Samirə Cəfərova: “Mən öyrətməyi sevdiyim qədər öyrənməyi də sevirəm”


Samirə Cəfərova 1982-ci ildə Şəmkir şəhərində anadan olub. 2002-ci ildə Gəncə Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib. Elə həmin ildən Göygöl şəhər 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 14 il həmin  məktəbdə çalışdıqdan sonra 2016-cı ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Gəncə şəhər 35 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 2017-ci ildə yenidən yerdəyişmədə iştirak edərək İ.Qayıbov adına Gəncə şəhər 1 nömrəli tam orta məktəbə təyinat alıb.

 

 

- Müəllim adı sizin üçün nə ifadə edir?

 

- Müəllim  adı mənim üçün çox dəyərli, qiymətli, həm də müqəddəs bir addır. Bu peşəni, bu vəzifəni mən dünyanın heç bir vəzifəsinə dəyişmərəm. Körpələrlə işləmək, onlara nəyisə öyrətmək mənim ən sevimli məşğuliyyətimdir. Həm də mən öz işimlə, öz əməlimlə xalqıma bir fayda verməyi özümə bir vətəndaşlıq borcu sanıram. Müəllimlər təkcə öz akademik biliklərini şagirdlərinə ötürməklə kifayətlənməməli, onlar bir pedaqoq olaraq öz şagirdlərinin şəxsiyyətinin və psixologiyasının formalaşmasında əvəzedilməz işlər görməlidir. Bu, ilk baxışdan göründüyü kimi o qədər də asan iş deyil. “Müəllim” sözü “öyrətmək” sözü ilə bir-birinə çox yaxındır. Mən öyrətməyi sevdiyim qədər öyrənməyi də sevirəm. Odur ki, tələbəlik illərindən indiyə qədər müəllimlik sənətinin incəliklərini öyrənməyə çalışmışam. Daim yeniliklər axtarışında olmuşam. Mənim fikrimcə əsl müəllim olmaq üçün təcrübənin nə qədər çox olmasından asılı olmayaraq yeniliklərə açıq olmalısan. Daim yeniliklər axtarışında olmalısan.

 

- İbtidai siniflərdə dərs aparırsınız. Şagirdlərin məktəbə adaptasiya olunmasında bəzən çətinliklər müşahidə olunur. Bu müddət ərzində nələr edibsiniz?

 

- İbtidai siniflərdə dərs aparmaq olduqca maraqlı və çox məsuliyyətli bir işdir.  Bu iş müəllimdən çox böyük bacarıq və kompetensiyalar tələb edir. Belə ki, ibtidai sinif müəllimi öz ixtisası ilə yanaşı uşaq psixologiyasını da daha dərindən bilməlidir. Uşaqlar məktəbə ilk qədəm qoyduqda onların həyatına bir fərqlilik gəlir. Bu, onların psixoloji durumuna da təsir edir. Şagirdlərin bəziləri ilk dəfə olaraq valideynlərindən, evlərindən, həmişə yaşadıqları mühitdən ayrı düşürlər. Bütün bunlar bəs edir ki, uşaqların psixoloji durumunda dəyişiklik yaransın. Yaşından , xüsusiyyətlərindən və yaşadıqları mühitdən asılı olaraq uşaqların psixologiyası və məktəbə adaptasiya olunması da fərqli olur. Bilirsiniz nə zaman şagird sinfə adaptasiya olmaq istəmir? O, ilk gün yeni düşdüyü mühitdə isti münasibət görmədikdə, müəllimə inamı və sevgisi olmadıqda həmin mühit onu sıxır və şagird həmin mühiti qəbul etmək istəmir, bu mühitə uyğunlaşmaq, adaptasiya olmaq onun üçün çətinləşir.

 

- Müəllim-şagird-valideyn üçlüyü yaxşı nəticə əldə etmək üçün vacibdir. Bəs siz bu sahəni inkişaf etdirə bilmisinizmi?

 

- Əlbəttə, müəllim-şagird-valideyn üçlüyü təhsil sisteminin ayrılmaz bir hissəsidir. Bu üçlük daim birlikdə çalışmalıdır ki, təhsildə yaxşı nəticələr əldə etmək daha asan olsun. Məsələn, götürək elə yuxarıda qeyd etdiyimiz adaptasiya problemini. Bu problemi  həll etmək üçün valideyn-müəllim-şagird üçlüyü olduqca önəmlidir. Bununla bağlı öz təcrübəmi sizinlə bölüşmək istərdim. Mən adaptasiyada problem yaşamamaq üçün tədris ili başlamamışdan əvvəl valideyn sorğusu vasitəsi ilə şagirdlərimi yaxından tanımağa çalışıram. Onun nəyə maraq göstərdiyini, sevimli əyləncəsi və fərdi psixologiyasını dərindən öyrənirəm. Dərs ilinin ilk günü və yaxud şagirdlərlə ilk görüşüm zamanı onlarla gözəl bir ünsiyyət qururam. Onları sevdiyimə, onlara məktəbin sirlərini sevə-sevə öyrədəcəyimə, məktəb həyatının onların həyatında böyük rolu olacağına inandırıram. Bu inam hissi şagirdlərin də mənə olan sevgisini çoxaldır. Sevgi olan yerdə isə hər şeyə asanlıqla nail olmaq olur.

 

- Siz, həm də məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərə təlim keçirsiniz. Ümumiyyətlə, məktəbəhazırlığın nə kimi üstünlükləri var?

 

- Məktəbəhazırlıq şagirdlərin məktəb ilə tanışlığıdır. Nəzərə alsaq ki, istənilən sahədə bünövrə vacib məsələdir. Elə məktəbəhazırlıq da təhsil pilləsinin özəyi olduğu üçün biz müəllimlərin çiyninə çox böyük məsuliyyət düşür. Şagirdlərə məktəbi sevdirməli, yeni biliklər öyrətməli, bu prosesləri onlara əylənərək tətbiq etməliyik.  Şagirdlər evdə öyrəşdikləri rahat mühitdən uzaqlaşmağa başladıqca, bu, bəzən qorxu ilə müşayiət olunur. Ancaq istənilən halda biz müəllimlər şagirdlərdəki o qorxuları məğlub etməyi bacarmalıyıq. Təlimlərə gəldikdə isə işimdə hər zaman təkmilləşməyi çox vacib istiqamət hesab etmişəm. Bunun üçün dəfələrlə müxtəlif təlimlərdə iştirak edərək, bu sahəni daha yaxşı öyrənməyə çalışmışam. Gəncə şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qrupu müəllimləri üçün müxtəlif vaxtlarda qısa və uzunmüddətli təlimlərdə təlimçi olaraq iştirak etmişəm. Belə təlimlərdə daha çox sinif otağında həyata keçirilən müxtəlif tip oyunlar, şagird psixologiyası, məktəbə adaptasiya olunma kimi məsələlər birlikdə müzakirə olunur və öyrədilir. Ümumiyyətlə məktəbəhazırlıq qrupunda düzgün təhsil almış uşaqların sonrakı təhsili daha uğurlu nəticələr verir.

 

- Müəllim olmaq istəyənlərə nə tövsiyə edərdiniz?

 

- Müəllim olmaq istəyənlərə birinci onu tövsiyə  edərdim ki, onlar bu peşəni seçirlərsə, o zaman  sevərək çalışsınlar, şagirdlərini sevsinlər, onlara inansınlar, şagirdlərə məktəbi sevməyi öyrətsinlər, onları vətənpərvər ruhda yetişdirsinlər, insani keyfiyyətlər formalaşdırsınlar. Bütün bunlarla yanaşı onlara akademik biliklər versinlər. Heç nəyə baxmadan, yorulmadan inkişafları üçün çalışsınlar. Müəllim hər bir şagirdinin şəxsiyyət kimi formalaşmasında əsas rol oynayır. Müəllim olmaqla biz üzərimizə böyük bir məsuliyyət götürmüş oluruq, əsasən də ibtidai sinif müəllimi olan insan. Çünki bu peşənin sahibi bütün peşələrin özül rolunu oynayır.

 

 

Raminə MƏMMƏDOVA,

Gəncə Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 

 

Bölmənin digər xəbərləri