2021-ci ildən başlayaraq Rusiya ali məktəbləri öz məzunlarına diplomları elektron formada  verməyə  başlayacaq.  Bu haqda  xəbəri  Rusiyanın Təhsil və Elm Nazirliyinə istinadən "İzvestiya" qəzeti yayıb.


Nəşrin məlumatına görə, elektron diplomlara keçid saxta diplomlarla  mübarizə aparmağa imkan verəcək.  Belə ki, elektron formada  diplom rəqəmsal portfolionun bir  hissəsi olacaq, sənəddə məzunun təcrübə keçməsinə, idman nailiyyətləri, elmi tədqiqatlarda  və ixtisasartırma kurslarında iştirakına dair məlumatlar əks olunacaq.
 

Bu informasiyalara giriş isə təkcə ali məktəb üçün  deyil, həm də  işəgötürənlərə də əlçatan olacaq.  Bu məlumatlar işəgötürənlər üçün məzunların  real vərdiş və bacarıqları baxımından  çox əhəmiyyətlidir.
   

Q.V. Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin prorektoru Dmitri Ştıxno qeyd edir ki, diplom  və sertifikatların  elektron formada  verilməsi yaxşı təcrübədir,  artıq bir çox xarici ali məktəblərdə istifadə olunur və təhsil  sənədlərinin əslliyinin yoxlanması prosedurunu sadələşdirir.  "Hələ ki ali məktəblərə  işəgötürənlər, işə qəbul agentlikləri və məlumatların yoxlanması üzrə  ixtisaslaşdırılmış şirkətlər daim müraciət edirlər", -deyə o, əlavə edib.
    

Qeyd edilir ki, Rusiyada  diplomun yoxlanması işəgötürənlərə orta hesabla 30 günə başa gəlir,  yoxlanan sənədlərin üçdə birinin saxta olduğu müəyyən olunur. Ümumrusiya  Təhsil Fondunun prezidenti Sergey Komkov  qeyd edir ki, xaricdə böyük miqdarda saxta Rusiya diplomu haqqında məlumatlıdırlar, ona görə də onları  tez-tez  tanımırlar. " Hətta əgər bu diplom Moskva Dövlət Universitetinin diplomudursa, hansı ki, bu universitet dünyanın 100 ən yaxşı ali məktəbi arasındadır,  bəzən mütəxəssislərə öz biliklərini təsdiq etmək lazım olur, bu məqsədlə ixtisaslaşdırma imtahanı verirlər".
    

Rəqəmsal diplomlar artıq  bu ildən "Müasir rəqəmsal  təhsil  mühiti" saytı əsasında  tətbiq ediləcək. 2019-cu ildə yeni model  ölkənin 5 ali məktəbində sınaqdan keçiriləcək,  2020-ci ildə onların sayı 15-ə çatacaq.

 

 

Oruc MUSTAFAYEV