Mütaliə - ən təsirli tərbiyə vasitəsi kimi


Əsrlərdən bəri  yaranıb inkişaf edərək  bəşəriyyətin söz sənəti  xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri olan mütaliə hər bir şəxs üçün əsl həyat məktəbidir.

 

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

 

Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Mütaliə insanı söhbətcil və hazırcavab edir. Mütaliə təfəkkürü dərinləşdirir.

 

Məlumdur ki, mütaliənin əsasını kitablar təşkil edir.

 

Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqəqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik.

 

Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərir. Bizim gündəlik dərsliklərdən aldığımız məlumatlar, əlbəttə ki, bizə kifayət etmir.

 

Mütaliə insanlar üçün fasiləsiz artmaqda olan bir tələbatdır. İnsanların ictimai şüurunun formalaşmasına və təhsil səviyyəsinin artmasına təsir göstərən bir amil kimi mütaliə  insanın dünyagörüşünü artırır.

 

Mütaliə, tədris, təhsil və tərbiyə bir növ vəhdət təşkil edir. Məncə, bu amillər insanın məktəbə ilk qədəm qoyduğu vaxtdan ömrünün sonuna qədər onu izləyir.

 

Mütaliə insan zəkasının inkişafında mühüm rola malikdir. Əgər insan çox mütaliə edərsə onun dünyaya baxışı da çox zəngin olar. Əgər bir cəmiyyətdə oxumağı, yazmağı bacaranların sayı nə qədər çox olarsa, əlbəttə ki, o cəmiyyət daha çox inkişaf edər və hər zaman, hər yerdə öz dəyərləri ilə seçilmiş olar.

 

İnsan cəmiyyətdə sahib olduğu məlumatların yarıdan çoxunu oxumaqla əldə etmiş olur. Mütaliəni çox edən insanlar həm düşüncə, həm  bacarıq, həm də digər baxımdan başqalarından fərqlənirlər. Əgər insan mütaliə nəticəsində nəyisə öyrənirsə o insanda həm inam, həm də yüksək bacarıq formalaşır. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur. Bunun nəticəsində o, gözəl nitq qabiliyyəti qazanır. Ən əsası mütaliə - ən təsirli tərbiyə vasitəsidir. Çox kitab oxumaq insanda tərbiyəvi bir xüsusiyyətdir. Əlbəttə ki, bu, insanlarda kiçik yaşlardan başlayır. Uşaqlar anlamasalar belə valideynlər onların yanında uca səslə kitab oxuduqda onlarda körpə yaşlardan kitaba sevgi, maraq yaradır.

 

Eyni zamanda, onu da qeyd edim ki, insan oxuyacağı kitabı seçərkən də çox diqqətli olmalıdır. Həm də oxuduğunu düzgün dəyərləndirməyi bacarmalıdır.

 

Kitab bizim keçmişimiz və gələcəyimiz arasında bir körpü rolunu oynayır.

 

Bir növ kitab insan həyatını tam dəyişir. Bədii ədəbiyyat dərsliklər kimi insan həyatında təsirsiz ötüşmür. Bir də kitab oxuyarkən səbirli olmağı da bacarmalısan. Mən belə deyərdim ki, texnika nə qədər inkişaf etsə də, nə radio, nə televiziya, nə də internet kitabı əvəz edə bilməz. Kitab oxumaq insanı mənəvi zənginliyə gətirib çıxarır. Həqiqətən də, insan danışmağa başlayarkən elə ilk sözdən, ilk cümlədən onun mənəvi baxımdan nə qədər zəngin olduğu, ümumiyyətlə, kimliyi bəlli olur.

 

Mütaliə mədəniyyətinin inkişafı cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir.

 

Aqillər kitabı bilik, zəka, kamillik vasitəsi hesab edirlər. Bu, səbəbsiz deyil. Çünki insanlar ən yüksək keyfiyyətləri məhz mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir.

 

Ümummilli liderimiz Heydər Əliyev mütaliə mədəniyyətinin inkişafında bizə çox əhəmiyyətli tövsiyələr vermişdir. Dahi şəxsiyyət deyib: “Kitabxana xalq, millət üçün müqəddəs  bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.

 

Ulu Öndərimiz həmişə gənclərə mütaliə etməyi, biliklərini artırmağı tövsiyə etmişdir. Ümummilli lider Heydər Əliyevin bütün elmlərə dərindən yiyələnməyinin hər birimiz dəfələrlə şahidi olmuşuq. Bir sıra xarici jurnalistlərin Ulu Öndərə verdikləri - “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz. Bu qabiliyyət Sizdə haradandır?” - sualına dahi rəhbər belə cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır.

 

Bəli, mütaliə hər baxımdan bizə fayda verir. Əsl təhsil yalnız mütaliə ilə əldə edilir. İnsan bütün ömrü boyu mütaliə etməlidir.

 

Mütaliə etmədən düşüncə formalaşa bilməz. Əgər bizim uşaqlar bu gün kitab oxumasalar onlar həyatda heç vaxt uğur qazana bilməyəcəklər. Mütaliə nəticəsində şagirdlər öz fikirlərini sərbəst ifadə edə bilirlər. Mütaliə şagirdlərdə mədəniyyətin yüksəldilməsinə aparan bir yoldur. Mütaliə biliyi genişləndirməklə bərabər, həm də insana məmnunluq hissləri bəxş edir. İnsan həyatında mütaliənin rolu əvəzolunmazdır.

 

Böyük mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərində mütaliənin əhəmiyyəti haqqında müdrik fikirləri ondan sonra gələn Azərbaycan mütəfəkkirlərinə böyük təsir göztərmişdir. İnsanın ucalığını onun elmi səviyyəsində axtaran Nizami hər hansı bir insanın başqasına üstün gəlməsini qalibin elmi səviyyəsi ilə izah edir:

 

Elmlə, hünərlə! Başqa cür  heç kəs,

Heç kəsə üstünlük eləyə bilməz!

- deyən şair kamilliyin mənbəyini elm və bilik axtarışında görür.

Kitabı, mütaliəni yüksək qiymətləndirən şairin özü böyük mütaliəçi olmuşdur. Dünya ədəbiyyatının incisi sayılan Nizami Gəncəvi “Xəmsə”si onun müəllifinin mütaliəsinin, elmi axtarışlarının nəticəsidir. Şair beş poemasında kifayət qədər əsər adı çəkir ki, bunlar hamısı Nizaminin mütaliə  obyekti  olmuşdur.

 

Dünyada nə qədər kitab var belə,

Çalışıb əlləşib, gətirdim ələ,

Oxudum,oxudum sonra da vardım,

Hər gizli xəzinədən bir dürr çıxardım

- deyən şair özünün mütaliəsinin məzmunu haqda aydın təsəvvür yaradır.

 

Məhz geniş məzmunlu mütaliənin nəticəsidir ki, N.Gəncəvinin əsərlərinin məzmununda müxtəlif elm sahələrinin, mütəxəssislərinin təfəkkürünün qidalanması üçün zəngin material vardır.

 

Kitaba, mütaliəyə yüksək münasibətin tarixi kökləri daha qədimlərə gedib çıxır. XI əsrin I yarısında yaşayıb  yaratmış görkəmli Azərbaycan filosofu Əbül Həsən Bəhmənyar kitab mütaliəsini insan idrakının qidalanmasında ən mühüm məşğuliyyət hesab edir. O, kitab və mütaliə ilə əlaqədar fikrini belə şərh edir: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

 

XIII əsrdə yaşayıb yaratmış Nəsirəddin Tusi isə belə deyirdi: “O adam ki, bilir və bildiyi ilə başqalarını heyran edir, o alimdir, ona ehtiram edin. O adam ki, bilir və bildiyinə güvənmir, o özündən xəbərsizdir, onu tənqid edin. O adam ki, bilmir və öyrənməyə cəhd edir, o zəhmətkeşdir, ona kömək edin. O adam ki, bilmir və öyrənmək də istəmir, o ağılsızdır, ondan uzaq olun”.

 

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli də elmə, biliyə, təhsilə xüsusi əhəmiyyət verən şəxsiyyətlərimizdən biridir. Elmi, biliyi sənətin mayası hesab edən böyük sənətkar öz müasirlərini öyrənməyə, maariflənməyə çağırır. Elmsiz şeir, əsası yox divar olur və əsassız divar qiymətdə bietibar olur - deyir.

 

Ədib elm, bilik dalınca getməyənləri, öyrənməyə meyil etməyənləri, təhsil almağa biganə olanları naqis adlandırır, kamilləşməyin yolunu mütaliə etməkdə, daim öyrənməkdə görür.

 

Azərbaycan xalqının ictimai - mədəni fikir tarixində çoxcəhətli  bilik sahibi kimi tanınan Abbasqulu ağa Bakıxanov da böyük mütaliəçi, həm də elm, bilik təbliğatçısı idi. Bakıxanovun bütün əsərləri geniş mütaliədən xəbər verir. O, elmə yiyələnməyin başlıca yolunu mütaliədə görür.

 

Məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin aşkarlanması, onların qlobal dayanıqlı inkişaf məqsədləri üçün müxtəlif tədbirlər keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bizim Şəki şəhəri 5 nömrəli tam orta məktəbdə də bu tədbirlərin tez-tez keçirilməsi xüsusi səciyyə daşıyır.

 

Belə ki, ötən tədris ilində məktəbimizdə keçirilən tədbirlərdən biri “Beynəlxalq məktəb kitabxanaları günü” olmuşdur. Tədbirdə mütaliənin əsas özəyini təşkil edən  Milli kitabxananın  yaranması tarixindən, inkişafindan çox geniş söhbət açılmışdır.

 

Şagirdlərin ifasında kitablara, mütaliəyə həsr edilən  çoxlu şeirlər, müdriklərin söylədikləri hikmətli kəlamlar səslənmişdir. Bəli, bu, bizim şagirdlərimizin intellektual səviyyələrinin inkişaf etdirilməsində çox böyük rol oynayır.

 

Eyni zamanda, məktəbimizdə tez-tez şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, nitq mədəniyyətinin inkişaf etdirilməsi, dərsdənkənar vaxtlarının səmərəli təşkili məqsədilə “Mütaliə aylığı” keçirilməsi nəzərdə tutulmuşdur.

 

Azərbaycan Respublikası Təhsil nazirinin “Təhsildə keyfiyyət ili” ilə bağlı Fəaliyyət planına daxil edilmiş mahiyyətcə inkişafyönümlü tədbirlər 2018-2019-cu dərs ilində də davam etdirilib. Şagirdlərimizin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi üçün mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı” keçirilmişdir.

 

Ümumiyyətlə, hər bir şagird, hər bir insan öz həyatında mütaliəyə xüsusi yer ayırmalıdır. Çünki mütaliə insanın daxili dünyasına çox böyük mənəvi dəyərlər gətirir.

 

Mütaliə hər bir şagirdin tərbiyə olunmasında, dünyagörüşünün artırılmasında çox böyük rol oynayır.

 

Bir müəllim olaraq biz şagirdlərimizə həmişə çoxlu kitab oxumağı tövsiyə edirik. Belə ki, bu mövzu ilə bağlı məktəbimizdə “Ən çox sevdiyim əsər”, “Ədəbiyyat bizə nə verir”, “Kitabxana bizim bir evimizdir”, “Beynəlxalq məktəb kitabxanaları günü” mövzularında çox sayda müsabiqələr keçirilmişdir.

 

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş şeir müsabiqəsi təşkil olunub.

 

Sevimli şairimiz Bəxtiyar Vahabzadəyə həsr edilmiş inşa müsabiqəsi, “Vətənimiz Azərbaycandır” adlı “dəyirmi masa”, “Ana dili”,  “Ana Vətən”, məşhur pedaqoq, dramaturq, etnoqraf Rəşid bəy Əfəndiyevin həyat və yaradıcığından bəhs edən “Əvəzolunmaz müəllim” adlı tədbirlər keçirilmişdir. Eyni zamanda, “Mütaliə aylığı” ilə bağlı məktəbimizdə “Ədəbiyyat biliciləri” müsabiqəsi, ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, “Azərbaycanın dövlət rəmzləri müstəqilliyimizin təcəssümüdür”; “Qəhrəmanlar unudulmur”, “Azərbaycanın qəhrəman oğulları” adlı inşa müsabiqələri keçirilmişdir. Eyni zamanda, məktəbimizdə “Ən çox kitab oxuyan şagird” müsabiqəsi də təşkil olunmuş və qaliblərimiz “Ən gözəl hədiyyə” kitabı ilə mükafatlandırılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 31-ci ildönümü münasibətilə şagirdlərimiz “Mübariz İbrahimov- vətənpərvərlik nümunəsi” mövzusunda araşdırma-yazı müsabiqəsində iştirak etmişlər.

 

Əlbəttə ki, bütün bunların sayını dəfələrlə artırmaq olar. Heç şübhəsiz ki, bizim bütün bu nailiyyətlərimiz gözəl mütaliənin nəticəsidir.

 

Məşhur filosof Sokrata görə - mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Ona görə də biz mütaliəni sevməli və təkcə sevməli  yox, ona vərdiş etməyi bacarmalıyıq. Ona görə də, “Gəlin oxuyaq,dünyamızı, tariximizi, özümüzü kəşf edək”.

 

Müşahidə etdikdə görərik ki, müasir insan hər şeydə sanki təbii bir güc axtarır və ondan faydalanmağın yollarını öyrənir. Əslində isə biz bilməliyik ki, bizim sağlamlığımız üçün ən faydalı olan məhz kitablardır - mütaliədir.

 

Mütaliə bir mədəniyyətdir. Mütaliə bizim söz ehtiyatımızdır.

 

Bir insan “Bir kitab oxudum həyatım dəyişdi və ya bir  kitab oxudum mənə çox təsir etdi” deyə bilər. Elə bütün bunlar kitabın insan həyatındakı rolunu ifadə etməyə kifayət edir. Biz kitab oxuyuruq. Məsələn, bir roman oxuyuruq, burada yazıçı tərəfindən təsvir olunan obrazları, mühiti və s. öz beynimizdə canlandırırıq. Bu  baxımdan, kitab oxumaq filmə baxmaqdan da fərqlidir. Kitab oxumaq insana motivasiya verir, ruhlandırır, daha müsbət nəticələr əldə etməyə kömək edir. Mütaliə bilmədiyimiz dünyaları bizə açır. Mütaliə imkan yaradır ki, insan öz daxili aləmini tanısın. Kitablara etibar et, onlar sənin ən yaxın dostundur. Onlar lazım olanda susurlar, danışmaq lazım olanda isə sənə bütün dünyanı göstərirlər.

 

Bir sözlə, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər olmayacaq, əksinə, bizə yeniliklər qazandıracaq.

 

Aynurə TEYMUROVA,

Şəki şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi