Tədbir 27 mart-Elm Gününə həsr olunub


Naxçıvan Dövlət Universitetində 27 mart-Elm Gününə həsr olunmuş doktorant və dissertantlarla görüş olub. Tədbiri  açan   universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Prezident İlham Əliyevin martın 27-nin Azərbaycanda “Elm Günü” kimi təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamını diqqətə çatdırıb.  Bildirilib ki, bu,  dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də  elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Rektor  2018-2019-cu tədris ili ərzində elmlər doktoru üzrə 5, fəlsəfə doktoru proqramı üzrə 7 doktorant, 27 dissertantın qəbul olunduğu bildirilib.

 

Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, elmin inkişafını daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında  sərəncam imzalayıb.  Akademik ötən fəaliyyət dövründə bölmə əməkdaşlarının 3-ü Beynəlxalq olmaqla 20 qrant layihəsinin qalibi olduğunu diqqətə çatdırıb.  

 

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun  professoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev doktorant və dissertantlara öz məsləhətlərini verib, bu gün münasibətilə elm adamlarını təbrik edib.  

 

Sonda dissertantların sualları cavablandırılıb, edilən təkliflər dəyərləndirilib.