Təhsil nazirinin müavini Firudin Qurbanov YUNESKO və Belçika hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Qlobal Təhsil İclasında iştirak etmək məqsədi ilə Belçika Krallığının Brüssel  şəhərinə səfər edib.

 

3-5 dekabr tarixlərində keçirilən Qlobal Təhsil İclasında BMT, YUNESKO, Avropa İttifaqının məsul şəxsləri, YUNESKO-ya üzv dövlətlərin təhsil nazirləri, nazir müavinləri, BMT agentlikləri, beynəlxalq və regional təşkilatların, özəl sektorun nümayəndələri də daxil olmaqla 300-dən çox rəhbər şəxs iştirak edib.

 

Qlobal Təhsil İclasının rəhbər şəxslər üçün olan bölməsinin açılış mərasimində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə BMT-nin xüsusi nümayəndəsi, Belçika kraliçası xanım Mathilde, YUNESKO Baş direktorunun təhsil üzrə müavini Stefaniya Giannini, BMT-nin Baş direktorunun müavini Amina Mohammed, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) direktoru İnqa Rhonda Kinq, təhsil, mədəniyyət, gənclər və idman üzrə Avropa komissarı Tibor Navraksis çıxış edib.  

 

Nazirlərin görüşünün ikinci “dəyirmi masa”sında çıxış edən Firudin Qurbanov ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri - hədəf 4 üzrə görülmüş işlər və gələcək perspektivlərə dair iştirakçılara məlumat verib.

 

Firudin Qurbanov “Hamı üçün inklüziv və keyfiyyətli təhsilin təminatı və ömrü boyu təhsilin təşviq edilməsi”nin (hədəf 4) Azərbaycan Prezidentinin 2013-cü ilin 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə bir çox sahələrdə uyğunluq təşkil etdiyini diqqətə çatdırıb və strategiyada göstərilən islahatların aparılması sayəsində bir çox sahələrdə yüksək nəticələr əldə olunduğuna dair ətraflı məlumat verib.

 

Firudin Qurbanov həmçinin ümumi təhsilin yeni standartlarının  hazırlanması, təhsildə gender bərabərliyinin təmin edilməsi və  inklüziv təhsil sahəsində görülən işlər barədə danışıb və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edildiyini vurğulayıb.

 

Nazir müavini torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması nəticəsində yaranan çətin vəziyyətə baxmayaraq, Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırmasını, son dövrlərdə məcburi köçkün uşaqların təhsil hüquqlarını təmin etmək məqsədi ilə onlar üçün yüzlərlə məktəb tikildiyini bildirib. Firudin Qurbanov ölkədə məktəblərin 70 faizdən çoxunun  yenidən tikildiyini və ya əsaslı təmir olunduğunu da görüş iştirakçılarının diqqətinə çatdırıb.

 

Tədbirin sonunda Dayanıqlı İnkişaf Məqsədləri - hədəf 4 üzrə “Əldə olunmuş nəticələr”ə dair tövsiyə xarakterli yekun bəyanat qəbul edilib.

 

Bölmənin digər xəbərləri