Kreativ təlim metodu seçilməzsə 45 dəqiqə şagirdə ağır bir yük kimi görünəcək


Hansı fənni tədris etdiyinizdən və mövzudan asılı olmayaraq, kifayət qədər nəzəri biliklərə sahib olsaq belə dərsin əvvəlindən sonunadək şagirdin diqqətini maksimum cəlb edib, işgüzar əks-əlaqəni düzgün qura bilmədiyimiz təqdirdə qarşı tərəfdə istədiyimiz təəssüratı yaradıb müsbət reaksiya almağımız mümkün olmaz.

 

Qeyd edək ki, bu, alışdığımız, əksəriyyət tərəfindən doğru qəbul edilməkdə olan, şablon tədris metodlarından kənara çıxmaqda, fərqli və novator yanaşmada nə dərəcədə israrlı olacağımızla ölçülür.

 

Cəlbedici, maraq doğuran, kreativ təlim metodu seçilməzsə 45 dəqiqə ərzində stol arxasında oturmaq şagirdə həddən artıq ağır bir yük kimi görünəcək və dərsdən yayınma hallarının artmasına səbəb olacaqdır.

 

Təhsilalanların özlərini hərtərəfli rahat və güvənli hiss etdiyi təlim mühitini təşkil etmədən işə başlamayın.

 

Təlim hər şeydən əvvəl könüllü bir proses olub özündə ən xırda bir məcburiyyətə belə yer verməməkdədir. Əks təqdirdə, uzunmüddətli nailiyyətlərin əldə olunması mümkün olmaz.

 

XVII əsrin ingilis filosofu məşhur “Ağ löhvə” nəzəriyyəsinin banisi Con Lokk “uşaq üçün maraqsız olan və zorla yerinə yetirilən heç bir işin fayda verə bilməyəcəyi” fikrində israrlı idi. Məhz bu amil Qərb ölkələrinin təhsil sistemində sürətlə yayılan və böyük uğurlar əldə etməkdə olan “Montessori təliminin” əsas prinsipini təşkil etməkdədir. Münbit bir dərs şəraitinin təşkil edilməsində sizlərə yardımçı ola biləcək bir sıra detalların üzərində dayanacağıq:

 

Sinif otağına zəng çalınmasından nə tez, nə də çox gec daxil olmayın.

 

Səs-küy amilinə baxışınızın necə olmağı bu məsələdə böyük önəm kəsb etməkdədir. Səs-küy (bu, xaosla qarışdırılmamalıdır) sinifdə canlı bir prosesin olduğunun sübutudur. Ən sakit sinif ən yaxşısı deyildir. Daim onları susdurmağa çalışmaqdansa bundan dərsin gedişatının lehinə istifadə edin.

 

Digər şagirdlərə və təlimin ümumi axınına mane olmursa uşaqların üst-başı, oturuşu və s. detallarla maraqlanıb irad tutmayın, dərsə gecikənlərə vaxt itirməyin. Özlərini sərbəst hiss etmələri öyrənmə prosesini dəstəkləyəcəkdir.

 

“Davamlı olaraq irad tutulan şagirddə beynin təhdid və qorxu hissi alması nəticəsində hipokampus bölgəsinin fəaliyyəti pozulur və öyrənmə mexanizmi əngəllənir”.

 

Səs tonunuzdan ustalıqla istifadə etməyə çalışın. Ən arxa sıradan sizi rahat şəkildə eşidə biləcəkləri səviyyədən yuxarı qalxmamağa səy göstərilməlidir.

 

Bu, həm şagirdlərin diqqətinin daha rahat cəmlənməsinə, həm də qeyri-iradi olaraq onların da alçaq səs tonundan istifadə etmələrinə səbəb olacaqdır.

 

İnsanlar ən birinci yüksək səslə eşitdiklərini unutmaqdadırlar. Lakin daimi eyni səs tonundan istifadə dinləyiciləri daha tez yora bildiyindən müəllim lazımi məqamlarda tonunu dəyişərək nitqini daha cəlbedici hala gətirə bilər.

 

Sinifdə qismən hərəkətli olmaq, göz təması qurmaq şagirdlərin ixtiyari diqqətinin toparlanmasına kömək edəcəkdir.

 

Sinif otağına qətiyyən əliboş daxil olmayın. Əyani tədris vasitələrindən (xəritə, qlobus, riyazi fiqurlar və s.) maksimum istifadə edin. Şifahi tədris oluna biləcək nə fənn, nə də mövzu yoxdur. Dərs bitdikdən sonra yazı taxtasında işlədiyiniz dərsin konseptini əks etdirən materiallar (sxem, cədvəl, tezaurus və s. ) qalmamışsa əksik nələrsə var deməkdir.

 

Şagirdlər bir qayda olaraq oxuduqlarının 10, eşitdiklərinin 20, gördüklərinin 30, görüb-eşitdiklərinin 50, izah etdiklərinin 70%-ni xatırlayırlar.

 

Onlara adları ilə müraciət edin. İnsanın həyatda eşidə biləcəyi ən xoş söz öz adıdır.

 

Təlim üsulu və vasitələrinin seçilməsində şagirdlərin fikirlərinə qulaq asmaq onların prosesi daha çox özününküləşdirilməsinə səbəb olacaqdır.

 

Bilgiləri hazır şəkildə vermək yerinə bacardıqca şagirdi axtarış aparmağa sövq edib öyrənməyi öyrədin. Beyin onu düşünməyə məcbur edən faktları daha çox sevir.

 

Mütəxəssislər əksərən şagirdlərin dərsə diqqətini vermə müddətinin ibtidai siniflərdə 15-17, daha yuxarı siniflərdə 25-27 dəqiqə olmasında həmfikirdirlər. Faktların sayını minimuma endirməklə diqqət dağınıqlığı önlənə bilər.

 

Ünsiyyət zamanı istifadə etdiyimiz üslub da xüsusi önəm daşımaqdadır. Məsələn, “başa düşdünüzmü?” əvəzinə, “izah edə bildimmi”, “harda qalmışdıq” əvəzinə, “ən son nəyi aşkarlamışdınız” kimi ifadələr dərsə qatılımı daha yüksək səviyyədə tutmaqda köməkçi ola bilər.

 

Başdan sona sual - cavab aktivliyi artırmaq üçün vacib olub, şagirdin öyrənmə mexanizmini hərəkətə gətirəcək şəkildə istifadə edilməlidir. Əvvəlcə sual səsləndirilib daha sonra cavablandıracaq şagird seçilməli, cavablar alınarkən “xeyr”, “yanlış” kimi ifadələr işlədilməməlidir.

 

Fərdi və ya qrup halında oponentlər formalaşdırılıb, fikirlərini izah etmələrinə, əks arqumentlər gətirilməsinə çalışmalıdır.

 

Pedaqoqların tez-tez yol verdiyi yanlışlıqlardan biri də təhsilalanları açıqca bir-birilə müqayisə etməkdir. Sağlam bir rəqabət şəraiti prosesin keyfiyyətinə müsbət təsir göstərə bilərsə də, əksər hallarda bunun tərsini müşahidə etməkdəyik. Belə ki, bu situasiya uşaqların böyük bir hissəsində özünəinam hissinin azalmasına, sinif yoldaşına qarşı açıq və ya gizli qısqanclıq bəsləməsinə səbəb olmaqdadır.

 

Dərsin sonuna yaxın (refleksiya mərhələsi) “hansı suala kim cavab verdi?”, “kim bizə nədə kömək etdi” suallarını ünvanlamaqla şagirdin dərsin konseptini yenidən mərhələlərlə xatırlamasına, özlərini təlimin nəticəsində pay sahibi olduğunu hiss edib ruhlanmasına dəstək olun.

 

Ev tapşırıqları seçilərkən tapşırığın məqsədi və şagirdə qazandıracağı keyfiyyətlər açıqlanmalı, çalışmalar onların düşünmə qabiliyyətini hərəkətə gətirən, sintez və analizetmə bacarıqlarını və yaradıcılıqlarını inkişaf etdirəcək tipdə müəyyənləşdirilməlidir.

 

İmkan daxilində qrup çalışmasına üstünlük verilməlidir. Şagirdlərin bir-birinə motivasiya edici təsiri çox güclü ola bilməkdədir.

 

 

Tərlan PAŞAYEV,

Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta məktəbin müəllimi

 



Bölmənin digər xəbərləri