Olimpiada hərəkatı regionlarımızı da əhatə edəcək


Müasir dövrün təhsil sahəsində ən prioritet trendlərindən biri hərtərəfli, yüksək intellektli, XXI əsr bacarıqlarına sahib insan potensialının yetişdirilməsidir. Çağdaş dövrün innovativ düşüncəli, tədqiqatçılıq qabiliyyətli mütəxəssis potensialı isə məhz təhsil sistemində hazırlanır.

 

Son illər Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən istedadlı gənclərin formalaşmasına münbit zəmin yaradıb. Bu istiqamətdə mühüm addımlardan, şübhəsiz ki, son illərdə ölkəmizdə geniş vüsət almış fənn olimpiadaları, beynəlxalq bilik yarışlarının öz yeri var.

 

Məlum olduğu kimi, ölkə Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil sistemi qarşısında qoyulan ən mühüm vəzifələrdən biri istedadlı şagirdlərin aşkara çıxarılması, onların elmi potensialının, tədqiqatçılıq qabiliyyətlərinin stimullaşdırılmasıdır. Dövlət Strategiyasına müvafiq olaraq son illər Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində respublikamızda bilik yarışlarına, müsabiqələrinə maraq günü-gündən artıb, Olimpiada hərəkatı genişlənib.

 

Bilik yarışlarının keçirilməsində məqsəd istedadlı uşaqları üzə çıxarmaq, onların potensiallarını inkişaf etdirmək, fənlərin öyrənilməsində həmin şagirdlərə şərait yaratmaqdır. Son illərin təcrübəsi göstərir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən bu müsabiqələr şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasında mühüm rola malik olub. Diqqətçəkən məqam odur ki, 4 il əvvəl 35 məktəbdən 300 şagird ilə başlanan fənn müsabiqələri artıq ölkəmizin bütün coğrafiyasını əhatə edib. 2018-2019-cu tədris ilində olimpiadaya 30000-dən çox şagird qatılıb. İstedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılıb.

 

Yeni ideya və təşəbbüslər

 

Bu sahədə yeni ideya və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı “İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Son 5 ildə məhz istedadlı uşaqların istər respublika fənn, istərsə beynəlxalq olimpiadalarda qazandıqları uğurların məntiqi nəticəsi kimi “Təhsil haqqında” Qanuna mühüm dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu təsbit edilib.  Nazirlər Kabineti “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nı təsdiq edib. 2018-2019-cu tədris ilindən başlayaraq respublika fənn olimpiadaları qaliblərinin ölkə ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə, beynəlxalq olimpiada qaliblərinin isə istənilən ixtisas üzrə müsabiqədənkənar qəbulu mümkün olub. Bu qərarlar şagirdlərimizin olimpiadalara daha yüksək səviyyədə hazırlığını stimullaşdıracaq mühüm qərardır. Beynəlxalq olimpiada qalibi olan məktəblilərimizin dünyanın nüfuzlu universitetlərinə dəvət alması da bunu sübut edir. Beynəlxalq olimpiada qaliblərinin Azərbaycanın istənilən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbulu gələcəkdə beynəlxalq olimpiada hərəkatına yüzlərlə şagirdin qatılmasına səbəb olacaq.  Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

 

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində

 

Bu sahədə görülən işlərin sistemliliyini və əhatə dairəsinin genişləndirilməsi məqsədilə, eləcə də məktəblilərimizin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək, olimpiadalara olan marağın artmasına adekvat cavab olaraq Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya, biologiya təmayüllü Respublika liseyləri, eləcə də Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Şagirdlərimizin beynəlxalq olimpiadalardakı zəfər yolu hazırlıq mərkəzlərindən keçir. Artıq 4-cü ildir fəaliyyət göstərən həmin mərkəzlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib. Bu mərkəzlərin yaradılmasında əsas məqsəd aşağı sinif şagirdləri arasından istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, istedadı və hazırlığı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılması, beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlərin müəyyən edilməsi olub. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri olmaqla, ümumilikdə 5 fənn üzrə hazırlıq aparılır. Beynəlxalq olimpiadalara gedəcək şagirdləri imtahanla məhz istedadlı uşaqların arasından seçirlər.

 

Təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkə üzrə istedadlı şagirdlərlə işin genişləndirilməsi məqsədi ilə pilot layihə kimi, 15 rayonun 48 məktəbində 60 xüsusi sinif yaradılıb. Bu siniflərin yaradılmasında əsas məqsəd istedadlı şagirdlərlə məqsədyönlü işlər görməkdən ibarətdir.

 

İstedadlı şagird üçün istedadlı müəllim

 

 

Bu sahədə yeni ideya və təşəbbüslərin dəstəklənməsi məqsədilə ötən ilin dekabrın 15-də Təhsil İnstitutunun təşkilatçılığı ilə “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi keçirilib. Müsabiqədə Bakı şəhəri və ölkəmizin bütün bölgələri əhatə olunmaqla 1500-dən çox müəllim iştirak edib.

 

Riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilən müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi, həmin şagirdlərlə işləyəcək pedaqoji kollektivin müəyyənləşdirilməsi, müəllimlərin müxtəlif layihələrdə iştirakı gerçəkləşdirilməklə, pedaqoji və akademik bacarıqlarının inkişafının təmin edilməsidir. Olimpiadalara hazırlıq mərkəzlərində keyfiyyətli təhsili təmin etmək məqsədi ilə bir çox ali təhsil müəssisələri, özəl sektorla əməkdaşlıq əlaqələri qurulub. Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, AMEA-nın ayrı-ayrı institutları ilə maraqlı layihələr həyata keçirilir, milli və əcnəbi mütəxəssislər mərkəzlərə dəvət edilir, bununla da şagirdlərin onlardan faydalanmasına imkan yaradılır.

 

Bütün bu tədbirlər şagirdlərimzin ölkəmizin olimpiada hərəkatında uğurlu çıxışının təmin olunması məqsədi daşıyır.

 

Qazanılan uğurlar

 

Son illərdə təhsil sahəsində qazanılan uğurlar arasında məhz istedadlı uşaqların istər ümumrespublika miqyasında keçirilən fənn olimpiadalarında, istərsə də beynəlxalq olimpiadalarda qazandıqları uğurlar xüsusi yer tutur. 2014-cü ildən başlayaraq istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb, nəticədə şagirdlərimizin  beynəlxalq olimpiadalarda nəticələri ildən-ilə yaxşılaşıb.

 

Qeyd edək ki, Azərbaycan məktəbliləri hər il aşağıdakı Beynəlxalq fənn olimpiadalarında iştirak edirlər:

1. Beynəlxalq riyaziyyat olimpiadası (IMO);

2. Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO);

3. Avropa qızlar riyaziyyat olimpiadası (EGMO);

4. Beynəlxalq fizika olimpiadası (IPHO);

5. Avropa fizika olimpiadası (EUPHO);

6. Asiya fizika olimpiadası (APHO);

7. Beynəlxalq kimya olimpiadası (ICHO);

8. Beynəlxalq Mendeleyev kimya olimpiadası;

9. Beynəlxalq biologiya olimpiadası (IBO);

10. Beynəlxalq informatika olimpiadası (IOI).

 

Beynəlxalq İnformatika Olimpiadasının (IOI) Azərbaycanda keçirilməsini də ötən tədris ilinin uğurlarından saymaq olar. Dünyanın  80-dən artıq ölkəsindən olan şagirdlərin beynəlxalq yarışına ev sahibliyi etməklə  Azərbaycan dünya  olimpiada ənənələrinə ən yüksək səviyyədə sadiq qaldığını bütün dünyaya sübut etmiş oldu.

 

Medalların statistikası

 

Təhsil Nazirliyi tərəfindən ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların bacarıq və qabiliyyətlərinin  stimullaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, məktəblilərimizin dünyanın mötəbər bilik yarışlarında uğurlu çıxışları davam edir.

 

Təhsil İnstitutunun statistik məlumatlarına əsasən,  Azərbaycan məktəbliləri 2013-2019-cu illər ərzində müxtəlif beynəlxalq olimpiadalarda, ümumilikdə 174 medal qazanıb.

2017-2018-ci tədris ilində şagirdlərimiz beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş və 20 bürünc medal olmaqla, ümumilikdə 29 medal və 7 həvəsləndirici sertifikata layiq görülüblər.

2018-2019-cu tədris ilində dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri öz bilik və bacarıqlarını nümayiş etdirərək 37 medal əldə ediblər.

 

Bunlar sadəcə medalların sayını ifadə edən statistik rəqəmlər deyil. Eyni zamanda, bu, Azərbaycan təhsilinin dünya ölkələri arasında rəqabət qabiliyyətindən, şagirdlərimizin elmi və intellektual potensialından xəbər verir.

 

2019-cu ilin olimpiada uğurlarından danışanda Azərbaycanın Beynəlxalq Riyaziyyat Olimpiadasında 104 ölkə arasında 48-ci yeri tutması xüsusilə qeyd olunmalıdır.  Bakı məktəblisi, 7-ci sinif şagirdi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal əldə edərək həmin olimpiadanın tarixində ən gənc qalib  olub. 36-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz ümumilikdə 5 medal əldə edib, bu nəticə həmin olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə olub.

 

Beləliklə də şagirdlərimiz fizika, biologiya, kimya və riyaziyyat fənləri üzrə iştirak etdikləri bütün elmi yarışlarda uğur qazanaraq Azərbaycan təhsilini, xalqımızın intellektual səviyyəsini layiqincə təmsil ediblər.

 

Yeni lisey siniflərinin yaradılması

 

Azərbaycan təhsilinin keyfiyyətinin beynəlxalq arenada nümayiş etdirməyin yollarından biri də beynəlxalq oimpiadalarda iştirak və orada uğurlu nəticələr əldə etməkdir. Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi məqsədi ilə son illər həyata keçirilən tədbirlər göz önündədir. Respublika fənn olimpiadalarının təşkili və keçirilməsində köklü dəyişikliklərin həyata keçirilməsi, beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzlərinin yaradılması və sistemli işin həyata keçirilməsi nəticəsində şagirdlərin fənn olimpiada və müsabiqələrinə marağı xeyli artıb və bunun məntiqi nəticəsi olaraq son illərdə əldə olunan nailiyyətlərə müsbət təsirini göstərib. Bütün bunlar nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən regionlarda da  bu işin əhatə dairəsinin genişləndirilməsinə qərar verilib.

Belə ki, 2019-2020-ci tədris ilində Gəncə, Şirvan, Şəki və Qubada lisey siniflərinin təşkil olunması nəzərdə tutulub.  Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq. Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə, qəbul imtahanları isə riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılacaq.

 

Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçiləcək. Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.

 

Beləliklə də qeyd etmək olar ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərimizin olimpiada hərəkatında iştirakının stimullaşdırılması, istedadlı şagirdlərin dünya bilik yarışlarında fəal iştirakının təmin olunması, bu sahəyə marağın artırılması istiqamətində aparılan məqsədyönlü, davamlı tədbirlər qarşıdan gələn tədris ilində də şagirdlərimizin beynəlxalq olimpiadalarda daha uğurla iştirak etməsinə zəmin yaradacaq.

 

Oruc MUSTAFAYEV