Bakı şəhərinin ümumi təhsil məktəblərinin müəllimləri və təhsil işçiləri arasında keçirilən idman yarışlarının qalibləri mükafatlandırılıb.

 

Yarışlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə keçirilib.

 

ATİAHİ-də keçirilən mükafatlandırma mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, qalib komandalar və digər qonaqlar iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev qonaqları salamlayıb, Bakı şəhərinin ümumi təhsil məktəblərinin müəllimləri və təhsil işçiləri arasında keçirilən voleybol, şahmat, dama, mini-futbol və stolüstü tennis üzrə yarışlar barədə məlumat verib. Bildirib ki, yarışların keçirilməsində məqsəd ümumi təhsil məktəblərinin müəllimləri və təhsil işçilərinin bədən tərbiyəsi və idmanla məşğulluğa kütləvi surətdə cəlb edilməsi, ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, həmkarlar təşkilatlarının kütləvi bədən tərbiyəsi və sağlamlıq sahələri üzrə fəaliyyətlərinin gücləndirilməsindən ibarətdir.

 

Mərasimdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizin dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Nazir müavini paytaxtın ümumi təhsil məktəblərində uşaq, yeniyetmə və gənclərin yaradıcılıq tələbatının ödənilməsi, asudə vaxtlarının səmərəli təşkili, məktəblilərin idmana olan marağının daha da artırılması, fiziki inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev nüfuzlu beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycanın, həmçinin dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. İdarə müdiri Azərbaycanda idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, idmana və idmançılara yüksək diqqət və qayğı göstərilməsi barədə məlumat verib. Məktəblərdə idman infrastrukturunun ilbəil yaxşılaşdığını, təhsil müəssisələrində idmanın kütləviliyinin artdığını bildirən R.Tağıyev qalib komandaları təbrik edib.

 

Sonda Bakı şəhərinin ümumi təhsil məktəblərinin müəllimləri və təhsil işçiləri arasında keçirilən voleybol, şahmat, dama, mini-futbol və stolüstü tennis üzrə yarışlarda I, II və III yeri tutan komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.