Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan Memarlıq İrsi” Mərkəzinin təqdimatı və ilk iclası keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə AzMİU-dan məlumat verilib.
 
Universitetdə fəaliyyət göstərəcək Mərkəz akademik heyət və tələbələrin Qərbi Azərbaycanda yerləşən zəngin memarlıq irsini araşdırmaq, bu sahədə tədqiqatlar aparmaq, abidələrin tarixi və mədəni dəyərini geniş auditoriyaya çatdırmaq məqsədi ilə yaradılıb.
 
Bu gün keçirilən ilk iclasda Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili çıxış edərək Mərkəz və onun gələcək fəaliyyəti barədə tələbələri tanış edib. Onları Qərbi Azərbaycan memarlıq abidələrinin tarixi və mövcud vəziyyəti haqqında məlumatlandırıb. THİK sədri həmin ərazilərdə olan tarixi abidələrin yalnız Azərbaycan xalqının deyil, ümumbəşəri mədəniyyətin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Universitet gənclərinin bu irsin öyrənilməsinə olan marağını yüksək qiymətləndirib. Mərkəzin onlar üçün həqiqi axtarış və yaradıcılıq məktəbi olacağını, tədqiqatçı kimi yetişmələri ilə yanaşı qədim yaşayış məskənimizin öyrənilməsi işinə də böyük töhfə verəcəyini deyib. 
 
Təqdimat zamanı bildirilib ki, Qərbi Azərbaycan ərazisi əsrlər boyu bir çox mədəniyyətlərə ev sahibliyi edib və bu zəngin tarix bölgənin memarlıq irsinə də öz damğasını vurub. Orada yer alan tarixi abidələr müxtəlif dövrlərin memarlıq üslublarını əks etdirir: qədim qala divarlarından tutmuş orta əsr məscidlərinə, karvansaraylara qədər. Təəssüf ki, bu abidələrin bir çoxu siyasi səbəblərdən ciddi zərər görüb və ya məhv edilib. Mərkəzin fəaliyyəti ilə həmin abidələr barədə məlumatların yenidən diqqətə gətirilməsi, onların qorunması və tanıdılması üçün tələbə elmi-tədqiqat işləri, arxiv araşdırmaları, ekspedisiyalar təşkil ediləcək. Tələbələr bu mirası araşdıraraq,  dünya ictimaiyyətinə tanıdılmasına səy göstərəcəklər.
 
İclasda, həmçinin Mərkəzin gələcək fəaliyyət planlarından da danışılıb. Mərkəz tərəfindən yerli və beynəlxalq səviyyəli konfranslar, sərgilər, kitab nəşrləri və elmi-tədqiqat layihələrinin təşkil ediləcəyi deyilib. Sadalanan işlərin fonunda Qərbi Azərbaycan memarlıq irsi dünya miqyasında daha geniş tanıdılacaq, onun bəşəriyyət üçün nə qədər əhəmiyyətli olduğu vurğulanacaq.
 
Məlumat üçün bildirək ki, AzMİU-nun tələbə və müəllimləri bu Mərkəz vasitəsilə, həm Qərbi Azərbaycanın mədəniyyətinə, həm də ümumi memarlıq tarixinə mühüm töhfələr vermək niyyətindədirlər. Bu təşəbbüs, Azərbaycan xalqının öz mədəni irsini qorumaq və gələcək nəsillərə çatdırmaq əzminin bir göstəricisidir.