İyulun 10-da duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması (ED VET) layihəsi çərçivəsində görülən işlərə və əldə olunan nailiyyətlərə həsr olunan konfrans keçirilib.

 

Konfransın keçirilməsində məqsəd maraqlı tərəfləri əldə edilən nəticələr, qazanılan təcrübə və öyrənilən dərslər barədə məlumatlandırmaq, eləcə də vacib tərəfdaşların layihənin icrasına davamlı dəstəklərinin təmin edilməsini müzakirə etməkdir.

 

Tədbirdə tərəfdaş təşkilatlar- Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri, peşə təhsili müəssisələrinin rəhbərləri, sahibkarlar və digər şəxlər iştirak edib.

 

Nəzərə çatdıraq ki, dual PTT özəl sektorun peşə təhsili və təlimi prosesində aktiv iştirakına əsaslanır. Təlim prosesində effektivliyi təmin etmək üçün özəl sektor təlimin planlaşdırma, idarə edilməsin, icra olunma və keyfiyyətə nəzarət mərhələlərinə aktiv şəkildə cəlb olunur. Qeyd olunan yanaşma şagirdlərə real iş proseslərindən öyrənmək üçün ən yaxşı imkanları təklif edir.  Layihənin məqsədi  Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

 

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin əhəmiyyətindən söz açıb, tərəfdaş qurumların layihə ilə bağlı rəy və təkliflərinin öyrənilməsinin vacibliyini qeyd edib. O, özəl sektorun bu kimi layihələr maraqlı olduğunu deyib. Bildirib ki,  özəl sektorun bu kimi layihələr qoşulması çox sevindirici haldır. Sahibkarlarla daim əməkdaşlıq etməyə hazır olduqlarını deyən K.Yankauskas müzakirələrin səmərəli keçəcəyinə ümid bəslədiyini diqqətə çatdırıb.

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonia Fontaine də layihə ilə bağlı fikirlərini bildirib. O, pilot layihənin yüksək nəticələr verəcəyinə inandığını deyib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili tədbirdə çıxış edərək son illər ölkəmizdə bu sahə ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. O, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasının qarşıya qoyulan əsas məqsəd olduğunu deyib. Pilot layihənin də bu məqsədə xidmət etdiyini vurğulayan A.Əlili layihə çərçivəsində işəgötürənlərlə birgə əməkdaşlıqdan da bəhs edib.

 

Müzakirələrlə davam edən konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

Niyazi RƏHİMOV