Mayın 14-də Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri tərəfindən Azərbaycan Texniki Universitetində (AzTU) İİV/QİÇS infeksiyası ilə bağlı  profilaktik aksiya keçirilib.

 

Əvvəlcə tələbələrə İİV/QİÇS infeksiyası haqqında geniş məlumat verilib. Qeyd olunub ki, AzTU tələbələri hər il QİÇS-lə bağlı müayinəyə cəlb olunurlar.

 

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri bildiriblər  ki, İİV-İnsanın İmmunçatışmazlığı Virusudur. Bu virus insanın müxtəlif infeksiyalara müqavimətini təmin edən immun sistemini mərhələlərlə zədələyərək, sonda onu tamamilə sıradan çıxarır və nəticədə Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) əmələ gəlir. İİV infeksiyasının ilk əlamətləri yarananadək bir neçə il keçə bilər. Bu müddət ərzində İİV infeksiyasına yoluxmuş insan bilmədən başqalarını da yoluxdura bilər.

 

Daha sonra tələbələr könüllü və anonim qaydada testdən keçiblər. Müayinə nəticələrinə görə AzTU-da QİÇS-ə yoluxma halı aşkar olunmayıb. QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri tələbələrə QİÇS-lə bağlı məsləhətlər verib və onlara xəstəliyin profilaktikası barədə maarifləndirici məlumat materiallarını təqdim ediblər.