Elm və təhsil nazirinin ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili ilə bağlı verdiyi əmrlərdən biri də şagird və müəllimlərin video.edu.az, trims.edu.az e-derslik.edu.az portallarında yerləşdirilmiş öyrədici materiallardan istifadəsinin təşviq edilməsidir.
 

Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan bu kimi platformalar tədrisin keyfiyyətinin artırılmasına və şagirdlərin müasir dünyada tələb olunan bacarıqları daha səmərəli mənimsəməsinə xidmət edir. Bu resurslar həm şagirdlər, həm də müəllimlər üçün geniş öyrənmə imkanları yaradır, tədris prosesinin daha effektiv və interaktiv olmasını təmin edir.
 

Bir çox elmi araşdırmalar (Zhang, D., Wang, Y., & Zheng, L. (2020), Hwang, G.-J., & Wu, P.-H. (2014), Luckin, R. et al. (2016), Almarzooqi, S., & Mhaisen, N. (2021), Hattie, J. (2009), Baker, R. S. (2010) və s.) və beynəlxalq tədqiqatlar da rəqəmsal texnologiyaların təhsildəki əhəmiyyətini diqqətə çatdırır. Belə ki, PISA (Program for International Student Assessment), TIMSS (Trends in International Mathematics and Science Study) və ICILS (International Computer and Information Literacy Study) kimi beynəlxalq şagird qiymətləndirmələri müasir texnologiyaların şagirdlərin akademik göstəricilərinə müsbət təsir etdiyini təsdiq edir. Məsələn, PISA hesabatlarına görə, rəqəmsal texnologiyalardan tədris prosesində geniş istifadə edən şagirdlər təhlil və problem həll etmə bacarıqlarında daha yüksək nəticələr əldə edirlər. TIMSS hesabatları isə göstərir ki, riyaziyyat və təbiət elmlərində rəqəmsal resurslardan istifadə edən məktəblərdə şagirdlərin nailiyyətləri əhəmiyyətli dərəcədə artır.


Bununla yanaşı, ICILS hesabatları da rəqəmsal resursların şagirdlərin məlumat əldə etmə, təhlil və kritik düşünmə bacarıqlarını gücləndirdiyini bildirir. Beləcə, bu resurslar şagirdlərə alqoritmik düşüncənin, məntiqin inkişafı, yeni texnologiyaların öyrənilməsi və proqramlaşdırma üzrə biliklərin mənimsənilməsi üçün əlverişli şərait yaradır. Nəticədə, şagirdlər müasir tələblərə uyğun formalaşır, eyni zamanda bu platformalar müəllimlər üçün tədris prosesini daha məhsuldar və innovativ hala gətirir.

 

Bu gün həm yerli, həm də qlobal internet şəbəkəsində geniş çeşiddə tədris prosesinə inteqrasiya edə biləcəyimiz faydalı resurslar mövcuddur. Bu yazımızda isə video.edu.az, trims.edu.az və e-derslik.edu.az platformalarının şagirdlər və müəllimlər üçün təlim-tədris prosesini daha səmərəli hala gətirəcəyi istifadə imkanlarından danışacağıq.
 

video.edu.az platforması Elm və Təhsil Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq, təhsilalanların dərs prosesindən kənar qalmaması üçün yaradılsa da, buradakı materiallar hələ də şagirdlər və müəllimlər üçün faydalılığını qoruyub saxlayır. Portalın məqsədi interaktiv texnologiyalarla təhsil imkanlarını artırmaqdır. Bu portal, mövzuları izah edə bilməyən və ya daha yaxşı öyrənmək istəyən şagirdlər, eləcə də təcrübəli müəllimlərin dərslərini izləmək istəyən müəllimlər üçün geniş imkanlar təqdim edir.
 


 

Portal fənlər üzrə dərs mövzularını video şəklində təqdim edir. Bu resursun əsas üstünlüyü şagirdlərə mövzuları vizual şəkildə daha yaxşı anlamaq imkanı yaratmasıdır. Eyni zamanda dərslərin video formatda olması təkrar baxma imkanını da təmin edir ki, bu da şagirdlərin öz tempində öyrənməsini asanlaşdırır.
 

Qeyd edək ki, videodərslər milli kurikulumumuz (təhsil proqramı) əsasında hazırlanaraq bütün təhsil səviyyələrinə uyğunlaşdırılıb. Bu resurs həm distant təhsilin təşkili, həm də dərsdənkənar vaxtda əlavə tədris üçün mükəmməl vasitədir.
 

İstifadəçilər burada fənn seçdikdən sonra sinif, daha sonra isə fəsil və mövzu seçə bilirlər. Videodərsi izlədikdən sonra videonu şərh etmək və sual vermək də mümkündür.
 


 

Burada nəinki ümumi təhsil, hətta ali təhsil, peşə və STEAM dərsləri də olmaqla, ümumilikdə 19 531 videodərs mövcuddur.
 


 

trims.edu.az (TRİMS – Tədris Resurslarının İdarə Olunmasının Məlumat Sistemi) təhsil müəssisələrinə tədris resurslarını daha səmərəli şəkildə idarə etməyə imkan verir. Bu platforma müəllimlər üçün dərs planlaşdırılmasında köməkçi resursları bir araya gətirir, dərs materiallarının təsnifatını və istifadəsini asanlaşdırır.
 

Eyni zamanda TRİMS şagirdlərin akademik göstəricilərinin monitorinqi və resursların düzgün tətbiqi üçün faydalıdır. Platfotma tədris prosesinin daha effektiv idarə olunmasına və təhsil keyfiyyətini yüksəltməyə kömək edir.

Həmçinin yaxın günlərdə təkmilləşdirilən saytda istifadəçi təcrübəsi də artırılıb, yeni bölmələr əlavə edilib. Hal-hazırda saytda iki təhsil pilləsi – ümumi təhsil və peşə təhsili üzrə resurslar mövcuddur. İstifadəçilər müvafiq təhsil pilləsini seçərək resurslara çıxış imkanı əldə edə bilərlər.
 


 

Sayta aşağıdakı 4 bölmə fəaliyyət göstərir:
 

a) “İstifadə olunan dərsliklər”;

b) “Tövsiyə olunan tədris resursları”;

c) “İctimai müzakirədə olanlar”;

d) “Video resurslar”.
 

“İstifadə olunan dərsliklər” bölməsindəki resurslar 2024-2025-ci tədris ilinə uyğunlaşdırılıb. Bununla yanaşı, yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərsliklər də əlavə olunub ki, bunları həm onlayn, həm də yükləyərək oflayn qaydada istifadə etmək mümkündür.
 

“Tövsiyə olunan təhsil resursları” bölməsində müəllimlər və şagirdlər üçün əlavə tədris materialları təqdim edilir. Burada Yaşıl dünya naminə həmrəylik, Dayanıqlı İnkişaf Məqsədləri, maliyyə savadlılığı, ərzaq təhlükəsizliyi, yol-hərəkəti qaydaları və s. mövzulara dair vəsaitlər mövcuddur.
 


 

“İctimai müzakirədə olanlar” bölməsinə isə yeni hazırlanmış dərsliklər yerləşdirilir ki, bu da ictimaiyyətin fikrini öyrənməyə kömək edir. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İrad və təkliflər [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.
 

“Video resurslar” bölməsi saytın yeni funksiyalarından biridir. Burada tədris prosesində istifadə oluna bilən və öyrənməyi dəstəkləyən müxtəlif məzmunlu öyrədici videoçarxlar təqdim edilir. Hazırda bu bölmədə Azərbaycan dili, ingilis dili və tarix fənləri üzrə videoçarxlar mövcuddur.
 


 

Bundan əlavə, “Ətraflı axtarış” bölməsi vasitəsilə təhsil pilləsini, resursun növünu, dilini, sinfi, fənləri, hətta kitabın müəllifinin adını, qrif nömrəsi və tarixini qeyd etməklə resursları tapmaq mümkündür.
 


 

e-derslik.edu.az platforması şagirdlər və müəllimlər üçün elekton formada dərsliklərə giriş imkanı yaradır. Elektron dərsliklər kağız dərsliklərə alternativ olaraq, dərs materiallarını daha rahat və çevik şəkildə istifadə etməyə imkan verir. E-dərsliklərdəki multimedia məzmunları (səs, video, interaktiv elementlər) öyrənmə prosesini daha cəlbedici edir və şagirdlərin dərsə olan marağını artırır. Bundan əlavə, elektron dərsliklərin müxtəlif cihazlarda əlçatan olması, tədrisin hər zaman və hər yerdə davam etdirilməsini təmin edir. Beləcə, şagirdlər yalnız passiv müşahidəçi olmaqla kifayətlənmir, eyni zamanda biliklərini fərdiləşdirərək təhsil prosesində aktiv iştirak edirlər.
 


 

Platforma bir sıra mühüm üstünlüklərə malikdir. Belə ki, e-derslik.edu.az-da təqdim edilən dərsliklər beynəlxalq EPUB3 formatında hazırlanır. Bu format sayəsində dərsliklər kompüter, smartfon, planşet kimi müxtəlif cihazlarda açılıb oxuna bilər. Bundan əlavə, zənginləşdirilmiş dərsliklər multimedia, video, səs və interaktiv proqramları ehtiva edir. Bu dərsliklərdə mövcud olan axtarış sistemi vasitəsilə istənilən məlumatı dərsliyin içində asanlıqla tapmaq mümkündür.
 


 

Portal istifadəçilərinin fəaliyyətlərini izləmək və statistik məlumatları toplamaq üçün izləmə sistemi mövcuddur. Bu məlumatlar qorunan serverlərdə saxlanılır və yalnız müvafiq icazə ilə əldə edilir. Sayt həmçinin istifadəçilərə dərsliklərdə önəmli hissələri işarələmək və daha sonra həmin hissələrə asanlıqla geri qayıtmaq imkanı verir.
 

E-derslik.edu.az portalında məktəbəqədər təhsildən başlayaraq 11-ci sinfə qədər bütün ümumi təhsil səviyyələri üçün dərsliklər və tədris resursları mövcuddur. Peşə təhsili ilə bağlı resurslar da ayrıca bölmədə təqdim edilir.
 


 

Portaldan tam istifadə etmək üçün qeydiyyat tələb olunur. Qeydiyyatdan keçdikdən sonra şagirdlər və müəllimlər e-derslik.edu.az-ın zəngin tədris məzmununa çıxış əldə edərək öyrənmə və tədris prosesini daha interaktiv və effektiv şəkildə təşkil edə bilərlər.
 

Beləliklə, video.edu.az, trims.edu.az və e-derslik.edu.az kimi təhsil platformaları müəllimlər və şagirdlər üçün geniş imkanlar təqdim edir. Bu platformalar tədris materiallarına rahat çıxışı təmin edərək öyrənmə və tədris prosesini müasir tələblərə uyğunlaşdırır.
 

Vaqif FƏTULLAYEV



Digər faydalı keçidlər:

Təbiətyönümlü dərslərdə müəllimlərin istifadə edə biləcəyi "PhET" interaktiv simulyasiyası

Müəllim sinfi effektiv olaraq necə idarə edə bilər?

SMART müəllim, SMART dərs planı, SMART təlim nəticəsi

Formativ qiymətləndirməni daha əyləncəli təşkil etmək üçün resurs: Kahoot!
 

Məktəbliləri iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərə necə təşviq etməliyik?

Şagirdlərdə media savadlılığını formalaşdırmaq: Haradan başlamalı?

Müəllimlərin həmkarlarına tövsiyə etdiyi 5 xarici film