Mayın 15-də Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan şəhər İcra Hakimiyyəti ilə birlikdə “Məktəbəqədər tərbiyə müəssisələrində kurikulumların tətbiqinin məqsəd və vəzifələri” mövzusunda seminar keçirilib.

 

Seminarı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Azad Novruzov açaraq qeyd edib ki, məktəbəqədər təhsil fasiləsiz təhsil sisteminin ilk pilləsidir. Bu pillə fərd, cəmiyyət və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən zəruri fəaliyyət sahəsidir. Muxtar Respublikada bu sahə daim diqqətdə saxlanılır və məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirilir. Prorektor qeyd  edib  ki, Naxçıvan Müəllimlər İnstitutu Muxtar Respublikada  məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə kadr hazırlığı aparan yeganə ali təhsil müəssisəsi kimi yaradılmış yüksək imkanlardan istifadə edərək öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır.

 

Qeyd olunub ki, yeni məzmuna görə, məktəbəqədər müəssisələrdə köhnə təlim modelindən imtina zəruridir. Standartlar pedaqoji prosesdə tərbiyəçi müəllimlərdən yeni iş formalarına müraciət etməyi tələb edir. Bu mənada bu cür seminar, dəyirmi masa və ixtisasartırma kurslarının təşkili günün vacib tələbidir. Naxçıvan Müəllimlər İnstitutunda bu işi həyata keçirmək üçün xeyli imkanlar var.

 

Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edərək məktəbəqədər tərbiyə müəssisələrində yaradılmış şərait və dövlətimizin  bu sahəyə qayğısından danışıb.

 

Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun  müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva “Məktəbəqədər qruplarda təlim strategiyaları”, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Tamara Baxşəliyeva “Uşaq inkişafının izlənilməsi. Dəyərləndirmə və qiymətləndirmənin metod və vasitələri”, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Solmaz Cabbarova “Məktəbəqədər təhsil müəssisələrinin valideynlərlə birgə işinin əhəmiyyəti” mövzularında çıxış edib.

 

 

Bölmənin digər xəbərləri