə yol tapıb.

 

Ruhiyyə DAŞSALAHLI