ADU-nun Konfutsi İnstitutu tərəfindən hazırlanan nəşrdə bu qurumun maarifçilik, elm və təhsil fəaliyyətindən bəhs olunur


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Azərbaycan çinşünaslığı” layihəsi çərçivəsində “Konfutsi İnstitutu” adlı kitab nəşr etdirib. Azərbaycan və Çin dillərində nəşr olunan kitab ADU-nun Konfutsi İnstitutunun maarifçilik, elm və təhsil fəaliyyətinə həsr olunub. Kitabda ADU-nun Konfutsi İnstitutunun yaranma və inkişaf tarixi, ADU və Konfutsi İnstitutunun müəllim, professor heyətinin Çində keçirilən beynəlxalq forumlarda və Dünya Konfutsi İnstitutları konfranslarında iştirakı, eləcə də ADU-nun rektoru, akademik Kamal Abdullayevin Çinin aparıcı universitet və elm mərkəzlərinin nümayəndələri ilə Azərbaycan-Çin humanitar əməkdaşlığının genişləndirilməsinə yönəlmiş görüşləri haqqında məlumat verilir. Kitabda Konfutsi İnstitutu tərəfindən keçirilmiş, ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Azərbaycan Prezidenti İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş elmi-tələbə seminarlarının materiallarına xüsusi yer verilib.

 

Kitabda Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə ayrıca bölmə həsr olunub və burada xüsusilə, Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr edilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətləri, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitabın və Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət toplunun təqdimatları haqqında məlumat verilib.

 

Eyni zamanda kitabda ADU-nun Konfutsi İnstitutu tərəfindən aparılan Çin dili və Azərbaycan-Çin ədəbi əlaqələri haqqında elmi və metodiki seminarlar, Çin dilində ixtisas imtahanları, ADU tələbələrinin Çin dilində linqvokulturologiya təcrübələr və beynəlxalq dil müsabiqələrində iştirakı, Azərbaycanda çinli şagirdlər üçün yay düşərgələrinin təşkili ilə bağlı materiallar da yer alır.

 

Kitabın müəllifi, ADU Konfutsi İnstitutunun direktoru,  professor Rafiq Abbasovdur.