İdmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir


Ölkəmizin inkişafının indiki mərhələsində strateji məqsədi  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq fiziki tərbiyə və idman sisteminin ölkədə tam və davamlı inkişafına nail olunması, onun köməyi ilə uşaqların, yeniyetmə və gənclərin sağlamlığının yaxşılaşdırılması, bununla bağlı cəmiyyətdə aktual olan sosial və iqtisadi problemlərin həll edilməsi və müasir dövrün tələblərinə uyğun fəaliyyətin təşkilidir. Bu sahədə əsas istiqamətlər,  fiziki tərbiyə və idman fəaliyyətinin məktəblilərin və tələbələrin şüurunda sağlam həyat tərzi kimi formalaşması, onların fiziki inkişafında və fiziki kamilliyə çatmasında zəruri olan  qabiliyyətlərin təkmilləşdirilməsi yolu ilə yüksək fiziki təhsil səviyyəsinə nail olmaq, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

 

Fiziki tərbiyə və idman sahəsi üzrə aparılan elmi-tədqiqat işlərinin məqsədi yaşından, etnik mənşəyindən, sağlamlıq vəziyyətindən asılı olmayaraq, hər kəsin idman fəaliyyəti dairəsinin genişləndirilməsi məsələsini həll etmək, idman və gənclər təşkilatlarının, klubların, cəmiyyətlərin, həmçinin məşqçi və könüllülərin dinamik şəbəkəsini yaratmaq, idmanla kütləvi şəkildə məşğul olmaq üçün insanların problemlərinin həll yollarını tapmaqdır. Fiziki tərbiyə və idmanın kütləviliyini təmin etmək günümüzün vacib məsələlərindəndir. İdmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir.

 

Ümummilli liderimiz Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu haqda belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”.

 

Müasir dövrdə fiziki tərbiyə və idman öz aktuallığını qoruyub saxlayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi sərəncam, xalqımızın gələcəyə istiqamətlənmiş siyasətinin vacib hissələrindən biridir. Bu sərəncamda, Azərbaycan gənclərini sağlam və fəal həyat tərzinə təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013-2023-cü illəri əhatə edən İnkişaf Strategiyası və 2016-2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və Dövlət Proqramı hazırlanaraq həyata keçirilməkdədir.

 

Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da  öz çiçəklənmə dövrünü yaşayır. Yüksək  səviyyəli idman infrastrukturunun yaradılması və 50-yə yaxın olimpiya idman kompleksinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür. Ölkə rəhbərliyi bu inkişafın bütün ölkəyə yayılmasını və idmanın kütləviləşməsini istəyir. Paytaxtda və bölgələrdə güclü idman bazaları yaradılır ki, gənclərimiz bu bazalarda idmanla məşğul olaraq sağlam böyüsünlər.

 

Statistika Komitəsinin 2017-ci ilə olan məlumatına görə, Azərbaycanda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı təxminən 1.660.391 nəfərdir. Bu, əhalinin ümumi sayının 17,5%-ni, fəal yaş qruplarına (5-39 yaş) olan nisbətdə isə 29,1%-ni təşkil edir. Bu göstərici qızlar və qadınların ümumi sayının 14,5%-ni təşkil edir.

 

İdman bölmələrində daim idmanla məşğul olanların ümumi sayı 444.473 nəfərdən ibarətdir. Bu göstərici əhalinin ümumi sayının 4,8%-i, bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının isə 26,7%-i deməkdir.

 

Respublikamızda əhalinin ümumi sayına görə bədən tərbiyəsi və idmanla məşğulluq göstəriciləri, bəzi ölkələrlə müqayisədə belədir:

 

Finlandiya-70%,  Avstraliya-57 %,  İngiltərə-32%, Azərbaycan-17,5%.

 

 

 

 

Yaranmış vəziyyətlə əlaqədar Milli Strategiyanın əsas hədəflərindən biri, bədən tərbiyəsi və idmanın ölkədə kütləvi inkişafına nail olmaqdır. 2020-ci ilədək respublikada bədən tərbiyəsi və idmanla məşğul olanların sayının 2-3% artırılması, 2020-ci ildə isə ölkə üzrə ümumi göstəricinin 25-30%-ə, qızlar və qadınlar arasında isə 20-25%-ə çatdırılması qarşıya məqsəd qoyulub.

 

Hazırda keçmiş ilə müasir dövr arasında kəskin fərqlər yaranmışdır. Bir çox tədqiqatçılar təsdiqləyirlər ki, müasir insanın fiziki yüklənməsi, 100 il qabaqkı insanın fiziki yüklənməsindən 100 dəfə azdır.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  384 saylı 2016-cı il iyun tarixli bülletenindəki məlumatlar yuxarıda qeyd olunanları təsdiq edir.

 

- qeyri-aktiv həyat tərzi və fiziki hərəkətsizlik dünya üzrə ölümə səbəb olan dördüncü əsas risk amildir;

 

-hər il, təxminən, 3,2 milyon insan bu səbəbdən həyatını itirir;

 

-ürək-damar xəstəlikləri, xərçəng və diabet kimi qeyri-yoluxucu xəstəliklərin yaranması üçün əsas risk amillərdən biridir.

 

-aktiv həyat tərzi və fiziki hərəkət, əhəmiyyətli dərəcədə sağlamlığa faydalıdır və xəstəliklərin qarşısını almaqda vacib amil sayılır;

 

- dünyada hər 3-cü şəxs kifayət qədər aktiv həyat yaşamır.

 

Statistik məlumatlara görə, müasir dövrdə məktəblərdə təhsil alan uşaq və yeniyetmələr zehni iş ilə həddən artıq yüklənmişlər. Gigiyena alimləri sübuta yetirir ki, məktəblilərin gün rejiminin 82-85%-i məktəbdə və evdə dərs öyrənməyə, tapşırıqları həll etməyə, bir sözlə, oturaq həyat tərzinə sərf olunur. Hətta kiçikyaşlı məktəblilərin fiziki hərəkətlərə və aktiv fəaliyyətə olan tələbat isə cəmi 15-19% ödənilir.

 

Hər bir yeniyetmənin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması vacibdir. Təəssüflə qeyd etməliyik ki, məktəblilərin çox az bir hissəsi idman dərnəklərinə və bölmələrinə, ümumi fiziki hazırlıq qruplarına cəlb olunmuşlar. Bunun nəticəsidir ki, uşaqlar və yeniyetmələr arasında hipodinamiya təhlükəsi getdikcə artır, bu da ürək, qan-damar, əsəb və maddələr mübadiləsinin pozulması kimi bir sıra xəstəliklərin geniş yayılmasına gətirib çıxarır.

 

Sübut olunmuşdur ki, insanların sağlamlığı yalnız 8-10% səhiyyə müəssisələrinin fəaliyyətindən, 18-22% genetik faktorlardan, 17-20%  ətraf mühitin vəziyyətindən və 49-53% həyat tərzindən və şəraitindən asılıdır.

 

Fiziki hərəkətlər insanın konkret vəzifəsinin həlli ilə bağlı məqsədyönlü hərəki fəaliyyətidir. Hər bir hərəki fəaliyyət ayrı-ayrı hərəkətlərdən ibarətdir. İnsanın fiziki inkişafı və təkmilləşməsi üçün tətbiq olunan hərəkətlər fiziki hərəkət adlanır. Fiziki hərəkətlər fiziki tərbiyə qanunauyğunluqlarına uyğun təşkil olunmuş fəaliyyətdir. Məktəbdə əsas fiziki tərbiyə vasitəsi fiziki hərəkətlərdir. Fiziki hərəkətlər hərəki bacarıq və vərdişləri formalaşdırır, hərəkət aparatını inkişaf etdirir. Qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır, tənəffüsə müsbət təsir göstərir. Fiziki hərəkətlər surəti, cəldliyi, gücü, dözümlülüyü artırır, insan həyatı üçün vacib olan yeriş, qaçış, hoppanma, müvazinət və atmalar kimi təbii hərəkətlər üzrə vərdişləri təkmilləşdirir.

 

Hazırda dünyada bədən tərbiyəsi və idmanın insanlığın vacib həyat norması olduğu fikrini qəbul edənlərin sayı günü-gündən artmaqdadır. Bu da öz növbəsində, cəmiyyətin hamılıqla və şəxsi formada qəbul etdiyi yeni ictimai və fərdi yanaşmaların yaranmasına səbəb olur. Ümumiyyətlə isə, cəmiyyətin inkişaf səviyyəsi insanların fərdi bacarıqlarının və keyfiyyətlərinin üzə çıxarılması, inkişaf etdirilməsi və istifadə olunması dərəcəsi ilə ölçülür. Bu zaman əhalinin müxtəlif yaş dövrlərində, əsasən də həyatlarının ilk yarısında mədəni dəyərlər sisteminin əsas komponentlərindən biri olan sağlamlığını və fiziki hazırlıq səviyyəsini xüsusilə qeyd etmək lazımdır. Çünki qalan digər mədəni dəyərlərin inkişafı və formalaşması çox zaman bu kriteriyalardan asılı olur.

 

Bədən tərbiyəsi və idman insanda müsbət əxlaqi keyfiyyətlər, vətənə məhəbbət, ailəyə bağlılıq, özünəinam, səbr, mətanət, dözüm və s. formalaşdırır. Bundan başqa,  bədən tərbiyəsi və idmanın köməyi ilə digər tərbiyə növləri - əmək tərbiyəsi, şəxsi gigiyena tərbiyəsi, iqtisadi tərbiyə, estetik tərbiyə, hüquq tərbiyəsi daha da inkişaf edir.  Bununla yanaşı, unutmaq olmaz ki, yuxarıda qeyd olunanlar, ölkəmizin indiki vəziyyətində, işğala məruz qaldığı bir vaxtda, onun müdafiə qüdrətinin güclənməsi ilə də birbaşa bağlıdır. Sağlam və güclü gənc nəsil gələcəyin etibarlı təminatıdır.

 

Vasif  RAMAZANOV,

Sumqayıt şəhəri İnternat tipli Gimnaziyanın gənclərin çağırışa hazırlığı rəhbəri, ehtiyatda olan baş leytenant 

 

Bölmənin digər xəbərləri