İnklüziv təhsil modelinin tətbiq olunduğu məktəblərin iştirakı ilə “Texno-pedaqogika və xüsusi təhsil sisteminin inkişafı” mövzusunda interaktiv təlim keçirilib.

 

Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçirilən təlimin əsas məqsədi təhsildə inklüziv təhsilin təşviq və təbliğ olunması istiqaməti üzrə beynəlxalq təcrübənin öyrənilməsi və inklüziv məktəb modelinin tətbiq olunduğu 4 ümumi təhsil məktəbinin pedaqoji heyətinin birgə müzakirə platformasının yaradılmasından ibarətdir.

 

Təlimdə 138, 202, 220 və 252 nömrəli tam orta məktəblərin direktorları, korreksiyaedici pedaqoqları, psixoloqları və ibtidai sinif müəllimləri iştirak edib.

 

Paytaxtdakı 202 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanovanın moderatorluğu ilə keçirilən təlim müdavimlər arasında “Diaqnostik sorğu” keçirilməsi ilə başlayıb.

 

Təlim zamanı “İnklüziv təhsil nədir?”, “İnklüziv təhsilə cəlb olunmuş şagirdlərin xüsusiyyətləri”, “Xüsusi təhsildə təlim prosesinə uyğunlaşmış texnologiyalar”, “İnklüziv təhsilə cəlb olunmuş şagirdlərin asudə vaxtının təşkili” mövzularında təlim iştirakçılarına zəruri məlumatlar verilib.

 

Təlim zamanı inklüziv təhsil sahəsi üzrə tətbiq olunan beynəlxalq təcrübə ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Mövzu ilə bağlı videoçarxlar nümayiş olunub.

 

Qeyd edək ki, 202 nömrəli tam orta məktəbin direktoru A.Süleymanova Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı əsasında İsrail dövlətinin Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Agentliyinin təşkilatçılığı ilə keçirilən “Texno-pedaqogika və xüsusi təhsil sisteminin inkişafı” mövzusunda təlim proqramında iştirak edib.