Estoniya dünyanın rəqəmsal mərkəzlərindən birinə çevrilir


Estoniyada, Baltik dənizinin sahilindəki qəsəbələrdən birində Taavi Kotka adlı qeyri-adi bir nəfər yaşayır, "e- Estoniya" layihəsinin əsas ideoloqlarından biri olan Kotka ölkəsinin bu günü və gələcəyinə ən böyük töhfə vermiş vətəndaş sayılır. Hökumət təşəbbüsü olan Me-Estoniya"nm əsas missiyası Estoniyanı rəqəmsal dövlətə çevirməkdir. Taavi Kotkanın səyləri ilə bu layihə arzudan reallığa çevrilib.

 

Elə bir ölkə yoxdur ki, oradan İT mütəxəssisləri gəlib bu kiçik Baltikyanı respublikada işləməsinlər. Estoniya İT peşəkarları üçün əsl cənnətdir. Ölkə həyatının elə bir sferası yoxdur ki, elektronlaşmasın. Bütün problemlərin digital yolla çarəsi mövcuddur. İctimai nəqliyyatda gediş əldə etmək istəyirsiniz? Evdən çıxmağa ehtiyac yoxdur - keçin kompüter arxasına. Avtomobilinizi düz park etməyib cərimələnmisiniz? Onu da evdən həll etmək olar. Estoniyada qanunvericilikdən tutmuş vergi sisteminədək hər nə varsa digital müstəviyə köçürülüb və iri platformada bir yerə toplanıb.

 

"e-Estoniya" dövlət idarəçiliyi sistemini gözlər önündə dəyişən iddialı layihədir. Ancaq hər birimizdə sual doğura bilər: axı necə oldu ki, sıradan bir postsovet ölkəsi olan 1,5 milyonluq Estoniya belə bir yolu bu sürətlə qət edə bildi?

 

Ötən yazılarımızdan birində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən "silikon vadi'Tərdən söz açmışdıq. Əgər Estoniyaya bu nöqteyi-nəzərdən yanaşmış olsaq, bu ölkə bütövlükdə "rəqəmsal vadi"dir.

 

Təhsildən danışarkən Finlandiya sisteminə istinad etmək son illərin əsas trendidir. Əgər söhbət yüksək texnologiyalardan gedirsə, onda bilin ki, sıralamada ilk adı keçən Estoniyadır. Diqqət yetirin:

-    "Kibertəhlükəsizlik üzrə Qlobal indeks” reytinqində Avropa birincisi və dünya beşincisi;

-    İnformasiya-kommunikasiya texnologiyaları üzrə qanunvericilik sahəsində dünya ikincisi.

 

Hüdudsuz imkanlar

 

Kotkanın sözlərinə görə, işə başlayarkən qarşılarına əsas məqsəd ölkə əhalisinin onların missiyasına inanmasına nail olmağı qoyublar. Rəqəmsal sistemə daxil olmaq üçün vətəndaşın sadəcə bir dəfə qeydiyyatdan keçməsi lazımdır. Vəssalam! Nə həkimə gedərkən xəstəlik vərəqəsini, nə də kredit alarkən bankda hansısa çoxsaylı kağızları doldurmağa ehtiyac yoxdur. Vətəndaş haqqında bütün mümkün məlumatlar çipli fərdi ID-karta yazılıb və vahid platformada saxlanılır. Hər sahənin mütəxəssisi sizin barənizdə məlumat əldə etmək istəyirsə, həmin o platformaya müraciət edir. Sağlamlıq durumundan tutmuş siyasi görüşlərə, məşğulluqdan məhkumluğa qədər bütün informasiyanı əldə etmək saniyələrin işidir.

 

Anna Piperal “e-Estoniya”nm könüllü səfiridir. Sistemin necə işlədiyini izah edir: ona məxsus olan ID-kartı USB-port vasitəsilə xüsusi qurğuya taxır, parolu daxil edir və hər şey hazırdır. Sistemin interfeysi kifayət qədər sadədir: şəxsi məlumatlar, daşınmaz əmlak, iş və s.

 

Piperal magistraturada oxuyur. Sistemdə bu barədə informasiya var, ancaq sadəcə məlumat üçün deyil: o, tutaq ki, sabah nəqliyyat üçün bilet alacaqsa, sistem dərhal Annanın tələbə olduğunu nəzərə alır.

 

Zarafat kimi qəbul olunmasın, ancaq Estoniya vətəndaşının evdəki pişiyinə hansı peyvəndlərin vurulduğu barədə məlumat belə, onun şəxsi rəqəmsal platformasında qeydiyyata düşür. Bir az da ciddi istəyirsinizsə, onu da qeyd edə bilərik ki, daşınmaz əmlak, torpaq və s. bu kimi məqamlar mütləq sistemdə öz əksini tapmalıdır. Estoniyada düşünürlər ki, bu barədə məlumatları ilk növbədə siyasət adamları ictimailəşdirməlidirlər. Elə bu səbəbdəndir ki, məsələn, filan deputata məxsus mal-mülk barədə istənilən məlumatı, hətta Google-dan çəkilmiş şəkilləri həmin sistemdə görmək problem deyil.

 

“The New Yorker”in yazdığına görə, potensial haker müdaxiləsini yumşaltmaq məqsədilə istifadəçilərin məlumatları bir yerdə saxlanılmır. “X-Road” hökumət platformu müxtəlif serverlərə nəzarət edir və lazım olduğu halda onları bir-birlərinə “calayır”. Yəni, stomatoloqa lazım olan məlumatlar bir yerdədir, təhsillə bağlı informasiya digər. Lazım gələrsə, onlar bir-birlərinə ehtiyac duyulan məlumatları ötürürlər. “X-Road” hökumət platforması olsa da, artıq şirkətlər özəl məlumat banklarının yaradılması işinə başlayıblar. Yəni, bu işin də dövlət və özəl sektoru var.

 

Hələlik rəqəmsallaşmayan sahələr də mövcuddur. Məsələn, ailə qurmaq istəyənlər hələ də dövlət orqanlanna gəlib öz istəklərini yazılı şəkildə bildirməlidirlər. Yaxud, evi və ya torpaq sahəsini internetlə almaq mümkün deyil.

 

Reallıq odur ki, əksər sferaların elektronlaşması dövlətə şəffaflıqla yanaşı, maliyyə gəlirləri də gətirir. Məsələn, dövlət fəaliyyətinin rəqəmsal müstəviyə transfer olunması nəticəsində təqribən ÜDM-in 2%-dək qənaət etmək mümkün olub. Müqayisə üçün, Estoniyanın NATO-ya üzvlük xərci məhz bu qədərdir. Başqa sözlə, ölkənin müdafiəsi üçün vətəndaşdan pul alınmır.

 

Rəqəmsal qərarların tətbiqi nəticəsində dövlətin heç bir xidməti bir yerə bağlanmır. 2014-cü ildə hökumət tərəfindən bu məqsədlə rəqəmsal rezidentlik proqramı tətbiq olunmağa başlayıb. İndi dünyanın istənilən yerində yaşamaqla Estoniyanın bank sektorunun xidmətlərindən elə istifadə edə bilərsiniz ki, sanki bu ölkədəsiniz. Estoniyada gəlir vergisi dünyada ən aşağılardandır. Belə münbit vəziyyət dünyanın hər bir yerindən startaplan Estoniyaya yönəldir. “Adcash” şirkətinin fransız sahibi Tomas Padovani hesab edir ki, bu rahatlığı ofşorla dəyişik salmaq olmaz. Bununla belə, Estoniyada yaxşı pul qazanmaq üçün hər cür şərait var: dövlət heç nəyə mane olmur, sadəcə yönəldir.

 

Virtual əhali artımı

 

2013-cü ildə Kotkanın qarşısına daha bir vəzifə qoyulub: Estoniya əhalisinin artımına nail olmaq. Başlıca motiv iqtisadidir. Kotka düşünür ki, dövlət böyük müəssisəsdir, hökumətin əsas məqsədi əhalisini daha da varlı etməkdir. Hər bir dövlət ona lazım olan insanları əldə etməyə çalışır. Ancaq tək fiziki yolla yox. Kotka ilk gündən əmindir ki, bunu virtual formada da etmək olar. Estoniyanın bunun üçün bütün imkanları var - rəqəmsal infrastruktur işlək vəziyyətdədir. Bunun üçün o, “e-Residency” adlı proqram yaradıb. Sistemə əsasən, iştirakçılar hər hansı sərhəd-gömrük prosedurları keçmədən dünyanın istənilən nöqtəsindən ölkəyə “daxil ola” bilərlər. Cəmi 10 dəqiqə və 100 avro xərcə. Proseduru keçib istənilən Estoniya konsulluğundan vəsiqənizi ala bilərsiniz. Estoniyada biznes qurmaq istəyən şəxslər üçün bu, olduqca əlverişli yoldur. Təsadüfi deyil ki, ən çox müraciət edənlər Rusiya və Böyük Britaniyadan olanlardır. Hər ikisinin səbəbi var, ancaq bu, başqa yazının mövzusudur.

 

Bu gün “e-Residency”yə müraciət edənlərin sayı ölkədə doğuşun səviyyəsindən qat-qat yuxandır. Bir növ əhalinin rəqəmsal artımı baş verir. Özü də bu, ölkənin demoqrafik görünüşünə, tutaq ki, Tallində əhali sıxlığına heç bir təsir göstərmir. Axı hər nə varsa, virtual baş verir. Deyilənə görə, ABŞ-ın eks-prezidenti Barak Obama belə fikir işlədib: “Bizim səhiyyə sisteminin saytını işə salmazdan əvvəl gərək mən Estoniyaya zəng edərdim”.

 

Dünyada əksər yeniliklərin, kəşflərin müəllifləri, yaxud sahibləri özəl şirkətlərdir. Yalnız Estoniyadan savayı. Burada hər kəs öz ixtirasını dövlətə satmağa çalışır. Məsələn, “e-Ambulance” layihəsi. Proqram “X-Road”a bağlanıb. Təcili tibbi yardım heyəti çağırışa gedərkən artıq yolda xəstənin sağlamlığı ilə bağlı bütün məlumatlarla tanış olur və heyətdə vətəndaşa çatanadək onun sağlamlığına dair ilkin təsəvvürlər mövcuddur. Xəstənin müayinəsindən sonra cərrahi əməliyyata ehtiyac varsa, bütün məlumatlar cərraha ötürülür. Təcili tibbi yardım maşını klinikaya çatanadək cərrah əməliyyata hazırdır. Bu sistem vasitəsilə bütün xəstəxanalarda iş prosesi nizamlanır. Cərrahlar əməliyyatların ardıcıllıq cədvəlini, heyəti və istifadə olunacaq ləvazimatların siyahısını tərtib edirlər. Dərmanların uçotu gedir. Həkimin məsləhət bildiyi dərman sistem tərəfindən məqbul görülmürsə, pasiyentə yazılmır.

 

“e-Ambulance” kimi tematik proqramlar Estoniyanın “X-Road” hökumət təşəbbüsünün tərkib hissəsidir. Və bu istiqamətdə yeni-yeni ideyalar sanki tükənmək bilmir.

 

Birinci sinifdən məntiq və alqoritmlərin əsaslan

 

Estoniyada proqramlaşdırmanı uşaqlara məktəbdən öyrədirlər. Prosesə 2012-ci ildən start verilib və pilot layihə kimi ilkin olaraq 20 məktəbdə tətbiq olunub. 1-ci sinifdən etibarən uşaqlara məntiq və alqoritmlərin əsasları öyrədilir. Uşaqlar ilkin siniflərdən “Stratch” sistemi əsasında proqramlaşdırmanın incəliklərinə yiyələnirlər.

 

Hər il Estoniya IT sahəsində işləyən əlavə 1500 nəfər mütəxəssisə ehtiyac duyur. Bunlardan 70%-i ali, qalanı isə profil təhsilli olmalıdırlar. Sferadakı artımla paralel olaraq təbii ki, mütəxəssislərə də ehtiyac artacaq. “Biz belə bir trend müşahidə edirik: yüksək ixtisaslı IT mütəxəssislərinə ehtiyac getdikcə artır. Məsələn, 2013-cü ildə onların sayı 23 min idi, 2020-ci ildə 37 min olacaq”, - deyə dünyaca məşhur “Playtech” şirkətinin Estoniya filialının rəhbəri İvo Lasn bildirir. Estoniya İnformasiya Texnologiyaları və Telekommunikasiyaları Assosiasiyasının prezidenti Anneli Heynsoo deyir ki, sistem analitikləri, IT-memarlar və proqram tərtibatçıları ən çox ehtiyac duyulan sahələrdir. İ.Lasnm sözlərinə görə, fəaliyyət sferası və ixtisaslaşma konkret şirkətlərdən asılıdır. Sistem administratorlar, proqram tərtibatçıları və bir neçə dil bilən analitiklərin işə düzəlmə ehtimalı daha çoxdur. Hesablamalar göstərir ki, Estoniyada IT mütəxəssislərin əməkhaqları digər peşə sahiblərinin maaşlarını bir neçə dəfə üstələyir.

 

“IT Personal”ın rekruterləri hesab edir ki, IT sferasında işə düzəlmək üçün “middle” səviyyəsi yetərlidir. Əsas odur məhsuldar düşüncə tərzinə sahib olasan. Estoniyada orta statistik IT şirkətində daxili münasibətlər üfüqi əsasda qurulub:müxtəlif ierarxiya təmsilçilərinin azad fikir mübadiləsi aparmalarında heç bir məhdudiyyət yoxdur. Hazırda ölkədə IT sahəsində 4000-ə yaxın şirkətin fəaliyyət göstərdiyi bildirilir.

 

Estoniya o ölkələrdəndir ki, gənc dövlətçiliyə malik olsa da, dünyaca məşhur IT-brendlərə sahibdir. Onların bəzilərinin həqiqətən də Estoniya mənşəli olduğuna inanmaq bir anlıq inanılmaz görünür. Beləliklə:

 

Skype - Estoniyanın ən məşhur qabaqcıl şirkətidir. Dünyanın ən populyar messenceri sayılır. Hazırda “Microsoff’un bir parçası olsa da, ən böyük ofisi hələ də Tallindədir.

PipeDrive - Eyni adlı CRM-sistemin istehsalçısıdır. Dünya üzrə 30 mindən çox abunəçisi var.

AdCash - Tərkibinə 100 mindən çox sayt və mobil əlavə daxil olan reklam şirkətidir.

TitanGrid - Kibertəhlükəsizlik sahəsində startap.

Taxify - Mobil əlavə vasitəsilə işləyən və “Uber”lə ciddi rəqabət aparan taksi şirkəti.

Fortumo - Mobil ödəmələr servisi.

 

1991-ci ildə iqtisadi tənəzzüllə üz-üzə qalmış Estoniya özü haqqında həm vətəndaşları qarşısında, həm də dünyada təsəvvürləri dəyişməyə nail oldu. Təsəvvür dəyişikliyi isə reallığın dəyişilməsi ilə nəticələndi. Estonlar hesab edirlər ki, illərlə sovet sistemində yaşamış Estoniya əhalisi yeniliklər, o cümlədən dövlət idarəçiliyində innovasiyalan uğurla sınaqdan çıxarmağa qadirdir. Çünki SSRİ-nin tərkibində nəyisə dəyişməyin mümkünsüz olduğu şəraitdə yaşayıblar.

 

İndi isə onlann yeni effektiv cəmiyyət yaratmaq üçün bütün imkanları var. Belə görünür ki, bu imkandan yetərincə istifadə etməyi bacarırlar. Ölkənin informasiya texnologiyaları cənnəti kimi tanınması təsadüfün nəticəsi deyil.

 

Rüstəm QARAXANLI