Azərbaycan Dillər Universitetində (ADU) alman şairi Fridrix Şillerin “Yunan Allahları” şeiri əsasında tamaşa nümayiş olunub.

 

Alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə səhnələşdirilən tamaşanın ideya müəllifi ADU-nun rektoru, akademik Kamal Abdulla, ssenari müəllifi kafedranın müdiri Qahirə Axundova, rejissoru Faiq Mirzə, quruluşçu rəssam və səs effektləri üzrə məsul şəxs kafedranın əməkdaşı Leyla İsmayılzadədir.

 

Rektor K.Abdulla rəhbərlik etdiyi universitetdə təhsil alan tələbələrin istedadı, yaradıcı potensialı haqqında danışıb: “Tamaşa olduqca maraqlı, təsirli, dolğun alınıb. Bütün tələbələrə gələcək yaradıcı işlərində uğurlar arzu edirəm. Mən Fridrix Şillerin “Yunan Allahları” şeirini çox sevirəm. Bu, əslində qəmgin əsərdir. Tamaşanın sonluğu çox gözəl tapılıb, quruluşu yaxşı alınıb”.

 

Tamaşanın rejissoru Faiq Mirzə universitetə və tələbələrə fəaliyyətlərində uğurlar arzulayıb. O, gəncləri F.Şillerin yaradıcılığı ilə tanış etmək istiqamətində həyata keçirilən təşəbbüsü yüksək qiymətləndirib.