Müasir dünyanı artıq rəqəmsal dünyadan ayırmaq mümkün deyil. Rəqəmsal dünya virus şəklində kiçikdən böyüyədək hər birimizin həyatına daxil olub, bizi yenilikləri və maraqları ilə yoluxdurmağa və özünü sevdirməyə durmadan davam edir. Heç təəccüblü deyil ki, rəqəmsal dünyaya xas olan peşə və ixtisaslara maraq göstərənlərin sayı getdikcə artır. Hətta real həyatda bir-birimizlə söhbət etdikdə belə rəqəmsal dünyaya xas olan terminlərdən də istifadə etməyə başlamışıq. İstifadə olunan bu kimi terminlərdən biri də kibergigiyenadır.
 
Rəqəmsal dünyada kibergigiyena qaydalarına əməl etmək onlayn təhlükəsizliyimiz üçün olduqca vacibdir. Bəs kibergigiyena nədir və ondan necə istifadə edək?
 
Kibergigiyena - rəqəmsal dünyada müxtəlif müdaxilə, təhdid və hücumlardan müdafiə olunması məqsədilə görülən profilaktik tədbirdir. 
 
Kibergigiyena və ondan necə istifadə etmənin əsas aspektləri bunlardır:
 
Etibarlı şifrə: Hesablarınız və qurğularınız üçün asanlıqla təxmin edilən deyil, etibarlı (güclü) və unikal parollardan istifadə edin. Hesablarınızda şifrələrinizi təhlükəsiz saxlamaq və idarə etmək üçün parol menecerdən (password manager) istifadə etməyi vərdiş halına gətirin.
 
Proqram təminatı yenilənmələri: Əməliyyat sisteminizi, istifadə etdiyiniz proqramlar, brauzer və antivirusunuzu daima saz vəziyyətdə saxlayıb, müntəzəm olaraq yenilənmələrin (update) aparılmasına diqqət edin. Bir çox hallarda proqram təminatının özü yenilənməsi ilə bağlı bizə avtomatik bildirişlər verir. Yenilənmələrin əsas məqsədlərindən biri də proqram təminatının əvvəlki versiyalarında olan boşluqların aradan qaldırılmasıdır.
 
Fişinq xəbərdarlığı: Fişinq hücumlarına qarşı diqqətli olun. Fişinq hücumlarının əsas məqsədi insanlara müəyyən keçidlər göndərməklə onları saxta, lakin real veb səhifəyə bənzər səhifələrə yönləndirmək, hesab məlumatlarının həmin saxta səhifəyə daxil edilməsini təmin etməkdir.Etibar etmədiyiniz, şübhəli və ya naməlum mənbələrə məxsus linklərə keçərək, oradan yükləmələr etməyin. Güvənmədiyiniz sayt və ya elektron pəncərələrdə (dashboard) hər hansı şəxsi məlumatı qeyd etməzdən əvvəl onun həqiqiliyini yoxlayın.
 
Təhlükəsiz Wi-Fi: Evinizin və ya ofisinizin Wi-Fi şəbəkəsini standart (user: admin, password: 123456) deyil, etibarlı şifrə ilə qoruyun. Şifrələmə üçün VPN (Virtual Şəxsi Şəbəkə) istifadə etmirsizsə, vacib işlər üçün ictimai yerlərdəki Wi-Fi şəbəkələrindən qoşulmalardan çəkinin.
 
Məlumatlarınızın ehtiyat nüsxəsini çıxarın: Vacib məlumatlarınızın xarici sabit diskdə, bulud yaddaşında və ya digər təhlükəsiz bildiyiniz ehtiyat qurğusunda nüsxəsini çıxarın. Bu zərərli proqram, aparat təminatı çatışmazlığı və ya digər insidentlər səbəbindən məlumat itkisindən qorunmağa kömək edir.
 
“Firewall”lardan istifadə edin: Şəbəkə trafikinə nəzarət etmək üçün cihazlarınızda və şəbəkənizdə “firewall”ları aktiv edin. “Firewall”lar cihazlarınız və potensial təhlükələr arasında maneə rolunu oynayır.
 
- İki faktorlu doğrulama (Two-Factor Authentication): Mümkün qədər iki faktorlu doğrulamadan (2FA) aktiv istifadə edin. O, mobil cihazınıza göndərilən kod kimi ikinci identifikasiya formasını tələb etməklə əlavə təhlükəsizlik qatı yaradır. Çox faktorlu doğrulamada üz və ya barmaq izlərinin tanınması kimi biometrik filterləşmələrdən də geniş istifadə olunur.
 
- Sosial media məxfiliyi: Sosial media platformalarında məxfilik parametrlərinizi nəzərdən keçirin və yeniləyin. Açıq şəkildə paylaşdığınız şəxsi məlumatların sayını (əsasən, evinizin giriş və ya çıxışında arxa fon olaraq çəkilən şəkillər) məhdudlaşdırın və naməlum şəxslərin dostluq və ya əlaqə sorğularını qəbul edərkən ehtiyatlı və diqqətli olun. 
 
- Özünüzü maarifləndirin: Kiber təhdidlər və təhlükəsizlik üzrə müntəzəm olaraq maariflənin.
 
- Veb kamera qapağından istifadə edin: Veb kameranız cihazınızdan ayrıdırsa, istifadə etmədiyiniz zaman onu çıxarın. Veb kameranız quraşdırılıbsa, özünüzü qorumaq üçün əlavə tədbirlər görməlisiniz (məs: veb kameranın üstünü örtün), çünki kompüterinizin açıq olması və sizin onun qarşısında olmamağınız kiber hücümların başlanması üçün bir səbəb ola bilər.
 
- Şəxsi məlumatların mühafizəsi: Köhnəlmiş və ya uzun müddət işlətmədiyiniz kompüter, planşet və ya smartfonunuzu satırsınızsa və ya kiməsə hədiyyə edirsinizsə, bu zaman şəxsi məlumatlarınızın da ötürülməməsini təmin etmək vacibdir. Faylları silmək, hətta onları zibil qutusundan belə silmək kifayət etmir. Xüsusi bərpaedici proqramların köməyi ilə sizin zibil qutusundan pozduğunuz məlumatları bərpa etmək mümkündür. Bu səbəbdən məlumatlarınızın saxlandığı sabit diski sıfırlamaq (format), yəni sabit diski silmək lazımdır.
 
Hər birimiz kibergigiyena qaydalarına riayət etməklə kiberhücumların qurbanı olmaq riskini əhəmiyyətli dərəcədə azalda, şəxsi və bizə dəyərli olan məlumatlarımızı qoruya bilərik.
 
Yuxarıda qeyd etdiyim məsələlərin bizə əsasən işdənkənar mühitdə lazım olaçağına əminəm, belə ki, peşəkar İKT həmkarlarımız iş mühitində bu sahədə bizə zəruri dəstəyi hər zaman göstərirlər.
 
 
Mehman ŞƏFAQƏTOV
İKT mütəxəssisi