Təhsil Nazirliyinin “Təhsildə innovasiyalar üzrə II qrant müsabiqəsi” çərçivəsində qalib olmuş Masallı rayonunun Mahmudavar kənd tam orta məktəbinin həyata keçirdiyi “Qızlarımız təhsildə” layihəsinin icrası başa çatıb.

 

Təhsil şöbəsindən daxil olan məlumata görə, bu münasibətlə  şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə təhsil işçiləri, valideynlər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə layihə çərçivəsində görülmüş işlərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Mahmudavar kənd tam orta məktəbinin direktoru, layihə rəhbəri Kinəxanım Əliyeva bildirib ki, layihənin məqsədi valideynləri tərəfindən təhsildən yayındırılan qızların yenidən təhsilə cəlb olunması və diqqətdə saxlanmasıdır.

 

Layihənin birinci mərhələsində hədəf olaraq seçilmiş 20 kəndin məktəblərində seminarlar keçirilib. Bu seminarlarda 412 məktəbli qız iştirak edib. Layihənin ikinci mərhələsində 40 fəal qızın Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinə, SYSLAB Masallı Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Azərbaycanın Dövlət Rəmzləri Muzeyinə, sənaye məhəlləsinə, “ASAN xidmət” Mərkəzinə, ABAD layihəsinin ofisinə, Xalçaçılıq Mərkəzinə, ASAN İntellektual Mərkəzinə ekskursiyaları təşkil olunub.

 

Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev qızların təhsilə cəlb olunması üçün həyata keçirilən layihənin davamlı olmasını arzulayıb. Təhsil şöbəsinin müdir müavini Samit İslamov, layihənin eksperti Rəşad Dadaşov, layihənin təlimçisi Rafət Şirəliyev isə layihə ilə bağlı fikirlərini bildiriblər.

 

Sonda layihə çərçivəsində hazırlanmış “Sonradan” adlı videoçarx nümayiş etdirilib.

Bölmənin digər xəbərləri