Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) təhsil almış Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2-ci kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova və ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak ediblər.

 

İclası MBBİ-nin Müdafiə Şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov açaraq tədbirin gündəliyi barədə iştirakçıları məlumatlandırıb.

 

Sonra “Molekulyar biologiya”, “Biotexnologiya”, “Biokimya” ixtisası üzrə 4 magistrant Qənbərova Pərvin, Hüseynova Səmayə, Məmmədova Əfsanə və Kazımova Fəxriyyə öz dissertasiya işlərini təqdim ediblər və verilən sualları ətraflı cavablandırıblar.

 

Çıxışlardan sonra akademik İ.Hüseynova tələbələri təbrik edərək, onlara bu iki il ərzində qazandıqları nailiyyətlərlə kifayətlənməyərək, elmi tədqiqat işlərini davam etdirməyi tövsiyyə edib.

 

ADAU-nun rektoru, professor İ.Cəfərov MBBİ-nin yaradıcısı mərhum akademik Cəlal Əliyevi xatırlayıb. O bildirib ki, əvvəllər molekulyar biologiya və yaxud biotexnologiya üzrə mütəxəssis yetişdirmək üçün gənclərimiz xarici ölkələrin institutlarına getməli idi. İndi isə Azərbaycanda belə bir institut mövcuddur.

 

Professor hazırda Azərbaycanın kənd təsərrüfatında olan problemlərdən söz açıb və vurğulayıb ki, bu problemlərin həlli üçün gənc mütəxəssislərə ehtiyac var. İ.Cəfərov MBBİ-nun bütün əməkdaşlarına bu işdə göstərdikləri təmənnasız qayğı üçün dərin minnətdarlığını bildirib.

 

Sonda ADAU və  MBBİ arasında əməkdaşlıq haqqında müqavilə  imzalanıb.