Məqsəd və istiqamətlər, prinsip və formalar


XVII əsrdə çex pedaqoqu və yazıçısı Yan Amos Komenski indi də mövcud olan sinif-dərs sisteminin əsasını qoymuş, sonrakı dövrlərdə isə tədrisin alman modeli formalaşmışdır. Alman modeli Vilhelm Humboltun təşəbbüsü ilə universitet təhsili mütərəqqi formasına (mühazirə-seminar) çevrildi və bütün Avropaya yayıldı. Bu model müəllim və tələbələr arasında qarşılıqlı ünsiyyəti yeni mərhələyə qaldıraraq, təhsil azadlığı ideyasına söykənirdi. Alman modeli və klassik təhsil sistemi dayanmadan, bizim dövrümüzə qədər dəyişməyə başladı. Dəyişməyən forma və cəhətlər də qalmaqdadır, amma innovasiyalarla yanaşı, yeni paradiqmalar  və ideyalar da ortaya çıxmışdır.

 

Hazırda bütün dünyada səriştələrə yönəlik təhsilin qurulması bizim çağın yeni təhsil ideyasına çevrilib. Şagirdlərə və tələbələrə hazır bilikləri mənimsətmək modeli artıq səriştə və bacarıqların yaradılması ilə əvəzlənir. Biliklər səriştələrə keçməli, təcrübədə özünü doğrultmalıdır.

 

Klassik yanaşmada təhsil insanı həyata hazırlayırdı, indi bu hazırlıq bütün həyat boyu davam edir və “ömürlük təhsil” sistemi formalaşır. 1990-cı ildə Tailandda YUNESKO-nun təşəbbüsü ilə keçirilən “Hamı üçün Təhsil - Ümumdünya Konfransında”  isə Hamı üçün Təhsil haqqında Ümumdünya Bəyannaməsi qəbul olundu və ölkələrə çağırış edildi ki, “təhsil dünyanın hər yerində hamının, yaşından asılı olmayaraq bütün qadın və kişilərin təməl hüququdur”.

 

Biliklərə əsaslanan təhsil sisteminin səriştələr sisteminə keçməsi, ömrü boyu öyrənmə və hamı üçün təhsil ideyalarının qəbul edilməsi, nəhayət, şəxsiyyətyönümlü təhsil məqsədinin aparıcı olması müasir təhsildə başqa bir faydalı istiqamətə də yol açdı: səriştəli valideynlərin hazırlanması.

 

Valideynlərin təhsil və tərbiyədə rolu əvvəl də vacib idi. Lakin indi daha vacib sayılır və onların rolu yeni forma alır. Onların səriştələndirilməsi, özlərinin pedaqoji bacarıqlarına inanmaları, təhsil və tərbiyənin vacib prinsiplərini mənimsəməsi, təhsil prosesinin ayrılmaz hissəsinə çevrilməsi çağımızda vacib məqsədə çevrilmişdir. 

 

 

Valideynlərlə əməkdaşlığa yeni baxış

 

 

Valideyn və övlad olmaq tamamilə eyni olmaq deyil, bu, iki fərqli insanın münasibətlərinin qurulmasından yaranan çətinliklərlə bağlıdır. Bu, iki fərqli emosiyaların uyğunlaşma çətinliyidir. İki fərqli baxışın, dünyagörüşünün, dəyərlər sisteminin, seçimlərin qarşılaşdığı, çulğalaşdığı hallardır.

 

Hələ araya şəxsi iddialar, maddi münasibətlər, çətin vəzifələr, zəhmət və əziyyət çəkmək tələbləri, məsuliyyət və intizam qayğıları, pis vərdişlər, konfliktlər girdikdə çox mürəkkəb bir problemdən söhbət açdığımızı tam ciddiliyi ilə anlaya bilərik.

 

Ailə fərdin həm fiziki, həm də mənəvi cəhətdən formalaşması üçün vacib institutdur. Uşaqların dəyərlər sisteminin yaranmasında, ehtiyac və motivlərinin istiqamətlənməsində, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formalaşmasında ailə mühitinin ciddi rolu var.

 

Ailə və məktəb arasında qarşılıqlı münasibətlərin artıq kifayət qədər böyük təcrübəsi mövcuddur. Buna qədər təhsillə bağlı istənilən məsələdə məktəb diktə edə biləcək rola sahib idi. Söhbət yalnız sovet dönəmində olduğu kimi, dövlətin təmsilçisi kimi çıxış edən məktəbin üstün mövqeyindən getmir. Məktəb daha hazırlıqlı tərəf idi, müəllimlər təkcə tədris bilikləri ilə deyil, daha geniş dünyagörüşü ilə seçilirdi. Ona görə də məktəb təhsilə aid bütün parametrləri müəyyən edir, çox vaxt bunun üçün valideyn və şagirdlərin rəyinə önəm verilmirdi.

 

Zaman dəyişmişdir, yeni təcrübələr, yeni paradiqmalar, o cümlədən valideynlərin dəyişməsi onların rolunun artmasına səbəb olmuşdur. Valideynlər indi daha çox uşaqların təhsilinə təsir göstərir, bununla daha çox maraqlanır, uşaqları yönəltməyə çalışırlar. Ona görə də valideyn-məktəb münasibətlərinin əhəmiyyəti artmışdır. Bu, bir sosial sifarişdir.

 

Belə bir dövrdə valideyn-məktəb münasibətlərinə yenidən baxmaq obyektiv zərurətdir. Ən müxtəlif ölkələrin təcrübəsi göstərir ki, uşaqların tərbiyəsində və dərslərinə hazırlığında problemləri həll etmək ailənin iştirakı ilə daha asan başa gəlir, eyni zamanda, ailələrlə birlikdə daha ciddi uğurlara imza atmaq mümkündür. 

 

Mütəxəssislər hesab edir ki, məktəb müəllimin avtoriteti üzərində qurulduqda uşaqlar “məktəbli-məktəbli”, “məktəbli-müəllim”  münasibətləri çərçivəsində qalır ki, bu da heç vaxt daha emosional və heç bir marağa söykənməyən doğma valideyn-övlad münasibətləri qədər təsirli deyil. Valideynlərin təhsilə cəlb edilməsi bu qədər incə əhəmiyyətə söykənir. Ailə uşaqlara dünyaya göz açdığı andan bağlı olduğuna görə onun təsiri daha sonrakı yaşlarda da güclü olmaqda davam edir.

 

Ailə uşaqların intellektual inkişafında da təsirli rola sahibdir. Amerikalı tədqiqatçı Hovard Blum çox ciddi hipotezlə bütün dünyanın diqqətini özünə cəlb edə bilib. Onun tədqiqatlarına görə, maddi və mənəvi təminatlı ailədə böyüyən uşaqlarla bu sahədə problemləri olan ailələrin uşaqlarının əqli inkişafındakı fərq əmsalı 20 balı ötür. Ailənin biliklərin mənimsənilməsinə təsiri danılmazdır.

 

Uşaqların mədəni səviyyəsi, ictimai dəyərlərə sayğısı, şəxsi motivasiya və əzmi də ailədən birbaşa asılıdır. Valideynlər təhsil sisteminin vacib halqasına daxildir. Məhz onların köməyi və iştirakı ilə ailənin təsirini müsbətə doğru və daha yüksəyə çatdırmaq olar. Ona görə də məktəb və müəllim üçün valideynin etimadını qazanmaq və onu müttəfiqə çevirmək çox vacibdir.

 

 Yapon məktəblərində çox maraqlı bir təcrübə var, xüsusi gündəlik vasitəsi ilə daim valideyn və müəllim arasında danışıqlar gedir, fikir mübadiləsi və ünsiyyət qurulur. Valideyn gündəliyə öz müşahidələrini, uşaq haqda düşüncələrini, onun necə çalışması, nə zaman çalışmaması, digər davranışları və maraqları barədə qeydlər yazır. Buna cavab olaraq müəllim də öz qeydlərini və təbii ki, valideynin yazdıqlarına münasibətini, təklif və izahlarını yazır. Bu yazışma daim davam edir.

 

Bu, yalnız bir nümunə və bir formadır. İndi bütün dünyada valideynlərlə məktəb arasında münasibətlərin yenidən qurulması ilə bağlı axtarışlar gedir. Ölkəmiz də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi ilə bu axtarışlara qədəm qoyub. Sənəddə nəzərdə tutulan “Səriştəli valideyn” Proqramı isə həmin istiqamətdə fəaliyyətin bazasına çevrilməlidir.

 

 

Valideynin təhsil prosesində iştirakı yüksək nəticələrə yardım edən amil kimi

 

 

Valideynlərlə əməkdaşlığın əhəmiyyəti və effektivliyi ondadır ki, buna valideynlər özləri də can atır. Biz bu əməkdaşlığa məktəbin, təhsil sisteminin vəzifəsi kimi baxırıq, işin ən yaxşı cəhəti isə odur ki, əksər hallarda valideynlər özləri təşəbbüs göstərirlər. Tarixə müraciət etsək, bunun ən yaxşı nümunəsini görərik.

 

Vətəndaş müharibəsi başa çatdıqdan sonra ABŞ-da müxtəlif amillər təhsil sahəsində böyük çətinliklər və qayğılar ortaya çıxarmış oldu. Bu zaman bir qrup ana ABŞ vitse-prezidentinin xanımına müraciət ünvanladı. Bu, valideynlərin təhsil prosesinə ən ciddi və tarixi müdaxilələrindən sayıla bilər. Nəticədə ABŞ prezidenti və vitse-prezidentinin xanımlarının təşəbbüsü ilə Milli Valideyn-Müəllim Assosiasiyası yaradıldı və məktəb-valideyn əməkdaşlığında rəsmi xarakter aldı.

 

Güclü təhsil sistemi ilə tanınan Yaponiyada valideynlər uşaqların təhsilində o qədər yaxından iştirak edir ki, xəstələnmiş uşağın əvəzinə onlardan birinin, xüsusən də ananın dərsə getməsi, qeydlər götürməsi adi hal alıb.

 

Təbii ki, biz daha ətraflı bir inteqrasiyadan söhbət açır, onun yeni üfüqlərini axtarırıq. Bunun qarşısında isə yüksək nəticələrə nail olmaq istəyi durur. Biz yuxarıda məşhur tədqiqatçı Hovard Blumun ailənin uşaqların əqli inkişafına necə ciddi təsir etməsi ilə bağlı araşdırmalarına toxunmuşduq. Hədəflər bununla bitmir, biz valideynlərlə əməkdaşlığın səriştə amili əsasında qurulması ilə yeni təhsil sisteminin inkişafına, o cümlədən bir çox istiqamətlərdə nəticələrin yüksəldilməsinə töhfə verməliyik. Bunlar aşağıdakılardır:

 

- Dərslərə hazırlıq və marağın yüksəldilməsi;

 

- Biliklərə yiyələnmənin səriştələrə keçməsi;

 

- İstedad və maraqların üzə çıxarılması, düzgün yönləndirilməsi;

 

- Davranışların nümunəviliyinə nail olmaq və arzu olunan məktəb mühitinin yaradılması;

 

- Kommunikativliyin artırılması, ehtiyac və tələblərin düzgün qiymətləndirilməsi;

 

- Konfliktlərin aradan qaldırılması və yaranmasına imkan verilməməsi;

 

- Nitq qabiliyyətinin, diskussiya mədəniyyətinin yaxşılaşdırılması;

 

- Uşaqların fiziki inkişafının və sağlamlığının qorunması;

 

- Pis vərdişlərin, çətinliklərin, problemlərin həlli;

 

- Ailənin özünün daha doğru yanaşmalara sahiblənməsi;

 

- Şəffaflıq, hüquq və vəzifələrin dərk edilməsi, demokratikliyin təmin edilməsi;

 

- Nəzarət və monitorinq imkanlarının artırılması;

 

- Resursların genişləndirilməsi və düzgün istifadəsi.

 

Təhsilin inkişafı həm də resursların artırılması və keyfiyyətlənməsi  hesabına mümkündür. Çağdaş tələblərə cavab vermək üçün dövlətlər təhsil büdcəsini artırmaqda davam edirlər. Azərbaycan mütərəqqi və uğurlu dünya təcrübəsinə çatmaq üçün bu sahədə ciddi vəzifələr müəyyənləşdirib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində deyilir ki, müasir tələblərə cavab verən bir sistem qurmaq üçün “təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması” nəzərdə tutulur. Təhsil müəssisələrinin  informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması, təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi və s. vəzifələr qarşıya qoyulub.

 

Eyni zamanda, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması sözügedən sənəddə qeyd olunur.

 

İstər təhsil müəssisələrinin özünümaliyyələşdirməsi, istərsə də büdcədənkənar vəsaitlərin cəlb edilməsi olsun, valideynlərin könüllü iştirakı, təşviqi, çağırışı və müsbət rəyi olmadan bu sahələrdə uğur qazanmaq mümkün deyil. Hətta özəl şirkətlərin və imkanlı şəxslərin maliyyə dəstəyi üçün valideynlərin çağırış və təşviqi daha effektlidir.

 

O cümlədən, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılmasında valideynlərin şəffaflıqla bağlı müsbət rəyi uğurun təməli sayılmalıdır.

 

 

Valideynlər müasir məktəb kitabxanasının üzvü və zənginləşdiricisi kimi

 

 

Məktəb kitabxanaları təhsil sisteminin və təhsil müəssisələrinin ayrılmaz hissəsidir. Onlar daim yenilənməlidir. Bütün dünyada kitabxana fondlarının zənginləşdirilməsində valideynlərin böyük rolu var. Hər valideynin kiçik dəstəyi böyük zənginliyin əsasını qoya bilir. Bu məsələ ilə bağlı müxtəlif ölkələrdə maraqlı və faydalı təcrübələr var.

 

Məktəb kitabxanası həm də valideynlər üçündür. Onları bura cəlb etmək, üzv etmək səriştəli valideyn proqramının bir hissəsi olmalıdır. Gözəl mütaliə müəllim-şagird-valideyn ünsiyyətinin yeni və maraqlı platformasına çevrilə bilər. Kitab bu birliyi daha da gücləndirə bilər. Kitabxana üzvü olan, mütaliə edən valideynlər həm də uşaqlar üçün kitab təşviqatçısı olacaqlar.

 

Bu baxımdan Təhsil Nazirliyinin artıq bir neçə ildir ki, məktəblilər arasında keçirdiyi “Ədəbiyyat biliciləri” müsabiqəsi və “Oxu günü” kimi dəyərli tədbirləri olduqca böyük əhəmiyyət kəsb edir.

 

 

Valideynlərin təhsil prosesində iştirakı ictimai nəzarət və monitorinq kimi

 

 

Valideynlər təhsilin keyfiyyətində maraqlı tərəfdir. Təhsil müəssisəsinin fəaliyyətinin qanuniliyi, səriştəliliyi, tədrisin keyfiyyəti, bir sözlə, hər bir vacib cəhət onların qayğılarına aiddir. Ona görə də valideynlərin təhsil prosesində iştirakı etibarlı ictimai nəzarət və monitorinq formasıdır.

 

Valideynlər öyrənənləri hamıdan çox və daha yaxından izləyir, onlarla daim təmasdadır. Ən müxtəlif şəraitlərdə onların davranış və səriştələrini hiss edə bilir. Onların çalışqanlığını, marağını müşahidə edir, nəticələri sezmiş olur.

 

Məktəblinin qiymətlərinin aşağı düşməsinə səbəb nədir? Ona məktəbdə münasibət necədir? Hansı fəndən geri qalır və bunun gerçək səbəbi nə ola bilər? Valideynlər bütün bunların əsasında təhsil prosesinin gedişi və keyfiyyəti barədə bəlli qənaətlərə sahib olur.

 

Müəllimlər onun övladına lazımi qədər diqqət ayırırmı? Məktəbdə hansı problemlər var? Qanunsuzluq və özbaşınalıqlar olurmu? İntizamsızlıq varmı? Mühit tələblərə cavab verirmi? Rəhbərlik necə işləyir? Maddi-texniki vəziyyət yerindədirmi? Qışda istilik sistemi işləyirmi? Kitabxanada durum yaxşıdırmı?

 

Bütün bu suallar valideynləri daim düşündürür, qayğılandırır. Ona görə də valideynlər daha hazırlıqlı olmalıdırlar ki, düzgün nəzarət həyata keçirib, doğru nəticələr çıxarsınlar. Nələrə diqqət ayırmağın vacibliyini öyrənsinlər. Bu problemləri qaldırmağa səriştələri çatsın. Bunun üçün onlar həmçinin öz hüquqlarını və tədris müəssisəsinin vəzifələrini bilməlidirlər.

 

Valideyn-övlad münasibətləri istər-istəməz həm də tarixi nəsillər problemidir. Qədim Misir ehramlarında tapılmış iki fərqli daş kitabə bu problemin qədimliyinə və tarixiliyinə gözəl izah verir. Həmin kitabələrin birində “Ax, bu cavanlar, heç ümidlərimizi doğrultmadı!” - deyə şikayət edilir, digərində isə cavan  bir müəllif yaşlılardan gileylənir: “Yaşlı nəsil bizi heç cür başa düşmür, hər addımda bizə əngəllər yaradırlar!”.

 

Bu cür mürəkkəb münasibət indi həm psixologiya elminin, həm də pedaqoji fənlərin maraq dairəsindədir. Bütün dünyada “necə valideyn olmaq arzu ediləndir?”  kimi çətin suala cavab tapmaq üçün həm nəzəri tədqiqatlar davam edir, həm də təcrübələr öyrənilir. Bir çox ölkələrin təcrübəsində ayrıca “Valideyn klubu” şəbəkələri, “Valideyn məsləhət mərkəzləri” var ki, insanlar özləri valideynlik etmək kimi çətin vəzifənin öhdəsindən gəlmək üçün bilgi və bacarıqlarını artırmağa can atırlar.  Yəni valideynlər özünütəlimə can atırlar.

 

Bizim çağımızda səriştəli valideyn paradiqmasının yaranması da buna görədir. Çətin bir vəzifənin öhdəsindən gəlmək üçün valideynləri hazırlamaq, onların səriştəli olmasını təmin etmək artıq dövlətin və təhsil sisteminin üzərində vacib bir öhdəlik kimi durur.

 

 

Etibar ƏLİYEV,

“XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru