Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbin uğurları


Təməli 1905-ci ildə ibtidai məktəb kimi qoyulan, 1917-ci ildən əsas məktəb kimi formalaşan, 1935-ci ildən isə Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağının çoxlu sayda görkəmli məzunları olub. Onların sırasında yüzlərlə həkim, mühəndis, müəllim, alim və digər ixtisas sahibləri yer alıb. Məktəbin məzunlarından Rövşən Abdullayev Milli Qəhrəmandır, Sehran Quliyev, Siyavuş Nəsirov vətən torpaqlarının qorunmasında igidlik göstərərək şəhidlik zirvəsinə yüksəliblər. Digər məzun - qazi Orxan Əliyev Aprel döyüşlərində igidlik göstərib. 

 

Məktəbin direktoru Xədicə  Əliyevanın  verdiyi məlumata görə, burada  532 şagird təhsil alır, 62 müəllim fəaliyyət göstərir. Məktəbin müəllimləri Müəllimlərin Diaqnostik qiymətləndirməsində iştirak ediblər.

 

“Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli əmrinin icrasını təmin etmək, istedadlı şagirdlərlə aparılan işləri tənzimləmək, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına kömək göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirləri sistemli həyata keçirmək məqsədilə məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir. İlk gündən bu akademiyanın əsas məqsədi IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub.

 

Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, texniki, sosial-iqtisadi, ingilis dili bölmələrı fəaliyyət göstərir. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən vaxtaşırı seminarlar keçirilir. Seminarlarda şagirdlərin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, “dəyirmi masa”lar, tanınmış elm, incəsənət, əmək adamları, müharibə iştirakçıları və qəhrəmanları ilə görüşlər təşkil olunur.

 

Qeyd olunanlarla yanaşı, məktəbdə “Hər bir uşaq istedadlıdır” devizi ilə ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə istedadlı şagirdlərin olimpiadalarda, müsabiqə və yarışlarda iştirakı təşkil edilib, nailiyyətlər qazanılıb. Şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq, özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməkdən ötrü olimpiadanın məktəb turu keçirilib  və fərqlənən 15 şagird  olimpiadanın rayon turuna vəsiqə qazanıb.

 

Xüsusi istedada malik şagirdləri aşkara çıxarmaq məqsədilə keçirilən fənn olimpiadalarında iştirak edən şagirdlərdən IXb sinif şagirdi İzzət Abdullayev riyaziyyat, X sinif şagirdləri - Səkinə Paşayeva tarix, Aydın Axundov fizika, Nihat Nurəliyev coğrafiya fənlərindən zona turunda iştirak ediblər. Lənkəran Dövlət Universitetində keçirilən zona fənn olimpiadasında iştirak edən IX sinif şagirdi İzzət Abdullayev riyaziyyat fənni üzrə III, coğrafiya fənni üzrə Nihad Nurəliyev II yeri qazanıblar. VIIa sinif şagirdi Ramiz Aslanov 4 iyun tarixində Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı üzrə XI olimpiadasının yekun tədbirində iştirak edərək diplom və hədiyyələrlə təltif olunub. Azərbaycan üzrə 1-ci Bilik yarışmasında X sinif şagirdi Məhəmməd Şəfəqqətov “Sertifikat”la təltif olunub.

 

Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov qeyd edib ki, şəhər 1 nömrəli tam orta məktəbin Xr sinif şagirdi Zeynəb Məmmədova, VIIa sinif şagirdi Ramiz Aslanov, VIa sinif şagirdi Leyli Dədəyeva Astara RTŞ tərəfindən “İlin şagirdi” adına layiq görülərək Fəxri fərmanla təltif olunublar. Məktəbin VIa sinif şagirdi Elmir Məmmədov, VIb sinif şagirdi Fəridə Əliyeva V Məktəblilərarası Fənn Müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

 

Məktəbdə müstəqil Azərbaycan dövlətinin qurucusu, qüdrətli dövlət xadimi və dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə şagirdlər arasında bir sıra tədbirlər keçirilib. Ümummilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməsinin 50 illiyi ilə əlaqədar təşkil olunan inşa müsabiqəsində məktəbin VIIIa sinif şagirdi Murad Baxşıyev “Mən fəxr edirəm ki, azərbaycanlıyam”  mövzusunda inşa yazısı ilə iştirak edib.

 

Məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turu keçirilib. Müsabiqədə məktəbin X sinif şagirdi Zeynəb Məmmədova fərqlənərək 1-ci yerə layiq görülüb, ölkə mərhələsində diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Şagirdlərdə hərbi vətənpərvərlik tərbiyəsinin aparılmasına, çağırışaqədərki gənclərin hərbi biliklərə yiyələnməsinə, yeniyetmə şagirdlərin hərbi idman yarışlarında fəal iştirakına da xüsusi əhəmiyyət verilir. Belə ki, cari ilin fevralın 7-də Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar X-XI sinif şagirdləri arasında “Hərbi yarış” keçirilib. 04 mart 2019-cu il tarixində keçirilən “Şahin” hərbi - idman oyunlarının zona mərhələsində məktəbin komandası III yerin qalibi olub. 15 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən  “Gənc yanğınsöndürən xilasedici” yarışında məktəbin komandası birinci yeri tutub.

 

2018-2019-cu tədris ilində Pedaqoji mühazirələrin “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna həsr olunmuş  məktəb turunu da qeyd etmək yerinə düşər. Məktəbin tarix müəllimi  Gülnar Məmmədova və  Azərbaycan dili və ədəbiyyat müəllimi Gülayə Babazadə rayon turunda iştirak etmək hüququ qazanıblar.

 

Məktəbdə təhsilin keyfiyyətini artırmaq da daim diqqətdə saxlanılır. Bu məqsədlə məktəb rəhbərliyi tərəfindən dərs dinlənilir və  nümunəvi dərslər keçirilir. Dərs dinləmələrin müzakirəsi və təhlili aparılıb, müəllimlərə metodiki tövsiyələr verilib.  

 

Təhsildə təlimlə yanaşı tərbiyə  də ön planda olduğundan tədris ili ərzində şagirdlərlə daim tərbiyəvi mövzuda söhbətlər aparılıb, şagirdləri vətənə layiq bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə qarşı məhəbbət hisslərini artırmaq məqsədi ilə vətənpərvərlik ruhunda tədbirlər, seminarlar, “dəyirmi masa”lar keçirilib.

 

Şagirdlərin “Sağlam bədəndə sağlam ruh olar” devizi altında məktəbdənkənar və məktəbdaxili idman yarışlarında da iştirakı təşkil edilib. Cümhuriyyət ilinə həsr olunan ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən yarışlarda məktəbin şagirdləri yüksək nəticələr əldə edib. 

 

Şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışında 12 yaşlı şagirdlər arasında Əli Səlimzadə III yerə layiq görülüb. Astara Olimpiya Kompleksində mini-futbol üzrə rayon birinciliyində   məktəbin komandası  birinci olub.

 

2018/2019-cu dərs ilinin yekunları ilə əlaqədar  məktəbdə aparılan ilkin təhlillər göstərib ki, məktəbin Fəaliyyət planına uyğun olaraq işlər aparılsa da, bəzi hallarda müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və s. sahələrdə müəyyən problemlər var. Onların aradan qaldırılması yeni dərs ilində qarşıda duran ən mühüm vəzifələrdən biridir.

 

Dərs ilinin başa çatması ilə bağlı məktəbdə keçirilən “Əlvida məktəb illəri” adlı tədbirdə bu məsələlər sadalanıb.  Tədbirdə Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Astara RİH-nin məsul işçisi Mirzə Bayramov, RTŞ-nin müdiri Rəşad Həsənov, rayon qəzetinin baş redaktoru Fəridə Ağazadə və məktəbin məzunu olmuş qazi Orxan Əliyev, Əməkdar müəllim Seyran Babayev,  müəllimlər iştirak ediblər.

 

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Məzunlar isə onlara göstərilən etimadı layiqincə doğruldacaqlarına söz veriblər. Təhsil Nazirliyinin nümayəndəsi  isə məktəbin kitabxanasına bədii ədəbiyyat nümunələri hədiyyə edib.

 

R.AĞAYEV