Osman Gündüz: “Gündəlik efirə baxaraq qanuna zidd olan onlarla veriliş tapa bilərəm”


Azərbaycanda “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanunun qüvvəyə minməsi ilə internet və teleradio məkanında bir çox qaydalar dəyişəcək. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Azərbaycan müəllimi” qəzetinə 2020-ci ildən qüvvəyə minəcək qanunla bağlı gözlənilən dəyişikliklərdən danışıb.

 

- “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanunun qəbulunu zərurətə çevirən səbəblər çoxdurmu?

- İnternet, xüsusən də yüksək sürətli internet kifayət qədər kütləviləşib. Uşaqlarla bağlı informasiya məhsullarının çoxalması, efirdə uşaqlara birbaşa ziyan vuran verilişlərin artması qanunun hazırlanması və qəbulunu sürətləndirdi. Açıq etiraf etmək lazımdır ki, bu sahədə böyük problemlər var. İnkişaf etmiş ölkələrdə bu problem təxminən 10 il öncə aktual olub. Artıq onlar bu problemləri həll ediblər. Yəni uşaqların zərərli informasiyadan qorunması ilə bağlı həmin ölkələrdə qanunvericilik bazası da, təcrübə də var. Həmin ölkələrdə qanunvericilik olduqca sərtdir. Onlar uşaqların informasiya təhlükəsizliyini təmin etmək, internetlə gələn zərərlərdən onları qorumaq üçün kifayət qədər sərt cəzalar müəyyənləşdiriblər.

 

-“Sərt” qiymətləndirdiyiniz qanunlar hansı ölkələrdədir?

- Amerika, Avropa ölkələrinin əksəriyyətində kifayət qədər mühafizəkar yanaşma var.

 

- Nədə ifadə olunur bu sərtlik?

- Uşaqların sağlamlığına, psixologiyasına təsir edə biləcək informasiyaların siyahısında. Təsnifatlaşdırmaya da xüsusi nəzarət olunur. “Zərərli informasiyalar” siyahısından hər hansı biri ilə bağlı məlumat yayılırsa, təsnifatlaşdırılmasına xüsusi diqqət yetirilir. Həmin ölkələrdə qanunlardan başqa, ictimai qurumlar, fondların da öz qayda-qanunları, qəti tələbləri var.

Tutaq ki, Böyük Britaniyada uşaqları qoruyan bir fond valideynlərə tövsiyə edir ki, uşaqların yataq otağında kompüter, internet ola bilməz. Deməliyəm ki, belə qurumlar valideynlər arasında çox böyük nüfuza malikdir. Həmin ölkələrdə provayderlərə qarşı da sərt tədbirlər görülür. Çünki uşaqları zərərli informasiyalardan qorumaq üçün provayderlərin üzərinə çox böyük iş, məsuliyyət düşür.

 

- Bu məsələdə Azərbaycan qanunvericiliyini beynəlxalq təcrübə ilə müqayisə etsək, necə qiymətləndirirsiniz?

- Bizim qanunda tamamilə yeni şərtlər müəyyən olunub. Qanunun qüvvəyə minməsi üçün 1 il vaxt verilib. Çünki 2020-ci ildən qüvvəyə minəcək sözügedən bu qanunla bağlı xeyli iş görülməlidir. Bu vaxt ona görə verilib ki, şirkətlər qanunun tələblərini yerinə yetirə bilmək üçün böyük hazırlıq keçməlidirlər. O cümlədən televiziyalar buna hazırlaşmalıdır. Hazırda, tutaq ki, bir veriliş gedir. 1 il sonra  həmin verilişi təsnifatlaşdırmadan efirə buraxa bilməyəcəklər. Hətta verilişin təkrarının üzərinə “6+”, “12+” və s. yazmadan efirə buraxmaq mümkün olmayacaq. Odur ki, bunlar indidən oturub işləməlidir. Təsnifatlaşdırmaq üçün nə etmək lazım olduğunu artıq düşünməyə başlamalıdırlar.

 

Bizim qanunda diqqət çəkən məqamlardan biri məhz televiziyalardakı verilişlərlə bağlıdır. Onların təsnifatlaşdırılması ilə bağlı qanunda tələb qoyulub. Bunun üçün xüsusi ekspert qrupları fəaliyyətə başlayacaq. Ekspert qrupları xüsusi rəy verən bir qurum olacaq. Hər adama da ekspertlik verilməyəcək. Başqa bir tərəfdən də qaydalar müəyyənləşməlidir və həmin qaydaları ekspertlər yaxşı bilməlidir. Hansı informasiyanın hansı yaş qrupuna uyğun olduğu düzgün müəyyənləşməlidir. Ona görə də həm dövlət qurumlarının üzərinə çox iş düşür, həm də uşaqlar üçün informasiya hazırlayanların. Tutaq ki, hamıya gedən internet evində uşaq böyüdən ailəyə gedə bilməz. Odur ki, provayderlər buna hazırlaşmalıdırlar. Valideyn ona müraciət etsə ki, evimə “halal” internet lazımdır, o, həmin müştəriyə çeşidlənmiş məlumatı ötürməyə hazır olmalıdır. Qanun imkan verir ki, müştəri bunu provayderdən tələb etsin. Provayder də qanuna görə, bu tələbi yerinə yetirməyə borcludur. Onun üçün də ona vaxt lazımdır. Çünki hamıya eyni interneti verə bilməz. Məsələn, hər hansı kütləvi informasiya vasitəsinə internet məhdudiyyətsiz, çeşidlənmədən daxil olmalıdır. Burada jurnalist pornoqrafiya, yaxud terrorizmlə bağlı yazı yazacaqsa, bunu araşdırma aparmadan edə bilməz. Deməli, redaksiyaya gələn internet çeşidlənməməlidir. Bu məsələlər provayderin ofisində elə qurulmalıdır ki, internet ancaq uşaqlar üçün təmizlənib getsin, başqaları üçün yox.

 

- Bu, indi tənzimlənmir? Məsələn, məktəblərə indi verilən internet çeşidlənmir?

- Əksinə, hazırda ölkəmizdəki məktəblərə məhz çeşidlənmiş internet gedir. Amma internet klublarında  belə  bir süzgəc yoxdur.

 

- Provayderlərə arzulayan hər abonentinə çeşidlənmiş internet verməyə nə mane olur?

- Bunun üçün onlara həm zaman, həm də vəsait lazımdır. Bu müddət ərzində provayderlər öz sistemini, infrastrukturunu buna hazırlamalıdır. Bu isə böyük xərc tələb edəcək. Bilmirəm, bu vəsait necə, kimin tərəfindən həll ediləcək. Provayderin bu xərcini kim ödəyəcək, özü, yoxsa dövlət. Ehtiyat edirəm ki, xərclər provayderlərin öz üzərinə düşdüyü təqdirdə bunu internetin qiymətini artırmaqla tənzimləsinlər. Hansı ki, biz bunu yolverilməz hesab edirik. Fikrimcə, aidiyyəti qurumlar bunu diqqətdə saxlamalıdır.

 

- Ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılmasını, onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının həyata keçirməsi icra orqanlarından asılılıq yarada bilərmi?

- Əlbəttə, informasiya istehsalçıları üçün ciddi başağrıları yarana bilər. Bu, bir az həssas mövzudur. Ölkə qanunvericiliyində uşaqlar üçün qadağan olunan mövzular var. Tutaq ki, pornoqrafiya, erotika, terrorizm, ekstremizm həmin siyahıda yer alıb. İnformasiya hansısa bir məsuliyyətsiz, yaxud başqa məqsəd güdən məmurun əlinə keçərsə, problemlər yaşana bilər. Ancaq ümid edirəm ki, müvafiq icra qurumları ekspert şuraları, əsasnamələr yaradacaq. Həmin əsasnamələrin qəbulundan çox şey asılı olacaq. Çərçivələr necə müəyyən olunacaq? Ekspertlərə status necə veriləcək? Bunlar cavabından çox şey asılı olan əsas məsələlərdir. Tutaq ki, kim “6+”, kim “12+”, yaxud “18+” vermək səlahiyyətinə malik olacaq? Hesab edirəm ki, aidiyyəti qurumlar komissiya yaratmalı olacaqlar. Məsələn, Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bunu edə bilər. Yaxud səhiyyə ilə bağlı, texniki-texnoloji məsələlər ola bilər... Bu baxımdan, ixtiyarı bir quruma vermək, düşünürəm ki, riskli ola bilər. İlk növbədə qaydaları, əsasnaməni, ekspertlərə verilən şərtləri müəyyən etmək lazımdır. Ekspert dəqiq bilməlidir ki, hazırlanan material, tutaq ki, 6 yaşından yuxarı olan uşaqlar üçündür və ona 6 yaşından aşağı uşaqlar baxarsa, onlara hansı ziyan gələ bilər?

 

- Onun necə müəyyənləşdiriləcəyi bəllidirmi?

- Uşaq hüquqları ilə bağlı Konvensiyada, “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanunda, digər hüquqi aktlarda bu məsələlər müəyyən qədər tənzimlənib. Məsələn, pornoqrafiya və erotika hüquqda tam fərqli anlayışlardır. Bu, həssas məsələdir və düşünürəm ki, ekspertlərin statusunun müəyyən olunması ilə bağlı məqamlar üzərində ciddi işləmək lazım gələcək. Çünki televiziyalarda mütəmadi olaraq istifadə olunan nəhəng informasiya resursları var. Gündəlik efirə baxaraq “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanunun tələblərini pozan, bu qanuna birbaşa zidd olan onlarla veriliş tapa bilərəm. Həmin verilişlər bir il sonra da davam edərsə, sərt cəzalar tətbiq ediləcək, hətta verilişləri saxlanacaq. 

 

- Dünya təcrübəsində bununla bağlı cəzalar böyükdür?

- Dünya təcrübəsində çox böyük məbləğlər nəzərdə tutulub. Bununla bağlı Azərbaycanda da İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək. 

 

Ruhiyyə DAŞSALAHLI