Qarat Qaratov: “Uşaqlarınıza diqqət və sevgi ilə yanaşın ki, sonradan əziyyətimiz də az olsun”


257 nömrəli məktəbin qonağıyıq. Daha doğrusu, məktəbin direktoru Qarat  Qaratovun. Bu təhsil ocağı iki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi seçilib. Məktəb hərbi-idman oyunları üzrə respublika çempionatının altı dəfə qalibi olub. Təbii ki, məktəbi bu göstəriciləri qazanacaq həddə gətirən müəllim heyətinin də zəhmətini danmaq olmaz. Amma təhsil yox, istənilən müəssisənin nə qədər yaxşı göstəricisinin olması həm də yaxşı rəhbərə bağlıdır. Qarat müəllim 22 ildir bu məktəbə rəhbərlik edir. Bir də o rəhbərin rəhbər olana qədər keçdiyi həyat yolu var. Qarat müəllimlə söhbətdə o yoldan danışdıq. Daha doğrusu, o yolun lap başlanğıcından...

 

- 1957-ci ildə Qusarda anadan olmuşam, Qaratoba kəndində. Ailədə beş uşaq olmuşuq. Ana-atamı erkən itirmişəm. Atam da, anam da yaxşı insan idi. Amma nə demək olar, çox təəssüf, tez getdilər. Anam xəstə idi. Atamsa.... Nə isə...

 

- Atanızı nə səbəbdən itirdiniz ki?

 

- Düzü, bəzən bunu heç danışmaq istəmirəm (Uzun bir fasilə verir-red). Atam dənizdə batıb. Bu yaşıma gəlmişəm, hələ də onun ölümü barədə danışanda pis oluram. Görünür, uşaqlıq zərbələri heç yaddan çıxmır. Atam da elə faciəli dünyadan köçəndən sonra bizə qohumlarımız baxdı. Nə qədər yaxşı baxılan uşaq olsan da, kimsə adama ata-anası ola bilməz. Valideyn ən gözəl nemətdir.

 

- Qarat müəllim, uşaqlıqda sevdiyiniz əyləncə nə idi?

 

- Bizim kənddə hava son dərəcə sərt olardı. Çayın üstü demək olar ki, tamamilə buz bağlayırdı, düz yaza qədər. Biz buzun bir hissəsini qırıb, ordan tilov atıb balıq tutardıq. Qışda balıq ovlamaq başqa cür ləzzətli olur. Bu da mənim uşaqlıq oyunlarımdan biri idi. Balıq tutanda sevindiyimizdən nə edəcəyimizi bilmirdik.

 

- Kəndinizdə tam orta məktəb var idimi? O zaman ucqar kəndlərdə adətən belə məktəblər olmazdı...

 

- Kənd məktəbimiz 8 illik idi. Qalan 2 ili biz qonşu kəndin məktəbinə gedərdik. O kənd bizimkindən böyük olduğu üçün orda 10 illik idi məktəb. O yolu getmək də bizə maraqlı idi. 8 kilometr aralı idi Qaratobadakı evimizdən. Yolboyu bir topa uşaq oğlanlı-qızlı bir gedib, bir gəlirdik. Məsələn, yolumuzun üstündə yaxşı alma bağları olurdu. Hətta payızda, qışda da qarın altında alma qalırdı.

 

- Bağa oğurluğamı girirdiniz?

 

- (Gülür). Yox, kənd yolunda kimsənin olmayan bağ idi. Eləcə tapıb yeyərdik.

 

- Sonra hansı dəcəlliyiniz olub məktəb illərində?

 

 

- Əslində, mən o qədər dəcəl uşaq deyildim. Ata-anasız olmuşuq, həmişə düşünmüşəm ki, kimsə məni cəzalandırar, atam yox, anam yox, bizi kim müdafiə eləyər. Amma bir gün belə bir əhvalat oldu. Sinifdə söz qoyuldu ki, dərs danışılmayacaq. Həmişə dərslərimə hazırlıqlı uşaq idim. Müəllim kimi qaldırdı, uşaqlar dedi ki, hazır deyilik. Əslində, bilərəkdən belə deyirdilər. Müəllim də son ümid yeri kimi mənə yaxınlaşdı. Üzümə gülümsədi, həm də son ümid kimi bir şey var idi baxışında. Qayıtdı ki, indi Qarat danışacaq. Sonra da əlini çiynimə qoyub dedi  hə, dur danış görüm. Baxdım danışmağım sinif yoldaşlarımı satmaq olacaq. O vaxt uşaq idik, belə yanaşırdıq hər şeyə.  Mən də istəmədim incisinlər. Qayıtdım ki, müəllim, mən də hazır deyiləm. Heç nə demədi. Yavaşca qolumdan bir çimdik aldı. Gözünü də ağartdı ki, səsini çıxarma. Göynəltidən qovruldum, amma səsimi çıxarmadım, qorxdum. Əyilib qulağıma astaca bir də bunu dedi: “Gözünün içinə qədər yalan deyirsən. Sən dərsi bilə-bilə danışmadın. Bunun cəzasını alacaqsan”. Əslində, düz deyirdi. Mənim dərsi öyrənməmək kimi lyuksum olmayıb. Həmişə öyrənmişəm.

 

Bir dəfə də dəcəl biri olmaq istədim. Ya da istədim dostlarıma özümü göstərim, deyim ki, baxın, mən də sizə görə fədakarlıq elədim, iki aldım, amma danışmadım bildiyim dərsi.

 

- İndi də fədakarsınız?

 

- Bacardığım qədər. Amma vəziyyəti pisə aparan qədər fədakarlıqların əleyhinəyəm. Məktəbdə o cür fədakarlıq lazımsız işdir. Baxmayaraq ki, uşaqlar hələ də belə fədakarlıqları edirlər. İndi belə edən şagird görəndə məni bir az da gülmək tutur, bilmirəm o şagirdi necə cəzalandırım. Çünki uşaqlar bütün mərhələlərdən özləri keçməlidirlər. Bizsə müəllim və valideyn olaraq onlara yalnız məsləhət verə, yol göstərə bilərik.

 

- Dediyinizdən belə anladım ki, qorxaq uşaq olmusunuz. İndi nədən qorxursunuz?

 

- Böyüdükcə adam qorxmur. Sadəcə, ehtiyatlı olur.

 

- Uşaqlıq dostlarınızdan bu gün görüşdükləriniz varmı?

 

 

- Əlbəttə var. Elə onlarla bağlı bir şey düşdü yadıma. Dostlarım var idi, Vahid, Slavik, Mehdi adında. Bir gün gəldilər ki, qonşu kənddə bir bostan görmüşük, yaxşı qarpızlar yetişib, gedək ora. Mən dedim axı, qorxaq uşaq idim. Çox məcburiyyətdən sonra məni də razı saldılar. Dedilər sən hasarın bu tayında dayanarsan, qarpızı biz girib üzəcəyik tağdan. Sən çöldən götürüb gizlədərsən. Özümü sındırmıram, amma qorxurdum. Çünki bağın mühafizəçisi bir yekəpər kişi idi. Bizi görsəydi, əməlli əzişdirəcəkdi. Uşaqlar girdilər. Xeyli qarpız götürdük. Mən qarpızları bir az uzaqda gizlədirdim. Birdən hamımızı eyni vaxtda gülmək tutdu. Mühafizəçi səsimizi eşitdi, üstümüzə bərk çığırdı. Dedik bu dəqiqə bizi birtəhər edəcək, tez aradan çıxdıq. Amma qarpızları gizlətdiyimiz yerdən götürə bilmədik. Üstündən iki gün keçdi, Slavik gəldi ki, gedək qarpızlarımızı götürək, baxmışam, Qarat gizlədən yerdə durur hamısı. Gedib götürüb gəldik evə. Uşaq idik, hamı elə bildi bostanda kiməsə kömək etmişik, o da bizə pay qoyub. Amma evdə hamının ləzzətlə yediyi  o qarpızları əslində, biz oğurlamışdıq. Onda gülməli gəlirdi, indi yadıma düşəndə utanıram. Hərdən uşaqlarla görüşəndə yadımıza salıb gülürük. Amma sonralar biz tez-tez o kəndə sahələrdə pomidor yığımına gedirdik. Həmin mühafizəçini görəndə üzümüzü gizlətməyə çalışırdıq ki, bəlkə  yadında qalarıq.  Bizi hamıya göstərər, deyər ki, bu balacalar bostan oğrusudur. Amma nə tanıyırdı, nə də deyirdi...

 

- O Slavik necə oldu, indi haralardadır?

 

 

- Slavik indi Rusiyada yaşayır, yüksək vəzifədədir. Vahid bizim neft şirkətindədir. O da mühüm postdadır. Mehdi də dövlət qulluğundadır.

 

- Orta məktəbi neçənci ildə bitirdiniz?

 

- 1974-cü ildə Qusarda orta məktəbi bitirmişəm. Fizikanı çox sevirdim. İsmət adlı müəllimimiz vardı, həm də sinif rəhbərimiz idi. O sevdirmişdi mənə bu fənni. Buna baxmayaraq, bütün fənləri yaxşı oxuyurdum. Kiçik yaşlarımdan bilirdim ki, fizik olacağam. Elə də oldu. Bakı Dövlət Universitetinin fizika fakültəsinin axşam şöbəsini bitirmişəm. Orta məktəbi qurtaranda fizika kitablarını demək olar ki, əzbər bilirdim. Əlavə kitablar da oxuyub öyrənmişdim. O üzdən universitetdə oxumaq mənə rahat idi.

 

- Bəs necə dolanırdınız? İşləyirdinizmi?

 

- Əlbəttə. Metro inşaatı işində fəhləlik edirdim. “Nizami”, “20 Yanvar”, “İnşaatçılar” metro stansiyalarının inşasında əvvəl fəhlələrdən biri oldum, sonra fəaliyyətimə görə briqadir keçirdilər.

 

- İlk maaşınız nə qədər olub, yadınızdadırmı?

 

- 180 manat almışdım, o qədər sevinirdim, gəl görəsiniz. O illərdə bu, böyük pul idi. Burada heç zaman bazarlıq etmirdim. Pulumu üst-üstə yığıb Moskvaya gedirdim. Məndən balaca olanlara da, özümə də bütün geyim bazarlığını ordan edirdim. Ata-anasız olmuşuq, istəyirdim bacı-qardaşım daha kasıb yaşamasın.

 

- İlk pedaqoji fəaliyyətə harada başlamısınız?

 

- Universiteti bitirəndən sonra 265 nömrəli məktəbdə pedaqoji fəaliyyətə başlamışam. Yaxşı məktəb idi, mən də sevdiyim işlə məşğul idim. Bizim məktəbə mənim ilk gəlişim 1991-ci ildə olub. Əvvəlcə direktor müavini kimi işlədim. Xətai Rayon Təhsil Şöbəsinin müdiri Vaqif müəllim bir gün çağırdı, dedi, səni məktəbə direktor təyin edirik. Əvvəlcə çaşıb qalmışdım. Onun qızı da bizim məktəbdə işləyirdi. Elə indi də burdadır. Amma adam qızının yox, mənim namizədliyimi vermişdi və müdafiə edirdi.  Çox qəribə adam idi.

 

- Necə yəni...

 

- Adama nə deyirdin de, bircə kəlmə yalanını tutdumu səni silib atardı. Qaydalar onun üçün dəyişilməz idi. Qızı da o cür adamdır. Heç zaman hiss eləməzdin ki,  müdir qızıdır. Nə isə...dedim Vaqif müəllim, məsuliyyətli işdir, mən bacarmaram, rüsvayçılıq olar. Çox uzun mübahisə etdik və onun təkidi ilə direktor oldum. Səmimi deyirəm, inanın heç istəmirdim. Amma təyin etdi. Uzun müddət bir yerdə işlədik. Sonra o, dünyasını dəyişdi. Mən həmişə deyirəm ki, müəllim, direktor, rəhbər kimi Vaqif müəllimin şagirdiyəm. Onun tərbiyəsini görmüşəm.

 

- Direktor kimi məktəbdə ilk işiniz nə olub?

 

- Şəhidlərə həsr olunmuş  lövhəmiz yox idi məktəbdə. Bu məni narahat edirdi. Bizə təkcə savadlı şagird lazım deyil, həm də vətənpərvər şagird yetişdirməliyik. İlk işim bu oldu məktəbdə. O vaxt Vaqif müəllimlə mən direktor kimi icra başçısının qəbuluna gedəndə, başçı nəsə mənim təyinatıma bir az şübhəli yanaşmışdı. Deyirdi Qarat müəllim, işləyə biləcəksənmi, dedim bacardığımı edəcəyəm. Qayıtdı ki, üç aydan sonra gələcəm görüm necə ictimaiyyət adamısan. Səmimiyyətimə inanın, mən bu sözü unutmuşdum. Biz həmin lövhə və guşənin açılışını edəndə gördüm başçı da məktəbə gəldi. Təəccübümü görüb söylədi ki, sən unuda bilərsən, amma mən gələcəyim günləri unutmuram. Məktəbdə xeyli iş görmüşdük, baxdı, xüsusilə vətənpərvərlik xətti ilə bağlı aparılan işi bəyəndi. Dedi ki, yox, bacarmısan. Elə o gündən də rahat işləməyə davam elədim.

 

- Bəs indi postunuzdan hansısa daha yüksək vəzifəyə gedərsinizmi?

 

- Mən çox şərəfli və faydalı işlə məşğulam. Bütün vəzifəli adamlar məktəblərdən çıxır. 

 

- Məktəblərdə kişi pedaqoqların ciddi azlığı hiss olunur. Bu, oğlan uşaqlarının xarakterinin formalaşmasına hansı formada təsir göstərir?

 

- Savadlı qadın pedaqoqlarımız çoxdur. Amma onlar oğlanlara kişi keyfiyyətlərini o qədər də aşılya bilməzlər. Dediyiniz məsələ məni də narahat edir. Düzünü demək lazımdır. İndi Azərbaycan ailələrində evin gəlir gətirəni kişilərdir. Amma təəssüf ki, bugünkü müəllim maaşı ilə kişi maddi olaraq ailəsini təmin edə bilməz. O üzdən bəziləri hətta peşəsini sevməsinə baxmayaraq, uzaqlaşmağa məcbur olub. Elə bu müsahibədən istifadə edib demək istəyirəm ki, yavaş-yavaş vəziyyət düzəlir. Qoy geri gəlsinlər ki, bu vəziyyəti dəyişə bilək. Məsələn, bizim məktəbdə müəllimlərin kişi-qadın nisbətini götürsəniz, 95 faiz qadın, 5 faiz kişi pedaqoqlar təşkil edir.

 

- Direktor həm də müəllim kimi dərs keçirmi?

 

 

- Əvvəl dərs deyirdim. Sonra səhhətimdə problem yarandı, daha dərs saatım yoxdur. Bilirsinizmi, məsuliyyəti olan adam gərək bir şeyi anlaya. İki işi eyni qaydada, yüksək səviyyədə paralel apara bilmirsənsə, mütləq birindən imtina etməyi bacarmalısan. Mən gördüm ki, həm müəllim, həm də direktor kimi çalışmaq səhhətimə təsir göstərdi, dərs saatımdan imtina etdim. Müəllimlik ciddi peşədir. Onu dərsi yaxşı keçməməklə sinifdə gözdən salacaqsansa, heç o dərsi də demə, o sinfə də girmə.

 

- Uşaqlardan razısınızmı?

 

 

- Uşaqlardan bəli, amma bəzən valideynlərdən razı ola bilmirəm. Məsələn, bir də görürsən ki, uşaq sinifdə aqressivdir. Belə olan halda cəzalandırmamış çağırıram yanıma. İkilikdə söhbət eləyirik. Uzun söhbətdən sonra anlayıram ki, evdə valideynlər uşağın yanında ciddi məsələlər haqda xoş olmayan mübahisələr edir.  Bunun uşağa necə mənfi təsir etdiyinin fərqində də olmurlar. Yenə də deyirəm, bunu hamıya aid etmirəm. Amma son zamanlar müşahidə etdiyim budur ki, ailədə uşaqları nəzərə almayan valideynlərimiz var. Bu, çox pis nəticələrə gətirir. Bəli, məktəbin də qüsurları, səhvləri olur. Amma uşaqların xarakterindəki qüsurların bir xeylisi mütləq ailədən gəlir. Məktəb uşağın tərbiyəsində dördüncü yeri tutur. Gen, ailə, mühit, məktəb, ardıcıllıq bu cürdür.  Son sözümü valideynlərə ünvanlamaq istəyirəm. Sizdən ricam var, əziz valideynlər, uşaqlarınıza diqqət və sevgi ilə yanaşın ki, sonradan əziyyətimiz də az olsun.

 

Jalə MÜTƏLLİMOVA