Bakı Slavyan Universitetində imtahan prosesi izlənilib


Bakı Slavyan Universitetində soyuq qış günləri ürəklər imtahan həyəcanı ilə qızır. Yanvar ayının ilk  günlərindən 2018-2019-cu tədris ilinin payız semestrinin qış sessiyası start götürüb. Burada 357 fənn üzrə imtahanlar təşkil olunub.

 

İmtahan prosesini izləmək üçün ötən həftə media nümayəndələri universitetə dəvət edilib. Jurnalistlərə məlumat verilib ki, universitetin əsas və ikinci tədris binasında ümumilikdə 44 auditoriyada imtahan keçirilir. İmtahanlardan 33-ü əsas binada, 11-i ikinci tədris binasında aparılır.

 

Jurnalistlərlə görüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva imtahan sessiyası ilə bağlı məlumat verərək deyib ki, təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrinə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur.

 

Rektor imtahanlara hazırlıq üçün universitetdə hər cür şəraitin yaradıldığını, məsləhət saatlarının keçirildiyini qeyd edib. Hazırlıq sadəcə tələbələr üçün təşkil edilməyib. Elə universitet rəhbərliyi və kollektiv də imtahanlarda dəqiq, ədalətli və şəffaf olmaq üçün prosesə məsuliyyətlə yanaşıb: “İmtahanda istifadə olunan tədris sənədləri - blanklar, cavab kartları, qiymət cədvəlləri rektorun möhürü ilə təsdiq edilən sayılı sənədlərdir. Onları dəyişdirmək mümkün deyil. Hər gün dekanlara sayla verilən bu sənədlər xüsusi qeydiyyat jurnallarında qeydə alınır. Bütün bu prosesə kollektiv olaraq böyük məsuliyyətlə yanaşırıq”.

 

Hər gün “Açıq qapı”

 

Nurlana Əliyeva ölkə ali təhsil müəssisələrində “Açıq qapı” günlərinin keçirildiyinə diqqət çəkib. Bunu təhsil müəssisələri arasında əsası qoyulan yaxşı ənənə kimi qiymətləndirib. Ancaq Bakı Slavyan Universitetini digər ali təhsil müəssisələrindən fərqləndirən bir məqam olduğunu vurğulayıb : “Bakı Slavyan Universitetində hər gün “Açıq qapı”dır”.

 

Tələbələrinə diqqəti, sadəcə, qapılarını onların üzünə bağlamamaqla deyil, həm də tələbələrinin imtahanlarına, imtahanlarda verdikləri cavablara həssas münasibəti ilə ortaya qoyduğunu deyən Nurlana Əliyeva bildirib ki, nəinki münaqişə komissiyasının fəaliyyətində, imkan tapanda tələbələrin yazı işinin yoxlanılmasında da iştirak edir: “Onların səviyyəsi mənim özüm üçün maraqlıdır. Diqqətimi ən çox cəlb edən orfoqrafik cəhətdən səhvlərini tələbələrin qəbul etməmələridir. Orfoqrafik səhvlə əlaqədar olaraq yazı işlərində qiymətlərinin salınması ilə heç cür razılaşmırlar. Apardığımız işlər arasında ən mühüm və ən sadəsi məhz bununla bağlıdır. Bütün kafedralara, müəllimlərə tapşırıq verilib ki, ixtisasından asılı olmayaraq, tələbələrin yazı savadına diqqət göstərilməlidir. Bu məsələ üzərində çox işləyirik və əminəm ki, qısa müddət sonra bu işimizin nəticəsini görəcəyik. Tələbələrimiz tezliklə anlayacaq ki, düzgün yazı hər peşəkarın, hər mütəxəssisin ilk göstəricisidir”.

 

BSU seçilir

 

Universitet rektoru tələbələrin dünyagörüşünün, universitetdə verilən təhsilin keyfiyyətinin artırılması məqsədi ilə aparılan çoxşaxəli əməkdaşlıqlardan da söhbət açıb: “Universitetlərlə əlaqələrimiz çox sıxdır. Çoxlu sayda birgə tədbirlərimiz var. Bu il əməkdaşlarımızın xarici ölkə jurnallarında çap olunan məqalələrinin də sayı artıb”.

 

Nurlana Əliyevanın sözlərinə görə, Bakı Slavyan Universiteti Slavyan ölkələri universitetlərinin arasında sayılıb-seçilir. Tələbə və müəllim mübadiləsi həyata keçirilir. Xarici ölkələrdə fəaliyyət göstərən 8 universitetdə Azərbaycan mədəniyyəti və tədrisi mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə Azərbaycan təbliğ olunur. Mərkəzlərin təşkil olunduğu universitetlərin tələbələri ölkəmizin mədəniyyəti, ədəbiyyatı, incəsənəti ilə yaxından tanış olurlar. Elə Bakı Slavyan Universitetində də 9 ölkənin mədəniyyət və tədrisi mərkəzi fəaliyyət göstərir.

 

BSU-da münaqişələr necə həll edilir?

 

BSU-da hər fakültələr üzrə münaqişə komissiyaları fəaliyyət göstərir. İmtahan prosesi ilə bağlı hər hansı etirazı olan tələbələr ilk növbədə fakültələr üzrə təşkil edilən komissiyalara müraciət edirlər. Onların tələb və şikayətləri təmin edilməsə, bu dəfə Mərkəzi Münaqişə Komissiyasına üz tuturlar. İmtahan sessiyası başlayandan Mərkəzi Komissiyaya artıq 40 nəfər müraciət edib. Müraciət edənlər qiymətləndirmədən narazı qalanlar olub. Onlardan 23 nəfərin şikayəti haqlı hesab edilərək qiyməti qaldırılıb. Nurlana Əliyevanın sözlərinə görə, burada 1-2 ballıq fərqdən söhbət gedir: “Qərarımız belədir ki, bal daha çox qaldırılarsa, o zaman dərs deyən və imtahan cavablarını yoxlayan müəllimlər dəvət edilir. Tələbənin qiymətində niyə bu qədər çox fərq yarandığı onlarla birgə araşdırılır. Az-az da olsa, belə  faktların fərqinə varır, sonuna qədər araşdırırıq”.

 

Yüksək balla universitetə qəbul olunanlar da Pedaqoji fakültənin tələbələridir

 

Jurnalistlər imtahan prosesini izləmək üçün auditoriyalara baş çəkiblər.

 

Zalda universitetin ən böyük fakültəsinin - Pedaqoji fakültənin tələbələri imtahan verir.

 

Məlumat üçün qeyd edək ki, bu fakültədə 1100 tələbə təhsil alır. 4 ixtisas üzrə müəllim hazırlığı həyata keçirilir. Xarici dil (Rus dili) müəllimliyi, İbtidai sinif müəllimliyi (rus və Azərbaycan bölməsi), Məktəbəqədər təlim və tərbiyə,  Təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə ali təhsilli kadrlar hazırlanır. Bu ixtisaslardan ikisi yenidir. Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə iki ildir ki, tədrisə başlanılıb. Ali təhsilli tərbiyəçilər cəmi 3 qrupdan ibarətdir. Növbəti illərdə bu qrupların sayının artacağı şübhə doğurmur.

 

Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə BSU bu il ilk məzunlarını məktəblərin ixtiyarına verəcək. Məktəb psixoloqları zərurət hiss edilən məktəblərdə növbəti tədris ilindən işə başlaya biləcəklər. Hələliksə Pedaqoji fakültənin IV kurs tələbələri 3 aylıq təcrübəyə hazırlaşırlar.  Fevral ayından 135 tələbə məktəblərdə dərs deyəcək.

 

Fakültənin dekanı Flora Naciyeva bildirib ki, universitetdə ən yaxşı oxuyan tələbələr də, yüksək balla universitetə qəbul olunanlar da Pedaqoji fakültənin tələbələridir: “Xüsusən ibtidai sinif müəllimliyi ixtisası üzrə məzunlarımız dərhal işə götürülürlər. Yüksək balla universitetə daxil olan tələbələr arasında bu fakültənin tələbələri çoxdur. Bu siyahının ilk sıralarında olan 545 balla Səkinə Nəcəfova ibtidai sinif müəllimliyi ixtisası üzrə Azərbaycan bölməsində, 539 balla Aysel Abbasova rus bölməsində təhsil alır.

 

Tərcüməçilər öz universitetindən razıdır

 

Fidan Hüseynova pedaqoji fakültənin ibtidai sinif müəllimliyi ixtisası üzrə rus bölməsində oxuyur: “İmtahan saat 9-da başlayıb. 11.30-dək davam edəcək. 5 suala cavab verməliyəm. Suallardan ikisi praktikdir. Artıq hər biri ilə bağlı fikrim var. Düşünürəm ki, hamısına düzgün cavab verəcəyəm. Bu imtahana yaxşı hazırlaşmışam. Suallar imtahandan əvvəl bizə təqdim edilmişdi. Elə həmin suallar əsasında hazırlaşmışıq. Bu, mənim üçüncü imtahanımdır”.

 

Başqa bir imtahan zalında tərcüməçilik ixtisası üzrə imtahan başlayıb.

 

Firudin Məsimov Tərcümə fakültəsinin Azərbaycan -rus dili tərcüməçiliyi ixtisası üzrə təhsil alır. Hazırda üçüncü imtahanıdır: “Əvvəlki imtahanlarımın da nəticəsi yaxşıdır. Bu dəfə də uğurlu olacaq”.

 

Semestr ərzində oxuduğu üçün imtahan prosesinin ona ağır gəlmədiyini deyən tələbə universitetindən razıdır: “Təhsilimiz keyfiyyətlidir. Təhsil mühiti yaxşıdır. Normal müəllim-tələbə münasibətləri var”. 

 

Röya Haqverdiyeva və Leyla Səfərovanı da universitet mühiti tamamilə qane edir. Bakı Slavyan Universitetinin məzunu olacaqlar. Bu, hər ikisi üçün qiymətlidir. İndiyədək imtahanlarında bir çətinlikləri olmayıb: “Bu imtahanımızı da uğurla verəcəyik. Sualların hər biri ilə bağlı cavabımız hazırdır”.

 

Ayxan Arzumov Tərcümə fakültəsində ingilis dili üzrə I kurs tələbəsidir. Artıq üçüncü imtahanı verir. Hələlik kəsiri də yoxdur, narazılığı da. Təhsil mühitini də qənaətbəxş sayır.

 

“...hər tələbə əmin olur ki...”

 

BSU-nun auditoriyalarında sadəcə tələbələr imtahan vermir. Bu günlərdə magistrantlar da tədris ilinin ilk yarısında necə öyrəndiklərinin, nə qazandıqlarının hesabatını verirlər. Universitetdə 200 nəfərdən çox magistr təhsil alır. Tələbələrdən heç də fərqlənməyən Toğrul Ələkbərli də magistrantdır.  Azərbaycan dili ixtisası üzrə təhsil alır. 546 balla universitetə, 105 balla magistraturaya daxil olub: “Universiteti bitirəndə hər tələbə əmin olur ki, ölkəmizdə ən yaxşı universitetlərdən birində təhsil alır. İki imtahanımı uğurla vermişəm. Bu imtahanımın da nəticəsi yaxşı olacaq”.

 

Operativ qərargah münaqişələri operativ həll edir

 

Beynəlxalq münasibətlər fakültəsində regionşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi  İbrahim Miriyev də üçüncü imtahanını verir. Hər imtahanından uğurla keçib. Bu gün də nəticələrinin yaxşı olacağına ümidlidir. 

 

Beynəlxalq münasibətlər fakültəsinin dekanı Şirinbəy Əliyevin sözlərinə görə, bu ixtisas üzrə təhsil alan fərqli qruplar imtahan verir. Auditoriyada 4 bolqarşünas, 3 yunanşünas, 11 nəfər Türkiyəşünas imtahan verir. Dekan qeyd edib ki, bu ixtisas üzrə təhsil alan tələbələr imtahanda və ümumi fənlərdə bir yerdə təhsil alsalar da, ixtisas fənlərində ayrılırlar.

 

Növbəti auditoriyada III kurs tələbələri Dünya  siyasəti fənnindən imtahan verir. Zəhra Məmmədova xarici dillər kafedrasının müəllimidir. Burada imtahan prosesinə nəzarət edir. Bu ixtisas üzrə 20 tələbə imtahan verməli olsa da, 2 nəfər imtahanda iştirak etmir. 8 tələbə isə artıq suallara cavab verib və imtahandan çıxıb. Hər hansı münaqişəli vəziyyət yaranmayıb.

 

Bəs, münaqişəli vəziyyət yaranarsa, onu kim, necə həll edir? Bakı Slavyan Universitetində bu məqsədlə Operativ qərargah fəaliyyət göstərir. Yanvarın 3-də payız semestri üzrə imtahan sessiyası başlayandan bu qərargah da işə başlayıb. 13 nəfərdən təşkil edilib.  Qərargahın rəhbəri, professor Habil Məmmədov tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini vurğulayıb.

 

Ruhiyyə DAŞSALAHLI