Aynur Camalova: “Müasir şagird çoxlu oxumalı və öyrənməlidir”


Aynur Camalova 1996-cı ildə  Şəmkir rayonunda  anadan olub. 2018-ci ildə Gəncə Dövlət Universitetinin tarix  fakültəsini bitirib. Həmin il Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək 50 bal toplayıb.

 

Hazırda  İmişli rayonu  Qaralar kənd N.Abışov adına tam orta məktəbdə tarix müəllimi işləyir.

 

 

- Aynur  xanım,  bu peşəyə necə gəlməyiniz barədə məlumat verməyinizi  istəyirik.

 

- Məktəb illərində mən də başqa həmyaşıdlarım kimi yüksək xəyallar qururdum. Nəhayət, böyüdüm və peşə seçmək məqamına gəlib çatdım. Valideynlərimin istəyi məni həkim görmək idi. Amma, bilirsiniz, insanı məcbur olduğu deyil, sevdiyi sənəti ucaldır. Qarşımda iki seçim var idi. Ya xəyallarımın ardınca gedib müəllim olacaqdım, ya da valideynlərimin istəyi ilə həkim. Mən öz arzumu seçdim. Və müəllim olmaq üçün əlimdən gələni əsirgəmədim.  2013-cü ildə Şəmkir rayonunun Aşağı Seyfəli kənd tam orta məktəbini bitirərək Gəncə Dövlət Universitetinin tarix fakültəsinə daxil oldum. 2018-ci ildə ali məktəbi bitirib Müəllimlərin İşə Qəbulu müsabiqəsində uğur qazandım. 50 bal toplayaraq hazırda çalışdığım və xəyallarımın gerçəkləşdiyi İmişli rayonunun Qaralar kənd tam orta məktəbinə tarix müəllimi təyin olundum.

 

- Pedaqoji  fəaliyyətinizdə dərsinə hazır olmayan şagirdlərin hansı orijinal “bəhanə” cavabları olub?

 

- Mənim bu səbəblərə görə öz qeyd dəftərim var. Bu dəftərimə şagirdlərin “bəhanə”lərini yazıram. Ən çox “bəhanə”lər - “mən yuxumu almamışam”, “dərsi bütün gecə oxumuşam, amma yadımda qalmayıb”, “dünən başım bərk ağrıyırdı”, “bu günə dərsin olduğunu unutmuşam”, “qonağımız gəlmişdi, o qədər çox gec getdilər ki...” və s. Çalışıram ki, bəhanələrə yer qalmasın.

 

- Deyirlər ki, hər bir müəllim öz fənnini ən yaxşı fənn hesab edir. Bəs sizin bu fikrə münasibətiniz necədir ?

 

- Bəli, həqiqətən də, bu, belədir. Tarixi hadisələri öyrənmək, hadisələri təhlil etmək və oxuduğum tarixi əsərlərdən zövq almağım bu fənni mənə sevdirib. Öncə söylədiyim kimi lap uşaqlıq illərindən bu fənnə böyük sevgim olub. Amma başqa fənlərə marağım olsa da, o fənləri tarix qədər öyrənə bilməmişəm.

 

Bu peşə çox zəhmət tələb edən bir işdir. Artıq indi hiss edirəm ki, uşaqlarla işləmək məndə bu peşəyə böyük həvəs və sevgi yaradıb. XXI əsrin müəllimi olmaq isə, sözün əsl mənasında,  böyük zəhmət və iradə tələb edir.

 

- Müəllimin iş günləri çox zəngin olur. Hər gün dərslər, digər məktəb işləri, valideynlərlə görüş, pedaqoji şuralar, iclaslar və s. Bəs iş günündən sonra gərginliyi ən yaxşı nə azaldır?

 

- Bəlkə də, şagirdlərlə ünsiyyət, dərs prosesi mənəvi rahatlıq verir desəm, təvazökarlıqdan uzaq olar. Buna baxmayaraq, bir gənc müəllim kimi gərgin vaxtlarım çox olur. Gərginliyi aradan qaldırmaq üçün həzin musiqi və ən çox muğamları dinləməklə mənəvi rahatlıq tapıram. Bəzən də Nəriman Həsənzadənin şeirlərini oxuyuram. Yaşadığım evdə fiziki işlə məşğul olmağım da gərginlikləri azaldır.

 

- Müəllim olmaq sizin üçün nə deməkdir? Sizin özünüzə nümunə hesab etdiyiniz müəllim olub?

 

- Müəllim olmaq böyük məsuliyyətdir. Bu, ən əhəmiyyətli və nəcib peşələrdən biridir. Düşünürəm  ki,  müəllim  yalnız  effektiv  təhsil  və təlim modelini həyata keçirən deyil, o, eyni zamanda uşaqları sevən, onların şəxsiyyətinə hörmətlə  yanaşan,  daim inkişaf  edən  və  ruhən zəngin bir insandır.  Mən  həm  məktəb, həm  də  tələbəlik  illərində  gözəl müəllimlərdən dərs və tərbiyə almışam. Mənim isə ən sevimli müəllimim orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimim Tərlan Məcidova olub.

 

- Sizin  peşə  ustalığı  ilə  bağlı  sirləriniz  varmı?

 

- Mənim bir yolum var, o da, vicdanla işləməkdir. Açığı deyim ki, mənə təbiət  tərəfindən hansısa qeyri-adi bir istedad verilməyib. Həm şagird olanda, həm də tələbəlik illərində elə müəllimlərim olub ki, dərsə gəlib  və onu asanlıqla yola verib. Mən isə belə düşünə bilmirəm. Axı bu məktəbdə çalışmaq üçün MİQ-dən və müsahibədən keçmişəm. Məni müəllim vəzifəsinə təyin ediblər. Bütün bu ümudləri doğrultmaq üçün indi mənə yorulmadan çox çalışmaq lazımdır.

 

- Sizin fikrinizcə müasir şagirdin siması necə olmalıdır?

 

- Fikrimcə, müasir şagird məktəbdən sonrakı həyatını necə qurmaq və ya bununla bağlı  seçim etmək üçün çoxlu oxumalı və öyrənməlidir. İndi texnologiyanın sürətli inkişafı gələcək üçün bir çox yeni sahələr, peşələr yaradır və yaradacaq. Bu gün aktual olan peşələrə yaxın gələcəkdə ola bilsin ehtiyac belə qalmasın. Onlar istəklərini, qabiliyyətlərini və imkanlarını nəzərə alaraq seçim etməlidirlər. Günümüzün şagirdi özünü başa düşməli, ona nə lazım olduğunu dərk edərək öz gələcək yolunu özü seçməlidir. Bu yol isə öncə söylədiyim kimi, oxumaqdan və öyrənməkdən keçir.

 

- Məktəbdə sizin yaşınız qədər çalışan, yetərincə təcrübəsi olan müəllimlərlə yeni gəlmiş gənc müəllimlər arasında münasibətlər necədir?

 

- Onlarla ən xoş və isti münasibətlərim var. Hamı şaddır ki, nəsillər dəyişir və təcrübəli müəllimləri əvəz edəcək gənclər də var. Biz onlara  məsləhət üçün və yaranmış suallara görə müraciətlər edirik. Tez-tez özümüzün dərslərlə bağlı yeni ideyalarımızdan danışırıq. Elə anındaca bunun xoş nəticəsini görürük. Deməli, bizi çox xoşluqla qarşılayırlar və hiss edirik ki, onlar da bizə çox ehtiram və hörmətlə yanaşırlar. Təcrübə və biliklərini bizimlə bölüşməkdən çox məmnun qalırlar. Axı biz onların davamçılarıyıq.

 

- Siz dərslərdə səs salan, dərsə mane olan şagirdləri necə “cəzalandırırsınız”?

 

- Belə şagirdlərlə söhbət ən çox iki variantda başa çatır:

 

1. Çalışıram başa salım ki, dərsdə özünü belə aparıb başqalarına mane olmaq müəllimə və şagird yoldaşlara hörmətsizlikdir. Bundan sonra o, geri çəkilir.

 

2. O, başa düşür ki, onun bu hərəkəti yersiz olduğuna görə şagirdlərin gülüş mənbəyinə çevrilib. Bununla da o, səhvini başa düşür. Sonralar bu hərəkətlərə yol vermir.

 

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 

 

 

 



Bölmənin digər xəbərləri