Və yaxud bina tikəni sosial infrastruktur düşündürməyəndə


Yaşadığın evin yaxınlığında bir deyil, bir neçə məktəb ola, amma oxumağa sinif, oturmağa parta tapmayasan. Məktəbə götürmürlər, deyirlər sıxlıqdır. Bir yolunu tapıb təhsil almaq hüququnu təmin edirsən. Bu dəfə məlum olur ki, məktəbdə sinif otağı yoxdur. Sinif var, bu dəfə də parta qoyulmayıb...

 

Bakı şəhərində vəziyyət artıq bir necə ildir məhz bu cürdür. Bu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 442 147 şagird təhsil alır. Məktəblərin I sinfində 48 mindən, IX sinfində 30 mindən, X sinfində 21 mindən, XI sinfində 20 mindən çox şagird oxuyur. Bu rəqəmlər hər il artır. Artım Bakının mərkəzi hissəsindəki və Bakıətrafı qəsəbələrdəki bəzi məktəblərdə xüsusilə çox hiss olunur. Bakıda əsasən Binəqədi, Sabunçu və Xəzər rayonlarında yeni salınmış yaşayış ərazilərində yerləşən məktəblərdə artım çoxdan problemə çevrilib. Ümumiyyətlə, nəinki Bakı, paytaxta yaxın rayonların məktəblərində oxumaq istəyən məktəblilərin sayı da ilbəil çoxalır. Bakı şəhərinin ümumi təhsil məktəblərində müşahidə olunan şagird sıxlığı başqa yaxın rayonlarda, Abşeronda, xüsusən də Xırdalan şəhərində həllini gözləyən məsələdir.

 

Beləliklə, paytaxtda daxil olmaqla, iri şəhərlərimizdə, rayon mərkəzlərində inkişaf gedir, böyük binalar tikilir, şəhərciklər salınır. Kəndlərdən şəhərə axın edən əhali elə burada məskunlaşır. Tələbat artdıqca binaların, göydələnlərin sayı da artır. Təbii ki, bu da yollardakı tıxaclarda, nəqliyyatdakı gərginlikdə, o cümlədən məktəblərdəki sıxlıqda özünü göstərir.

 

Torpaq sahəsi alıb ucu-bucağı görünməyən bina tikməklə qazanc əldə edən iş adamları isə bu məsələlərin hər hansı biri barədə düşünmür. Məsələn, “Kristal Abşeron” şirkətinin tikililəri şəhərimizdə kifayət qədər tanınır. Gəlin soruşaq görək, çoxmərtəbəli binalar tikən, Xırdalan şəhərində sadəcə bina deyil, şəhərcik quran şirkət sosial infrastrukturla bağlı yaranan tələbatı nəzərə alırmı?

 

“Kristal Abşeron” məktəbin yanında şəhərcik qurmağa üstünlük verir

 

Məktəb tikmək şirkət üçün o zaman yerinə yetirilməsi zəruri şərt olur ki, sifarişçinin layihəsində qeyd olunsun. Şirkətin özünün tikdiyi bina və şəhərciklərdə bu barədə düşünən olmayıb.

 

“Kristal Abşeron”un Marketinq şöbəsinin əməkdaşı Rəşad Qurbanov deyir: “Özəl mülkdə, şəxsi torpaq sahəsində tikinti aparırıqsa, qarşımıza hər hansı tələb qoyulmur. Qobuda qaçqınlar üçün yaşayış kompleksi tikdik. Həmin layihədə sosial infrastruktur, o cümlədən məktəb nəzərdə tutulduğundan orada tikdik”.

 

Bəs, şirkət özü maraqlı deyilmi ki, tikdiyi binalarda müştərilərinin rahatlığını təmin etsin. Ən azı, bunu satışa təsir göstərəcək amil kimi nəzərə almırlarımı? R.Qurbanovun sözlərinə görə, özəl mülkdə yaşayış kompleksi olaraq yalnız Xırdalan şəhərində böyük layihə həyata keçiriblər: “Xırdalanda tikdiyimiz yaşayış kompleksinin yaxınlığında məktəblər var. Qalan yerlərdə sadəcə binalar tikmişik. Bir binaya görə isə məktəb tikməyə dəyərmi? Təbii ki, maraqlıyıq ki, tikdiyimiz binaların yaxınlığında məktəb, bağça və s. olsun”.

 

Bəli, nəinki bir binaya, hətta Xırdalanda saldığı, hərəsi bir mikrorayona bərabər olan şəhərciklərə belə məktəb binası tikməyən şirkət Xırdalan məktəblərindəki sıxlığın səbəbkarlarındandır.

Şirkətlər tikdiyi binanın yanında, şəhərciyin daxilində məktəb tikməyə həvəs göstərmirlər. Məktəb yanında çoxmərtəbəli bina ucaldır, satışını sürətləndirmək üçün isə “yaxınlıqda məktəb var”, - deyə müştəri cəlb edirlər.

 

Nəticədə “Kristal Abşeron”un yaxınlığında, eyni həyətdə yerləşən iki - 2 və 9 nömrəli tam orta məktəblərdə ciddi şagird sıxlığı müşahidə olunur. 9 nömrəli məktəbdə üçnövbəli sistem tətbiq edilib, ancaq problem bununla da həll edilməyib. Məktəblərin hər ikisində “Müəllimlər otağı” ləğv olunub. 2 nömrəli məktəbin “Müəllimlər otağı”nda hazırda 5-ci siniflər, 9 nömrəli məktəbin “Müəllimlər otağı”na isə 8-ci siniflər yerləşdirilib. Nəticədə dərs cədvəlinə görə pəncərə saatı olan müəllimlər dəhlizlərdə qalır, direktor müavinlərinin otaqlarında “sığınacaq” axtarırlar.

 

Xırdalandakı məktəblərdə kompüter otaqları da çoxdan ləğv edilib. Məktəblər arasındakı fərqə baxın: Bakı və Gəncə məktəblərində şagirdlərə informatika yeni formatda tədris olunur, sinif otaqları müasir kompüterlərlə təchiz, sürətli internet çıxışı təmin edilir. Xırdalan şəhərində isə mövcud kompüter otaqlarını ləğv edib, bütün şagirdlərin təhsil almaq hüququnu təmin etməyə çalışırlar.

 

Torpaq sahələri infrastrukturu güclü olan layihələrə verilməlidir

 

Bəs, vəziyyətdən çıxış yolu nədir? Belə çıxır ki, şirkətləri tikdikləri binaların yanında məktəb barədə də düşünməyə məcbur etmək lazımdır? Onları buna kim məcbur edə bilər ki? Millət vəkili Bəxtiyar Əliyev hesab edir ki, dövlət onları buna məcbur edə bilməz: “Ancaq müvafiq qurumlar layihələri dəyərləndirərkən təşviq etməsi mümkündür. Qəbul etdiyimiz qanunlarla təşviq etməyə çalışırıq ki, məktəbləri, sosial infrastrukturu özəl şirkətlər yaratsın, dövlət yox. Maliyyə yükünü hər hansı fiziki və ya hüquqi şəxs daşısın. Dövlət də məktəb tikintisinə ayırdığı vəsaiti təhsilin inkişafına, xəstəxanalara, pensiyaların verilməsinə, ordunun saxlanmasına və başqa zəruri xərclərə yönəltsin. Dünyanın heç bir dövlətinin büdcəsi bu yükü çəkə bilməz. Tutaq ki, böyük bir sahə ayrılıb və şirkət orada mənzillər tikir. Dövlət şirkətləri təşviq edir ki, həmin binaların altında mağazalar, uşaq bağçası, poliklinika, aptek, məktəb üçün yer ayırsın. 8-10 bina tikdinsə, bu, bir mikrorayon deməkdir. Neçə min insanın yaşadığı bu ərazidə sakinlər hardan alış-veriş edəcək, uşağını məktəbə hara aparacaq? Dövlət iş adamlarını məcbur edə bilməsə də, sadalanan infrastrukturla layihə təqdim edən şirkətə üstünlük verə bilər. Torpaq sahələrinin, boş ərazilərin infrastrukturu güclü olan layihələrə verilməsi rəqabəti gücləndirər”.

 

B.Əliyevin fikrincə, tikdiyi binaların yanında məktəbin olması sahibkara əlavə qazanc gətirdiyi kimi, məktəb üçün də əhəmiyyətli olacaq: “Çünki sahibkar məktəbə pul qoyduğu üçün onu qoruyacaq. Axı, onun mülkiyyətidir. Ancaq dövlət vəsaiti hesabına qurulanları dağıdırlar, buna görə cərimələnəndə isə narazılıq yaranır”.

 

Tikinti başa çatdıqdan sonra şirkəti tapmaq mümkün deyil

 

Dövlət məcbur edə bilməz, verdiyi qərarlarla, qəbul etdiyi qanunlarla, həyata keçirdiyi vergi güzəştləri ilə şirkətlərə təşviq edə bilər. Bəs, təşviq edirlərmi?

 

Təşviq edə biləcək qurumlardan biri icra hakimiyyətləridir. Şirkətlərin göydələn ucaltmaq üçün aldığı yerin “xeyir-duası’nı yerli icra strukturları verir. Ancaq onlar da məsuliyyəti başqalarının üzərinə qoyurlar. Məsələn, məktəblərində ən çox sıxlıq müşahidə edilən Xəzər Rayon İcra Hakimiyyətində problemdən xəbərdardırlar. İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında sıxlığın səbəbini müxtəlif amillərlə izah edib: “Direktorlar yeni ştatlar almaq üçün məktəbdə şagird sayının çox olmasında maraqlıdırlar. Həm direktorlar, həm də sinif müəllimlərinin apardığı reklamın nəticəsidir ki, bəzi məktəblərə axın çoxalır. Bir-birinə yaxın iki məktəbdən birində sıxlıqdır, digərində isə əksinə”. Əhalinin çox olduğu yerlərdə, böyük yaşayış massivlərində, yeni şəhərciklərdə məktəblərin olmamasına gəlincə, şöbə müdirinin sözlərinə görə, RİH bu prosesdən indiyədək kənarda qalıb:

“Məktəb tikintisini onların boynuna qoymuruq. Məktəb tikintisi spesifik sahədir və müəyyən olunmuş standartlar var. Təcrübə göstərir ki, məktəb tikintisində sonradan problemlər ortaya çıxır. Ancaq Təhsil Nazirliyinin verdiyi layihə əsasında tikilsə, daha doğru olar. Ona da tikinti şirkətləri maraqlı deyillər. İndiyədək bina tikmək üçün yeri Bakı Şəhər İcra Hakimiyyətindən alıblar. Bir qurumla razılaşdırıb tikiblər. Tikinti başa çatdıqdan sonra isə orada həmin şirkəti tapmaq mümkün deyil”.

 

Onlar binaların layihəsinə baxır

 

Xəzər Rayon İcra Hakimiyyəti məsuliyyəti məktəblər, müəllimlər və BŞİH arasında bölüb “sudan quru çıxdı”. Bəs, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində nə deyirlər? Onların ki, layihələri dəyərləndirərkən ən layiqlisini seçmək şansı var.

 

Qurumun mətbuat xidmətinin əməkdaşı Tərlan Yəhyayev bildirib ki, Şəhərsalma və Arxitektura Komitəsinə binaların layihəsi təqdim edilir. Odur ki, bina qiymətləndirilərkən onun yanında və ya yaxınlığında məktəbin olub-olmaması müzakirə olunmur. Maraqlıdır, bəs görəsən, hazırda şəhərsalma hansı plan əsasında həyata keçirilir? Quruma təqdim edilən layihələr hansı parametrlərlə qiymətləndirilir? Təklif edilən yaşayış binalarının layihələrində sosial infrastrukturun (məktəb və bağça) nəzərə alınmaması onun qiymətləndirilməsində rol oynamırmı? “Azərbaycan müəllimi”nin sorğusuna Şəhərsalma və Arxitektura Komitəsindən verilən cavabda belə deyilir: “Azərbaycan Respublikasında şəhərsalma fəaliyyəti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ərazi planlaşdırma sənədləri (ümumi plan, baş plan, müfəssəl plan) əsasında həyata keçirilir. Məktəbəqədər uşaq müəssisələri və ümumtəhsil məktəblərinin ərazidə yerləşdirilməsilə bağlı tələblər isə Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il 5 nömrəli qərarı ilə təsdiq edilən “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısf’na və “AzDTN 2.6-1 Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normativ sənədinə əsasən müəyyən edilib”.

 

Təhsil Nazirliyi vəziyyətdən çıxmağa çalışır

 

Beləcə, problemin ağırlığı və onu aradan qaldırmaq təhsil qurumlarının boynunda qalır. Bakı Şəhəri üzrə Təhsil İdarəsində də, Təhsil Nazirliyində də problemin həllinə yönələn tədbirlər görülür. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaranan problemi həll etmək üçün nəzərdə tutulmuş əlavə tədris korpusu və yeni məktəb binalarının tikintisinin həyata keçirilməsi zəruri olan ərazilər barədə mütəmadi olaraq məsələ qaldırır. Məsələn, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılması və şəhərin bir sıra ümumi təhsil müəssisələrində yerləşdirilmiş məcburi köçkün məktəblərinin həmin binalardan köçürülməsi istiqamətində təkliflər irəli sürülüb.

 

Ancaq təhsil qurumları bununla işini bitmiş hesab etmirlər. Təhsil naziri Ceyhun Bayramov yarana biləcək problemin elektron qeydiyyat sistemi vasitəsi ilə tənzimləndiyini vurğulayıb: “Bakı məktəblərinin hamısında sıxlıq mövcud deyil. Bir çox məktəblərdə birinci sinfə qəbulu elektron qeydiyyat sistemi vasitəsi ilə tənzimləyə bilirik. Buna baxmayaraq, Bakı məktəblərinin 15 faizində yenə də sıxlıq müşahidə edilir. Qeydiyyat sisteminin ərazi prinsipi üzrə aparılması süni sıxlığın qarşısını almağa yönəlib. Bundan başqa, hər il müxtəlif proqramlar çərçivəsində digər dövlət qurumlarının xətti, Heydər Əliyev Fondunun dəstəyi ilə çoxlu sayda məktəbdə əsaslı təmir işləri aparılır. Yeni məktəb binaları tikilir”.

 

Məktəb binaları tikilir

 

Doğrudur, təhsil nazirinin dediyi kimi, son illərdə paytaxtda yeni məktəblər və əlavə tədris korpusları inşa olunub. 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası (ümumilikdə 4 məktəb) başa çatıb. Eləcə də, 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi, 25 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

 

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı xarakter daşıyır və bu işlər ümumilikdə, təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Nəticə etibarilə əhali artımı səbəbindən yaranan şagird sıxlığının azaldılmasına zəmin yaradır.

 

Məktəblərə şagird qəbulunda elektron qayda tətbiq edilir

 

Birinci sinfə şagird qəbulunun elektron qaydada aparılması da süni şagird sıxlığının tənzimlənməsinə imkan verir. Ümumilikdə, Bakı şəhərində süni şagird sıxlığının qarşısının alınması məqsədilə təxminən 10-15 faiz məktəblərdə mikroərazi prinsipi tətbiq edilir. Belə ki, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olanlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirirlər. Daimi qeydiyyatı olmayan valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Müvəqqəti və ya qeydiyyatsız yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

 

Bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir. Tutaq ki, valideynin mikroərazidə yaşaması, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi prioritetlərdir. Ümumilikdə, paytaxtda orta məktəblərin böyük əksəriyyətinə, yəni 85 faizindən çoxuna şagird qəbulunda ərazi prinsipi tətbiq olunmur.

 

Böyüyən şəhərin çarəsiz məktəbi

 

Beləliklə, mövcud vəziyyətdən çıxış yolu tapmağa çalışılsa da, günü-gündən böyüyən şəhərin hər gün çoxalan sakinləri məktəbləri çarəsiz qoyur. Axı, məktəblər icbari təhsil hüququnu təmin etməlidirlər. Vəzifələri ilə reallıq arasında qalan məktəb hələlik bu çətinliyin öhdəsindən gəlir. Ancaq gəlin biz də unutmayaq ki, dəhlizlərində hərəkət edən uşaqların, sinif otaqlarına qoyulan partaların sayında görünən artım məktəbdən çox cəmiyyətin problemidir.

 

Ruhiyyə DAŞSALAHLI