Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən “Müasir beynəlxalq təhsil və elmi müstəvidə ilahiyyat: subyektlər, kurikulumlar, səlahiyyətlər” mövzusunda II beynəlxalq simpoziumda iştirak edib.

 

Simpoziumda C.Məmmədov “Azərbaycanda din təhsili: reallıqlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

 

Rektor Azərbaycanda din təhsili tarixindən ətraflı danışaraq, qədim dövrlərdə müxtəlif mədrəsələrin fəaliyyəti, alimlərin İslam mədəniyyətinə bəxş etdiyi töhfələr, bu gün ölkəmizdə din təhsilinə və dini maariflənmə işinə göstərilən diqqət və qayğı barədə məlumat verib. Bildirib ki, bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da din təhsili və dini tədris müəssisələrinin yaranması İslamın bu bölgədə yayıldığı ilkin dövrlərə təsadüf edir. Bu, İslamın elmə və biliyə verdiyi yüksək dəyərlə bağlıdır.

 

Rektor müasir müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən söz açaraq, ümummilli lider Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qayıdışından sonra sözügedən sahəyə diqqət və qayğının artırılmasından bəhs edib. Vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev böyük uzaqgörənlik və uğurla davam etdirir.

 

C.Məmmədov Aİİ-nin yaranma məqsədi, fəaliyyət istiqamətləri, tədris prosesi, beynəlxalq əlaqələri haqqında söhbət açıb. Nəzərə çatdırıb ki, institut xarici təcrübənin öyrənilməsinə, mübadilə aparılmasına xüsusi önəm verir. Bu məqsədlə müsəlman və qeyri-müsəlman ölkələrinin tədris proqramları öyrənilir, müxtəlif dünya universitetləri ilə əməkdaşlıqlar qurulur.

 

Rektor səfər çərçivəsində Rusiya Xalqlar Dostluğu Universitetinin humanitar və sosial elmlər fakültəsinin tələbələrinə “Azərbaycanda dinlərin tarixi” mövzusunda mühazirə oxuyub. O, müxtəlif vaxtlarda çoxsaylı etnik və dini qrupların Azərbaycanda məskunlaşması, mövcud olan multikultural və tolerant mühit barədə məlumat verib. Azərbaycanda dövlət-din münasibətlərindən və bu sahəyə göstərilən qayğıdan bəhs edən rektor müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının sürətlə artdığını diqqətə çatdırıb.