İyunun 12-də Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədi ilə mediatur təşkil olunub. Mediaturda iştirak edən millət vəkili, yazıçı Aqil Abbas, təhsil ekspertləri – professor Şahlar Əsgərov, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə və digər qonaqlar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumatlandırılıblar. İmtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

 

ADU-nun rektoru, Xalq yazıçısı,  akademik Kamal Abdulla qonaqlarla görüşüb, onları universitetdə görməkdən məmnun olduğunu deyib. İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan universitet rəhbəri imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil olunması, hər bir imtahan otağında tələbələrə yardım məqsədi ilə lüğət və proqramın qoyulduğunu diqqətə çatdırıb. Rektor əlavə edib ki, universitetin tələbə və müəllimləri Azərbaycanın müxtəlif rayon və şəhərlərində, qaçqın məktəblərində pedaqoji təcrübədə yaxından iştirak edir və bu, ənənə şəklini alıb. ADU-nun rəhbəri tələbələrin təcrübəsinin bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu deyib.

 

Universitetin beynəlxalq əlaqələrin qurulmasında rolundan danışan rektor son vaxtlar təhsilin keyfiyyətinin yüksəldiyini və yeni təhsil proqramlarının uğurla həyata keçirildiyini vurğulayıb. O, bu işdə ölkə rəhbərliyinin – Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi əməyinin olduğu bildirilib.

 

Universitetdə tələbə və müəllimlər üçün yaradılan şəraitdən danışan K.Abdulla yeni təhsil planlarından, tədrisin keyfiyyətinin daha da artırılması üçün atılan addımlardan da bəhs edib.

 

Millət vəkili, yazıçı Aqil Abbas, professor Şahlar Əsgərov, təhsil ekspertləri Etibar Əliyev, Kamran Əsədov, universitetin Valideynlər Şurasının üzvləri və başqaları imtahan prosesi, müəllim-tələbə münasibətləri haqqında fikirlərini bildirib,  dərsliklər və dərs vəsaitləri, imtahan prosesi haqqında fikir və təklifərini səsləndiriblər.

 

Qeyd edək ki, ADU-da yaz semestrinin yay imtahan sessiyasına iyunun 3-də start verilib. İmtahanlar iyulun 5-dək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat müəyyənləşdirilib.

 

ADU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını  mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı fəaliyyət göstərir.

 

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və info@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

 

Bölmənin digər xəbərləri