Müsahibədən keç, rus bölməsində təhsil al


Lamiyə Xəyyam qızı Şirinova 6 yaşındadır. 2019-2020-ci tədris ilində birinci sinfə gedəcək. Həyatındakı ilk sınaqlardan biridir. Atası ilə birgə gəlib. Bir az öncə 3 nəfərdən ibarət komissiyanın qarşısında rus dilində oxuyub-yaza biləcəyini, müəllimin ona dediklərini anlayıb yadında saxlayacağını ayrılan 7 dəqiqə ərzində təsdiq etməyə çalışdı. Dediyinə görə, onun üçün çox maraqlı olub: “Hara gəldiyimi bilmirəm. Amma maraqlı idi. Çəkiliş oldu. Mənə çoxlu sual verdilər. Cavab verməyə çalışdım. Ancaq elə sual oldu ki, ona cavab verə bilmədim”.

 

 

Müsahibə komissiyasında

 

 

Lamiyə hara gəldiyini bilmir. Xəbəri yoxdur ki, dodaqlarından süzülüb çıxan hər söz, hər cümlə onun tədris dilini müəyyənləşdirəcək. Məktəbdə müəllimdən hərfləri, rəqəmləri bu dildə öyrənəcək, sinif yoldaşları ilə  həmin dildə hal-əhval tutacaq.

 

Beləliklə, Bakıda aprelin 1-dən müsahibə komissiyaları öz işinə başlayıb. 2019-2020-ci tədris ilində digər dildə tədris aparılan bölmələr üzrə birinci sinifdə oxuyacaq uşaqlarla müsahibələrə start verilib.

 

Qeyd edək ki, Azərbaycanda tədris Azərbaycan dilindən başqa, əsasən rus və qismən də gürcü dilində aparılır.

 

Paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə yaradılan komissiyalardan birindəyik. Bakıdakı 3 nömrəli tam orta məktəbdə Binəqədi rayonu üzrə 1 nömrəli mərkəz fəaliyyət göstərir. Burada iki komissiya işləyir.

 

Müsahibə komissiyası rus bölməsində təhsil alan uşaqların ilkin dinləyib-anlama, öz fikrini sadə formada ifadə eləmə, ünsiyyət qurma bacarıqlarını qiymətləndirir. 3 nəfərdən ibarət müsahibə komissiyası rus dili müəllimlərindən təşkil edilib.

 

Komissiyanın işi tam şəffaf şəkildə qurulub. Otaqda fasiləsiz çəkiliş aparan kameralarla yanaşı, valideynin, yaxud qanuni nümayəndənin iştirakı da təmin edilir.

 

Müsahibə komissiyası rus dilini bilənlə rus dilində şeir bilənləri ayırd edir və birinə yaşıl işıq yandıraraq, bu dildə təhsil almasını mümkün və məqsədəuyğun hesab edir. İkincisinin isə ana dilində təhsil almasının daha uğurlu nəticələnəcəyinə dair rəy verir.

 

 

“Müsahibələr valideynlərin sonrakı peşmançılığının qarşısını alacaq”

 

 

Xəyyam Şirinov Lamiyənin atasıdır. Buraya qızı ilə gəlib. Ata övladının ilk sınağında onu yalnız buraxmayıb. Müsahibə komissiyasının qarşısına da ata-bala birlikdə çıxıblar. Qızına dəstək olan Xəyyam Şirinov qızı ilə qoşa çıxdıqları bu sınaq barədə deyir: “Ailədə hamımız rus dilində oxumuşuq, danışıq dilimiz də əsasən rus dilindədir. Qızımın da rus dilini bilməsinin, bu dildə danışmasının bizim üçün daha rahat olacağını düşünürük. Lamiyə ilə evdə hər zaman Azərbaycan dilində danışdıq. Onun öz ana dilini bilməsi bizim üçün çox önəmli idi. Dilimizdə fikrini rahat ifadə edir. Paralel olaraq rus dilini də öyrənməsini, Azərbaycan dilini bildiyi səviyyədə mənimsəməsini istəyirik”.

 

Qızının müsahibəsi ilə bağlı düşüncələrini paylaşan gənc ata hesab edir ki, komissiyanın yaradılması uğurlu addımdır və yaxşı təşkil olunub:

 

 

“Müsahibədə mən də iştirak etdim. Çox gözəl təşkil olunub. Həqiqətən çox maraqlı oldu. Biz sovet dövründə təhsil almışıq. Onda hamı rusca danışa bilirdi. Rus dilində təhsil almaq heç kim üçün problem yaratmırdı. Ancaq indi övladının rus dilində təhsil almasını istəyən çox olsa da, bu, heç də həmişə alınmır. Hətta bu istəyinə çox az adam nail ola bilir.

 

Müsahibələrin təşkil olunması valideynlərin sonrakı peşmançılığının qarşısını alacağı üçün mən bu addımı çox yüksək qiymətləndirirəm. Bəzən biz valideynlərin istəyi övladımızın potensialını görməyimizə imkan vermir. Uşağın bilmədiyi bir dildə təhsil alması onun təhsilin yuxarı pillələrindəki  uğursuzluğunu bəri başdan təmin etməkdir”.

 

 

“Xarici dilləri də mükəmməl öyrənməsi üçün rus dilində təhsil almağını istəyirik”

 

 

Amalya Coşqun qızı Abdullayevanın 5 yaşı var. Müsahibə komissiyasının qarşısında diqqətini toplamağı bir az vaxt aldı. Arxası komissiyaya, üzü nənəsinə sarı oturub saçları ilə oynayır. Belə görünür ki, hələlik imtahan həyəcanının nə olduğunu bilmir. Komissiya üzvləri balaca şagirdin üzünü özlərinə sarı çevirmək, diqqətini suallarında cəmləmək üçün xeyli çaba sərf etdilər. Axır ki, Amalya komissiya ilə işini bitirib çıxdı. Bu dəfə də biz onu sorğu-suala tuturuq: “Heyvanlardan, meyvələrdən, göy qurşağından soruşdular. Mən göy qurşağının rənglərini bilirəm. Onlara hamısını dedim”.

 

 

 

 

 

Amalya nənəsi ilə gəlib. Qanuni nümayəndə olaraq bu gün Amalyanın yanında olan Fəxriyyə Əhmədova deyir ki, ana dilində sərbəst danışan nəvəsinin xarici dillərdə də yüksək səviyyədə bilməsini istəyirlər: “Xarici dilləri də mükəmməl öyrənməsi üçün çıxış yolunu rus dilində təhsil almasında gördük.  Müasir dövrdə xarici dilin insanın həyatında artan rolunu görməzdən gəlmək mümkün deyil. Ona görə də Amalya bağçaya da, məktəbəhazırlığa da təlim və tədris rus dilində aparılan müəssisələrdə getdi. Müsahibəsində iştirak elədim. Düzü, çox razı qaldım. Səmimi münasibət hiss elədim. Uşaqla çox mehriban idilər. Yaşına uyğun suallar verib cavab ala bilmək üçün uşaq üçün rahat, münasib ortam yaratdılar”.

 

 

 

“İkinci şans verilmir”

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keyfiyyətə nəzarət sektorunun əməkdaşı  Namiq Ağayev Binəqədi rayonu üzrə 1 nömrəli mərkəzdə müsahibələrin təşkilinə nəzarət edir. Hər gün axşam saat 5-də müsahibə komissiyasının işi yekunlaşır. Bəzən bu, 6-nın yarısınadək uzanır. Əsas odur ki,qeydiyyatdan keçən hər kəs komissiya tərəfindən qəbul edilir. Qeydiyyatdan keçsə də, komissiyanın qarşısına çıxmayanlar da olur. N.Ağayevin sözlərinə görə onlara ikinci şans verilmir: “Bu gün gəlmədisə, sabah iştirak edə bilmir. Aprelin 15-dən gec olmayaraq həmin şəxslər öz şəxsi səhifələrinə daxil olub imkan tapıb yenidən qeydiyyatdan keçməlidirlər. Nə vaxt qeydiyyatdan keçib müsahibəyə yazılsalar, növbəti gün yenidən dəvət ediləcəklər”.

 

 

Artıq günün sonudur. Müsahibə yekunlaşıb. Müsahibənin nəticələri bəllidir. Bir azdan qeydiyyatdan keçərkən qeyd edilmiş nömrələrə SMS vasitəsilə müsahibə komissiyasının uşaqla bağlı qərarı bildiriləcək. Müsahibənin nəticələri ilə razılaşmayanlar  aprelin 15-dən başlayaraq apelyasiyaya müraciət etmək imkanına malikdirlər. N.Ağayevin sözlərinə görə, komissiya işə başlayandan bəri müraciət edənlərin 90 faizə yaxını artıq müsahibəyə qatılıb. Prosesdən narazı qalanlar çox az olur: “Çox az adam narazı qalır. Əksəriyyət nəticə ilə razılaşır”.

 

Budur, bir nəfər təkrar müsahibə tələb edir.  Dünən müsahibədə iştirak edən uşağın nəticəsi ilə nənəsi razılaşmayıb. Uşağın rus dilində bildiyini iddia edən nənə bunu israrla özünün rus dilində təhsil alması ilə əsaslandırmağa çalışır: “Dünən müsahibəyə qatılan və nəticəsi yaxşı qiymətləndirilən uşaqlar arasında daha zəif olanlar var. Ancaq onlar keçiblər”.

 

Üstəlik, nənə müəllimlərin nəvəsinə verdiyi sualla da razılaşmır. N.Ağayev onlara bildirir ki, reqlamentə görə yenidən müsahibə mümkün deyil. Onlar aprelin 15-dən sonra apelyasiyaya müraciət etməlidirlər.

 

N.Ağayev əlavə edib ki, müsahibə komissiyası uşağın rus dilində bilsə də, həyəcandan suallara cavab vermədiyini dərhal müəyyən edə bilir və belə durumlarda uşaq dərhal psixoloqa yönləndirilir: “Aprelin 1-dən başlayaraq artıq 3-4 belə fakt qeydə alınıb. Uşağın həyəcanlandığını qeyd edən müsahibə komissiyası onun psixoloqa yönləndirilməsini tövsiyə edib və biz bunu dərhal reallaşdırmışıq”.

 

Xatırladaq ki, müraciətlər məktəbəqəbul.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Bu portal vasitəsilə qeydiyyatdan keçən valideynlər müvafiq müsahibə komissiyalarına yönləndirilir.

 

 

Müsahibə Komissiyasının üzvləri

 

 

36 nömrəli məktəbin rus dili müəllimləri Rahilə Məmmədova, Solmaz Hüseynova və Nərimanov rayon 45 nömrəli məktəbin müəllimi Zimanə İsmayılova Binəqədi rayonu üzrə 1 nömrəli mərkəzdə komissiya üzvüdürlər. Onların sözlərinə görə, rus dilini bilməyən uşaqlar sonradan bu dildə təhsil almaqda çətinlik çəkirlər. Ona görə də, Bakıda ilk dəfə müsahibə komissiyası yaradılıb: “Hər gün 52 və hətta daha çox uşaq müsahibədən keçirilir. Müsahibə komissiyası onların 3, 5, bəzən 7 faizinin rus dilini bilməməsi barədə rəy verərək, bu dildə təhsil almalarını məqsədəuyğun hesab etməyib. Bir neçə gündür davam edən müsahibələr zamanı müraciət edənlər arasında rus dilini bilən, fəal uşaqlar üstünlük təşkil edir”.

 

Solmaz müəllim deyir ki, bağçada rus dilində təlim-tərbiyə keçən uşaqlar müsahibə komissiyasından uğurla keçir. Ancaq elə uşaqlar da var ki, rus dilində cümlələr, şeirlər əzbərləyiblər. Ancaq dili bilmirlər. Müsahibə komissiyası əsasən bunu ayırd edir.

 

Komissiya üzvləri deyir ki, uşaq çaşsa, həyəcanlansa belə, onlar cəmi bir neçə cümlə ilə onun dil bacarığını müəyyənləşdirməkdə çətinlik çəkmirlər.

 

Beləliklə, övladının digər dildə tədris aparılan bölmədə təhsil alması bir çox valideynin arzusudur. Ancaq unutmayaq ki, bu arzumuzla övladımızın gələcəyini, təhsil uğurlarını, karyerasını təhlükə altında qoya bilərik. Odur ki, bu məsələdə qərarı mütəxəssislərə buraxmaq ən doğrusudur.

 

Çalışın hansı dildə təhsil almasından asılı olmayaraq, uşaqlarımız bacarıqlı, geniş dünyagörüşlü, sağlam olsun.

 

 

Ruhiyyə DAŞSALAHLI